İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadınların maaşı kişilərdən niyə azdır? - ayrı-seçkilik, yoxsa...

Bu fərqin səbəblərini anlamaq üçün müxtəlif yanaşmalar mövcuddur - ekspert rəyi

Azərbaycanda qadın və kişi əməkhaqqı arasındakı fərq hələ də mövcud olan əhəmiyyətli sosial məsələlərdən biridir. Son rəsmi statistikaya görə, muzdla işləyən qadınların orta aylıq əməkhaqqı 735 manat, kişilərin isə 1 069 manat olub. Bu, kişilərin qadınlardan 31 faiz daha çox maaş aldıqlarını göstərir.

Hətta bəzi sahələrdə bu fərq daha da böyükdür; məsələn, peşə, elm və texniki fəaliyyət sahələrində qadınların maaşı kişilərə nisbətən iki dəfə azdır. Ən az fərq isə təhsil sahəsindədir, burada kişilər qadınlardan 14 faiz daha çox maaş alırlar. Bu vəziyyət sual doğurur: Əgər maaşlar cinsə görə müəyyən olunmur və bu fərqlər təbii olaraq yaranmamalıdırsa, niyə kişilər qadınlardan daha yüksək maaş alırlar? Bu, gender bərabərliyinin pozulması, yoxsa işin çətinliyi ilə bağlıdır?

Bu fərqin səbəblərini anlamaq üçün müxtəlif yanaşmalar mövcuddur. Bir tərəfdən, bu fərq gender ayrı-seçkiliyi ilə əlaqələndirilə bilər. Cinsiyyətə görə maaş fərqi, iş yerindəki diskriminasiyanın nəticəsi ola bilər. Bəzən qadınların işləri daha az qiymətləndirilir, ya da onların qarşısına daha az imkanlar çıxarılır. Qadınlar adətən daha az rəhbərlik mövqelərində olur və bu da onların gəlirlərini məhdudlaşdırır. Eyni zamanda, müəyyən sahələrdə iş şəraiti qadınların işə cəlb edilməsini çətinləşdirir. Məsələn, bəzi peşələrdə fiziki güc və ağır iş şəraiti tələb olunur ki, bu da qadınların iş gücünə qatılmalarını çətinləşdirir.

Digər tərəfdən, maaş fərqinin yaranmasında sosial və mədəni faktorlar da rol oynaya bilər. Azərbaycanda ənənəvi olaraq, kişilər daha çox gəlir gətirən sahələrdə işləyirlər, qadınlar isə çox zaman ailə və uşaqlarına qulluq etməyə üstünlük verirlər. Bu, iş bazarındakı gender stereotiplərinin və sosial gözləntilərin təsiridir.

Bu məsələni daha geniş kontekstdə nəzərdən keçirək: Dünyada bir çox ölkələrdə qadın və kişi əməkhaqqı arasındakı fərq var, amma bu fərqin səviyyəsi müxtəlif ölkələrdə fərqlənir. Məsələn, İskandinav ölkələri, xüsusilə İslandiya və Norveç, gender bərabərliyində öncülük edir və maaş fərqlərini azaltmağa çalışırlar. Lakin inkişaf etmiş ölkələrdə belə, bu fərq tamamilə aradan qaldırılmayıb. ABŞ, Böyük Britaniya və digər Avropa ölkələrində də gender əməkhaqqı fərqi mövcuddur, amma burada qanunvericilik və sosial siyasət qadın və kişilər arasındakı maaş fərqini azaltmağa yönəlib.

Azərbaycanın əmək bazarında da bu fərqi aradan qaldırmaq üçün müəyyən addımlar atılmaqdadır. Məsələn, 2023-cü ildə Nazirlər Kabineti tərəfindən təsdiq edilən qərar ilə qadınların işləyə bilmədiyi peşə və iş yerlərinin sayı 674-dən 204-ə endirilib. Bu addım qadınların iş gücünə daha geniş şəkildə qatılmalarını təmin etməyə yönəlmişdir. Lakin bu qadağa yalnız hamilə qadınlar və ya bir yaşınadək uşağı olanlar üçün tətbiq edilir.

Gender bərabərliyinin təmin edilməsi və maaş fərqinin aradan qaldırılması üçün daha çox təhsil, qanunvericilik və sosial dəstək lazım olacaq. Əməkhaqqı fərqinin tamamilə aradan qaldırılması, cəmiyyətdə gender bərabərliyini gücləndirəcək və daha inklüziv və ədalətli bir iş bazarı yaradacaqdır. Bu məqsədlə, həm dövlətin, həm də cəmiyyətin birgə səyləri böyük əhəmiyyət kəsb edir.

Multikulturalizm Azərbaycanın sərvətidir”

Üzeyir Şəfiyev

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a bunları deyib: “Bununla bağlı məsələ zaman-zaman müzakirə olunur. Lakin bəzən nədənsə bu müzakirələrə populist yanaşanlar olur. Halbuki bilməliyik ki, qadınlarla kişilər bərabər hüquqlara malikdirlər. Lakin elə iş sahələri var ki, ağır iş sahələri olduğuna görə burada kişilər çalışır və istər-istəməz əməkhaqqı da yüngül iş sahələrinə nisbətən daha yüksək məbləğdə olur. Qadınların isə səhhəti, reproduktiv sağlamlığına təhdid yaratdığı üçün bəzi iş sahələrində işləməsi qadağandır və bu onların xeyrinə olan məsələdir.

Bu baxımdan bir neçə il əvvələ qədər qadınların işləyə bilmədiyi peşə və iş yerlərinin sayı 674 idi. Artıq iki ildir ki, bu say 204-ə endirilib. Beləliklə də qadınlar artıq kişilərin çalışdığı sahələrdə çalışa bilirlər. Yəni elmi-texniki tərəqqi imkan verdi ki, ağır iş sahələrində də qadınlar işləyə bilsinlər. Bu baxımdan qadınların əməkhaqqında analoji artım baş verdi. Lakin qeyd etdiyim kimi, bu məhz qadınların xeyrinə olan qadağa idi ki, qadınların metallurgiya, radioaktiv sahələrdə və yaxud qazıntı işləri sahəsində işləməsi fiziki imkanları xaricində olduğuna görə və eyni zamanda reproduktiv sağlamlığa təhdid yaratdığı üçün qadınların xeyrinə müsbət yanaşma idi.

Yəni qadınlarla kişilərin əməkhaqları arasındakı fərqlər məhz işin çətinliyi kontekstində izah olunmalıdır. Digər sahələrdə eyni akt altında çalışırlarsa, dərəcə göstəriciləri eynidirsə, qadın və kişilərin əməkhaqqında heç bir fərq, diskriminasiya olmur. Bu məsələ Əmək Məcəlləsi ilə tənzimlənir. Sadəcə işin çətinliyi, vəzifə və dərəcədən asılı olaraq maaş fərqləri ola bilər.

Gender bərabərliyi kontekstində bu yanaşma ilə bağlı əsaslandırmalar yersizdir. Ədalət naminə deyək ki, Azərbaycanda gender bərabərliyi yüksək səviyyədə təmin olunub. Azərbaycan azsaylı ölkələrdəndir ki, Ailə, Qadın və Uşaq Komitəsi var. Ölkəmiz qadın hüquqları ilə bağlı beynəlxalq konvensiyaya da qoşulub, öhdəliklər götürüb və yüksək səviyyədə bu öhdəlikləri yerinə yetirir.

Bu baxımdan Azərbaycanda qadınlara qarşı olan münasibət digər ölkələrə nümunə ola bilər. Qadınlarımız qərar qəbul etmə sistemində çalışırlar, parlamentdə qadın millət vəkillərinin sayı xeyli artıb, parlamentin spikeri də qadındır. Həmçinin Birinci vitse-prezident xanımdır, komitə sədrləri olan xanımlarımız var. İcra strukturlarında birinci şəxslər səviyyəsində qadınların təmsilçiliyi kifayət qədərdir".

Yazını hazırlaıd: Xalidə GƏRAY

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR