Onlayn ictimai-siyasi qəzet
Bakıda tanışını öldürməkdə təqsirləndirilən Elşən Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Müsavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə sənədlər tədqiq olunub və bir sıra məsələlər dəqiqləşdirilib.
Məhkəmə tibbi və narkoloji ekzpertizası nəticəsində təqsirləndirlən şəxsin əvvəllər narkotik istifadəçisi olduğu müəyyən edilib.
Təqsirləndirilən şəxs narkotik istifadəçisi olmadığını bildirib.
Müdafiə tərəfi ekspert Mövsüm Məmmədovun əlavə şahid qismində dindirilməsinə dair vəsatətlə çıxış edib. Zərərçəkmişin hüquqü varisi başqa bir şahidə ehtiyac olmadığını deyib. Məhkəmənin qərarı ilə vəsatət təmin olunmayıb.
Məhkəmı istintaqı yekunlaşıb. Dövlət ittihamçısı çıxış edərək Elşən Nəbiyevin 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Zərərçəkmişin hüquqü varisi təqsirləndirlən şəxsin və onun vəkilinin dediklərini inkar edib. Elşən Nəbiyevə daha ağır cəza verilməsini xahiş edib.
Təsqirləndirilən şəxsin müdafiəçiləri çıxış edib. O, müvvəkilinin cinayətdən əvvəlki və sonrakı davranışlarına diqqət edilməsini istəyib. “Elşən Nəbiyevin hüquq mühafizə orqanlarında heç vaxt adı hallanmayıb və məhkum olmayıb. Lakin zərərçəkmiş şəxs xuliqanlıqla məşğul olub. Əlavə olaraq, zərərçəkmiş və təqsirləndirilən şəxs arasında heç bir ədavət olmayıb” deyə, o, bildirib.
Müdafiə tərəfi yüngülləşdirici amil kimi Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə yox, 124-cü maddəsi ilə qiymətləndirilməsini və cəzanın ona uyğun verilməsini istəyib.
Məhkəmə təqsirləndirilən şəxsə söz verib.
“Mən Etibar Əliyevin heç bıçaqlandığını bilməmişəm. Çünki həmin an, qan izi görünmürdü. Daha sonra stress və həyəcan içində idim. Nə oldu? Necə oldu? Anlaya bilmirdim. Lakin mən onu yerdə qoymamışam, bıçaqlandıqdan sonra ona kömək etdiyim üçün vicdanım rahatdır. Burada qardaşına Allah səbir versin deyirəm. Allah rəhmət etsin. Son sözüm budur” deyə, Elşən Nəbiyev bildirib.
Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, Elşən Nəbiyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə 2023-cü ilin dekabrın 27-də baş verib. Paytaxtın Nərimanov rayonu, Uluqbəy küçəsində 1990-cı il təvəllüdlü Etibar Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Təqsirləndirilən şəxs Elşən Nəbiyevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
İnarə Hünbət,
Musavat.com
04 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ