Onlayn ictimai-siyasi qəzet
Deputat: “Ölkəmizin enerji infrastrukturu, boru kəmərləri BRİCS ölkələri ilə enerji ticarətində yaxından köməklik göstərə bilər”
Ötən ay Azərbaycan daha bir beynəlxalq təşkilata üzv olmaq istəyini ifadə etdi. VI çağırış Milli Məclisin sədri Sahibə Qafarova BRİCS ölkələrinin X Parlament Forumunun plenar iclasında çıxışı zamanı bəyan etdi ki, Azərbaycan BRİCS-in tamhüquqlu üzvü olmaq istəyir: “Azərbaycan xarici siyasətində dialoqu, əməkdaşlığı və həmrəyliyi təşviq edir. Bu, ikitərəfli münasibətlərə və beynəlxalq platformalar çərçivəsində fəaliyyətə, xüsusilə BRİCS-lə əməkdaşlığa aiddir. Azərbaycan artıq BRİCS-ə qoşulmaq arzusunu ifadə edib”.
Onun sözlərinə görə, parlamentlər səviyyəsində əməkdaşlığın inkişafı bu məqsədə nail olmağa kömək edəcək.
Qeyd edək ki, iyulun 3-4-də Azərbaycan Prezidenti İlham Əliyev də BRİCS-in Astana sammitində iştirak edib. Burada Prezident də ölkəmizin BRİCS-ə qəbul olunmasının vacibliyini bəyan eləyib.
Ekspertlər bildirir ki, BRİCS-də təmsil olunmağımız ölkəmizin nəqliyyat, ticarət sahəsində imkanlarını artıracaq. BRİCS-də dünyanın böyük iqtisadiyyatına malik ölkələr cəmləşib. Bu xüsusda, əsasən Çini qeyd etmək olar. BRİCS çərçivəsində Çinlə əməkdaşlıq ölkəmizə mühüm töhfələr verəcək. Azərbaycanın Braziliya və Cənubi Afrika Respublikası ilə də sıx əməkdaşlıq əlaqələri var. Rusiya ilə də əlaqələrimiz daim inkişaf edir. Bu ölkə ilə də bir sıra layihələr həyata keçirilir. BRİCS-ə üzv olmağımız Azərbaycanın nəqliyyat, ticarət və digər sahələrdə imkanlarını artıracaq.
Siyasi müstəvidə isə təşkilata üzvlük Azərbaycana öz maraqları uğrunda mübarizədə BRİCS ölkələrinin daha geniş dəstəyini almağa kömək edəcək. Azərbaycan dünya ölkələri ilə əlaqələrini əməkdaşlıq və tərəfdaşlıq istiqamətində qurur. Bu mənada BRİCS-də təmsil olunmaqla Azərbaycan siyasi müstəvidə də təşkilatda təmsil olunan ölkələr hesabına öz istəklərinə dəstək qazana bilər.
Qeyd edək ki, dünya ölkələrinin bir-biri ilə həm iqtisadi, həm də siyası əlaqələrinin olması və möhkəmləndirilməsi üçün müxtəlif təşkilatlar və qruplar mövcuddur. Bu qruplardan biri isə Braziliya, Rusiya, Çin, Hindistan və Cənubi Afrikanı özündə birləşdirən BRİCS-dir. 2009-cu ildə yaradılan bu təşkilat ilk vaxtlar BRİC, 2011-ci ildən sonra Cənubi Afrikanın (South Africa) qrupa daxil olması nəticəsində BRİCS adlandırılmağa başlandı. BRİCS qrupuna daxil olan ölkələr ən tez inkişaf etmiş böyük ölkələr kimi səciyyələnirlər. Buraya daxil olan ölkələr müxtəlif zənginliklərinə görə seçilir. Braziliya kənd təsərrüfatı resursları, Rusiya dünyada ən böyük mineral resurslar, Hindistan ucuz intellektual resurslar, Çin ucuz əmək resursları, Cənubi Afrika Respublikası isə təbii resursları ilə fərqlənir. Sonralar Argentina, Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi dövlətlər də bu təşkilata daxil oldu. Zaman keçdikcə 23 ölkə təşkilata rəsmi üzv olmaq üçün müraciət edib.
Artıq Azərbaycan və Türkiyənin BRİCS-ə üzv olmaq istəyi bəyan edilib.
Hazırda 59 ölkə BRİCS-ə üzv olmağa maraq göstərir. Bunların içərisində Azərbaycan da öz yerini tutur. Hətta bununla bağlı Azərbaycan Respublikasının Çinlə birgə qəbul etdiyi bir deklarasiyada da bu məsələ öz əksini tapır. Çin Azərbaycanın BRİCS-ə qoşulmaq arzusuna müsbət yanaşaraq bu addımını alqışlayıb. Ötən ay Çində səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan da BRİCS-ə qoşulmaq istəyini bildirib. Hakan Fidan BRİCS-ə qoşulmaq haqqında öz fikrini “Təbii ki, biz BRİCS-ə üzv olmaq istərdik. Görək bu il nəyə nail ola bilirik” sözləri ilə bildirib.
Aydın Hüseynov
Deputat Aydın Hüseynov “Yeni Müsavat”a şərhində bildirib ki, Azərbaycanın BRİCS-ə üzv olmaqda əsas məqsədi iqtisadi, siyasi, nəqliyyat əlaqələrini daha da genişləndirməkdir. BRİCS ölkələri dünyanın nəhəng dövlətləridir. Onların dünya iqtisadiyyatında rolu danılmazdır: “Azərbaycanın bu təşkilata qoşulmaqda ən başlıca məqsədlərindən biri də digər dünya ölkələri ilə ticarət əlaqələrini genişlətməkdir. Danılmaz haldır ki, Azərbaycan Respublikası alternativ enerji mənbələri ilə zəngindir. BRİCS ölkələri ilə enerji sahəsində əməkdaşlıqlar qurmaq bu resursların daha geniş bazarlara çıxmasına səbəb ola bilər. Eyni zamanda Azərbaycanın yerləşdiyi coğrafi mövqe də Avropa və Asiya arasında strateji rol oynayır. Orta dəhlizin Azərbaycandan keçməsi Azərbaycanın BRİCS-ə üzv qəbul edilməsi üçün amillərdən biri rolunu oynaya bilər. Azərbaycan BRİCS-ə üzv olarsa, bu addım onun siyasi və iqtisadi arenada təsir gücünü birə-beş artıracaq. Bunlarla yanaşı, geniş layihələr zamanı BRİCS-in inkişaf bankı kimi Azərbaycan müəyyən maliyyə dəstəyi əldə edə bilər".
Deputat qeyd edib ki, Azərbaycan artıq BRİCS ölkələri ilə yüksək ikitərəfli iqtisadi əlaqələr yaratmağa nail olub. Xüsusilə Rusiya və Çinlə: “Rusiya və Çinlə ticarətlər müasir dövrümüzdə daha da genişlənir, bunun nəticəsidir ki, Azərbaycan Çindən böyük investisiyalar cəlb edir. Rusiya əlaqələrinə nəzər saldıqda isə Rusiya ilə Azərbaycan arasında 2022-ci ildə "Müttəfiqlik, qarşılıqlı fəaliyyət haqqında" Bəyannamə imzalanıb. Bu sənəd ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin genişlənməsində xüsusi rol oynayır. Bu əlaqələr sırasında başda nəqliyyat və enerji istehsalı və ixracatı dayanır. Azərbaycanın enerji infrastrukturu, boru kəmərləri BRİCS ölkələri ilə enerji ticarətində yaxından köməklik göstərə bilər. Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsündə böyük rol oynayır və həmin təşəbbüs çərçivəsində BRİCS ölkələri ilə ticarət əlaqələri inkişaf etdirilir. Azərbaycan həmçinin Cənubi Afrika və Hindistanla da ticarət əlaqələrini genişləndirmək üçün müxtəlif layihələr həyata keçirir. İkitərəfli əlaqələrin genişlənməsi BRİCS-ə üzvlüyümüz üçün imkanları daha da artırır".
Yazını hazırladı: Etibar SEYİDAĞA
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ