İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaloşa QAYIDIŞ

Şəkərli xəstələrin sayının azalmasının saxta əlillərin aşkara çıxarılması ilə əlaqəsini ehtimal etmişdim, elə yazını hazırladığım gün prokurorluğun məlumatı yayıldı: Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Respublika Endokrinoloji Mərkəzdə yoxlamalara başlayıb. Mərkəzin direktoru, direktor müavini, bir neçə həkim və sairə yoldaşlar barəsində cinayət işi açılıb. Sitat: “Xəstələrdən kütləvi şəkildə rüşvət tələb etmə, xəstə qəbulu prosesində nöqsanlar, qanunsuz reseptlərin yazılması, insulin və digər diabetik dərman preparatlarının pul müqabilində satılması kimi neqativ hallar müəyyən edilib. Mərkəzin həkimləri sağlam şəxslərə ağır diabet diaqnozu qoyaraq onlara arayışları yüksək məbləğ müqabilində satıblar”. Sitatın sonu. Mənim ehtimalım elə son cümlədə ifadə edilib.

Ümumiyyətlə, son dövrlər prokurorluq orqanları xalqın keşiyində ayıq-sayıq dayanmışlar. Bütün oğrular, qaçaqmalçılar, xarici qara qüvvələr tutulur, şanlı prokurorlarımızın iti gözündən yayınmır. Təsadüfi deyildir ki, prokurorların şəffaf faəliyyəti kinoçəkənlərin gözündən yayınmır, məsələn, mən ən azı bir serialda – İTV-də nümayiş edilən “Əqrəb mövsümü” filmində müsbət prokuror obrazına rast gəldim.

Bunlar hamısı ictimai-siyasi proseslərin incəsənətdə əksini tapmasıdır. Təzəlikcə bir elan gördüm, ölkəmizin əsas kitab nəşriyyatlarından biri sovet yazıçısı Süleyman Rəhimovun “Mehman” povestini təkrar nəşr edib, onun hətta təqdimat mərasimini düzəltmişdi. Mən sovet məktəblisi olaraq “Mehman”ı oxuyub ondan inşa yazmağa məcbur qalan bədbəxtlərdən biri idim, o üzdən bu povest haqda heç yaxşı xatirələrim yoxdur. Bir az da dərinə getsəm, həyatımda yüzlərlə kitab oxumuşam, onların içində saxtalığına, süniliyinə, uydurma obrazlarına görə “Mehman” 1-ci yeri tutur. Özünüz baxın, bu povestdə guya qanunun keşiyində duran və rüşvətxorluğa pis baxan prokuror obrazı yaradılmışdı. Üstəlik, Stalinin dövründə. “Mehman” povestini Rəhimov ilk dəfə 1944-cü ildə dərc etdirib. O dövrdə ki, sovet prokurorları başkəsən, repressiv “Üçlük” məhkəmələrində yüz minlərlə günahsız insanı udan “üçbucağ”ın bir təpəsində dururdular. (Həmin üçlük, rusca “troyka” məhkəməsi prokuror, çekist və yerli partkomdan ibarət olurdu. Vəkil-zad ümumiyyətlə nəzərdə tutulmurdu. Bəlkə də bu mənada Stalin bir çox tarixi həmkar və davamçılarından daha səmimi insan idi. Oyun oynamadığını açıq göstərirdi).

Bəs indi, müstəqilliyimizin 34-cü ildönümündə nəşriyyatları sovet sosrealizm zir-zibilinə müraciət etməyə nə vadar edir? Yəqin ki, gündəm. Əhval-ruhiyyə. Cəmiyyətin ab-havası. İşarə vururlar ki, bizə bloqçu Mehman yox, prokuror Mehman lazımdır. Əhsən. Sözgəlişi, əməkdar yazarımız Rafael müəllim də yorulmur, vaxtaşırı 30-cu illər repressiyaları haqda məqalələr guppuldadır, sonra Ədəbiyyat Muzeyinin kölgəliyində mütəkkəyə dirsəklənib armudu stəkanda çay quruldadır. Müşfiqi, Cavidi öldürən rejimə ar olsun. Vallah. Həmin dövrü araşdırmaq çox çətindir. İnsandan yüksək cəsarət tələb edir. Məsəl üçün, birdən qara meşin kurtkalı NKVD işçiləri qara maşınla gəlib səni apardılar... Heç KDV vergisini vaxtlı-vaxtında ödədiyini də veclərinə almazlar.

Yəqin nəşriyyat Rəsul müəllimin “Lenin” poemasını da təkrar nəşr edib oxucularımızın ixtiyarına verər. Gözləyirik.

Hərtərəfli şəkildə proseslər üst-üstə düşməkdədir. Tramp Amerikanın “Azadlıq” və “Amerikanın səsi” radiolarının pulunu kəsmək qərarı verib. Bir zamanlar Sovet hökuməti bu radiolara qulaq asanları tutub basırdı. Camaat məcbur idi gizli dinləsin. Onu da önləyirdilər, radio dalğalarını müxtəlif qurğularla vururdular. İndi isə ABŞ prezidenti özü bunları vurub.

Bizim millət olaraq əlimizdə Məhəmməd Əmin Rəsulzadənin yeganə canlı səs yazısı qalıb, onu da 1953-cü il mayın 28-də məhz “Amerikanın səsi” lentə almışdı. İndiki Trampın məntiqiylə yanaşsaq, səhv ediblər, gərək “Mehman” povesti münasibətiylə Süleyman müəllimdən intervü alaydılar.

P.S. “Mehman” povesti əsasında SSRİ-də “Qanun naminə” adlı mənasız, saxta bir kino da çəkilmişdi. Bəlkə baxmısınız, prokurorun acgöz arvadı rolunu Flora xanım oynayır. Müstəqillik dövrümüzdə o film uzun illər TV-də göstərilmədi. Belə deyirdilər ki, filmdə və povestdəki mənfi obrazlardan birinin – Qaloşun prototipinin nəvəsi həmin vaxt AzTV-nin müdiri işləyirmiş.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Mart 2025

BÜTÜN XƏBƏRLƏR