Onlayn ictimai-siyasi qəzet
Bu göstərici üzrə sonuncuyuq; hüquqşünas: “Təkcə bu sahələrdə deyil, bir çox peşələrdə qadınların sayı nəzərəçarpacaq dərəcədə azdır”
Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa komissiyası Avropa məhkəmə sistemlərinin qiymətləndirilməsinə dair hesabatı açıqlayıb. Araşdırma Avropa Şurasının 44 üzv dövlətini və Komissiyanın iki müşahidəçi-dövlətini - İsrail və Mərakeşi əhatə edir.
İki ildən bir hazırlanan hesabatda məqsəd Avropada və onun hüdudlarından kənarda ədalətin mövcudluğunun daha yaxşı başa düşülməsi üçün ədalət mühakiməsi sahəsində siyasətçilərə və mütəxəssislərə praktiki və ətraflı vasitə təqdim etməkdir.
Araşdırmaya görə, Avropa ölkələrində 1 nəfərə düşən orta ədalət mühakiməsi xərcləri 85,4 avro təşkil edib (2020-ci ildə 78,09 avro olub). Bu parametr üzrə ən yaxşı göstəricilər İsveçrə (245 avro), Monako (217 avro) və Lüksemburqda (193 avro) olub. Autsayderlər arasında Türkiyə (15,6 avro), Albaniya (15,8 avro), Ermənistan (17 avro) və Azərbaycan (17,7 avro) yer alıb.
Avropa ölkələrində ədliyyə sisteminə xərclərin üçdə ikisi məhkəmələrə, dörddə biri prokurorluğa, qalan hissəsi isə vətəndaşlara yönəldilib. 2020-ci illə müqayisədə prokurorluq xərcləri orta hesabla 12 faiz artıb. Eyni zamanda, ən çox artım Kipr (194 faiz), Azərbaycan (104 faiz) və Gürcüstanda (46 faiz) olub. Azərbaycanda hər 100 min nəfərə 461 hüquqi yardım göstərilib. Bu, Avropanın ən aşağı 6 göstəricisindən biridir.
Avropada hər 100 min nəfərə orta hesabla 22 hakim düşür. İngiltərə və Uelsdə hər 100 min nəfərə 3 hakim düşür. Ən yüksək göstərici Monakodadır, 100 min nəfərə 102 hakim düşür. Azərbaycanda 100 min nəfərə 5,4 hakim düşür. Avropada hakimlərin orta hesabla 57 faizi qadındır. Azərbaycanda hakimlərin yalnız 20 faizi qadındır ki, bu da Avropada ən aşağı göstəricidir.
Vəkillərin sayına gəlincə, Avropada orta hesabla 100 min nəfərə 180 müdafiəçi düşür. Ən yüksək göstərici Kiprdədir - 100 min nəfərə 505. Son illərdə Azərbaycanda vəkillərin sayının xeyli artmasına baxmayaraq, hər 100 min nəfərə cəmi 23 vəkil düşür ki, bu da Avropa üçün aşağı göstərici sayılır.
Azərbaycanda qadınlar niyə hakim və ya vəkil peşəsinə qarşı çox həvəsli deyillər?
Mövzu ilə bağlı Musavat.com-a danışan vəkil Sadiq Əfəndiyev deyir ki, Azərbaycanda təkcə hakim və vəkil peşələrində deyil, bir çox peşə sahələrində də qadınların sayı nəzərəçarpacaq dərəcədə azdır. Bu sahələrə kənd təsərrüfatını, tikinti və bu kimi digər sahələri də misal göstərə bilərik.
“Ölkəmizdə gender bərabərliyinin təmin edilməsi üçün bir sıra tədbirlər görülüb, o cümlədən normativ hüquqi baza formalaşdırılıb. Hələ 2006-cı ildə Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında qanun qəbul edilib. Bir sözlə qadınların kişilərlə birlikdə fəaliyyət göstərməsi və inkişafı üçün geniş imkanlar yaradılıb. Qanunverilciliklə qadınlara nəinki kişilərlə bərabər imkanlar yaradılıb, eləcə də qadınların ana və zərif cinsin nümayəndəsi olması nəzərə alınaraq onlar üçün bir sıra güzəştlər də nəzərdə tutulub.
Ona görə də hesab edirəm ki, qadınların bəzi peşə sahələrində az olmasının səbəbləri onların ayrı-seçkiliyə məruz qalması ilə yox, cəmiyyətimizin ənənəvi görüşlərilə bağlıdır. Belə ki, elə peşə sahələri var ki, məsələn, hüquqmühafizə və məhkəmə orqanlarına aid peşələr cəmiyyətimizdə ənənəvi olaraq kişi peşələri kimi qəbul edilib. Bununla belə tibb və təhsil sahəsində, xüsusilə də pedaqoji sahədə qadınlar kişilərlə müqayisədə çoxluq təşkil edirlər.
O da nəzərə alınmalıdır ki, son zamanlar dövlətin apardığı gender siyasəti nəticəsində qadınların azlıq təşkil etdiyi peşə sahələrində o, cümlədən hakimlik peşəsində, eləcə də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dövlətin gender siyasətinə uyğun həyata keçirdiyi tədbirlər nəticəsində vəkillik peşəsində qadınların sayı əvvəlki illərlə müqayisədə artıb".
Psixoloq Günel İsmayıllı isə deyir ki, cəmiyyətimizdə bir yeniyetmənin gələcəyi ilə bağlı ixtisas seçimi azad deyil. Bu bütöv bir ailənin qərarından asılıdır.
“Biz övladımızı özümüzdən ayrı görə bilmirik. Onu müstəqil bir fərd, şəxs kimi qəbul etmirik. Övladlarımıza şəxsi mülkümüz kimi yanaşırıq. ”Mənim övladımdır" deyib onun barəsində istənilən qərarı verə bilərik deyə düşünürük. Ona görə də uşaqların reallaşması, arzu və maraqlarını müəyyənəşdirməsi, hansı sahəyə aid olması, orada özünü tapması üçün şans verilmir. Bu azadlığı övladlarımıza verməyimiz üçün ilk övbədə uşaqla valideyn arasında bir məsafə olmalıdır. “Onlar uşaqdır, onlar doğru ilə yanlışı bilmir” kimi düşüncə qəlibləri ilə övladlarımızın həyatına müdaxilə edə bilmərik. Əslində isə uşağın həyatında özünü reallaşdırma, özünü tapma mərhələləri var. Biz uşağa o azadlığı yaşamağa, təcrübədən keçirməyə icazə versək, onun suallarını dinləyib anlayış göstərsək, kim olmaq istəməsi ilə maraqlansaq, cəmiyyət olaraq daha gözəl inkişafa çatarıq.Təəssüf ki, bu, Azərbaycanda çox aşağı səviyyədədir. Əksər böyüklər uşağın həyatının mərkəzindədir, onun qərarlarına birbaşa müdaxilə edir, yalnız valideynlərin ağıllı düşündüyünü, doğrunu-yanlışı bildiyini göstərir. Öz arzu və xəyallarını reallaşdıra bilməyən valideynlər uşağı öz maraqlarının qurbanı seçirlər. İnsan öz övladına ən çox zərər vuran şəxsdir. Uşaqlar ən böyük travmaları ilk növbədə valideynlərindən və daha sonra məllimlərindən alır. Çünki ən çox emosional bağ, duyğusal tərəf kiminlə çox zaman keçirirsənsə, onunla əlaqəli olur. Bu müsbət də, mənfi də ola bilər. Odur ki, bizim cəmiyyətdə qız uşağı ilə bağlı peşə seçimində ya müəllimliyə, ya da həkimliyə üstünlük verilir. Lakin hər bir insanın öz bacarıqları, daxili potensialı var. Valideyn uşağın şəxsiyyət olaraq formalaşmasında daha doğru şəkildə iştirak etsə, qızların da ağla gəlməyən peşələrdə belə fəaliyyəti əlbəttə ki, mümkündür. Əsas odur ki, biz valideyn olaraq uşağa seçim azadlığı verək.Valideyn uşağın təbiətinə zidd getməməlidir. Əksinə ona uyğunlaşmalı və dəstəkçi olmalıdır. Belə olan halda qadın vəkil, hakim, kosmonavt, lap pilot da ola bilər".
Sosioloq Üzeyir Şəfiyev bildirir ki, Azərbaycanda uzun müddət ənənəvi cəmiyyət olub. Ənənəvi cəmiyyətin isə qayda və normaları insanları yönləndirir. Bu isə öz növbəsində ailə institutlarına da təsir göstərib.
“Burada gender aspekti də nəzərə alınmalıdır. Yəni ailələrdə uzun müddət mental dəyərlər konteksindən yanaşmalar olub. Bəzən bu mental dəyərlər sterotiplər şəkilində təzahür edib. Məsələn, hansı peşələrin qadınlara uyğun olub-olmaması müəyyən edilib. Ağır, çətin, radiyasiya işlərində qadınların çalışması məqbul sayılmayıb. Hətta bu hüquq müstəvisində yasaqlanıb. 204-dən çox iş sahəsi var ki, orada qadınların işləməsi qadağandır. Bu qadınların xeyinə olan pozitiv diskriminasiyadır. Onların sağlamlığı nəzərə alınır. Hətta bu rəqəm əvvəllər 630-a çatırdı, son bir il ərzində azaldıldı.
Qadınlar daha çox tərbiyəçi, həkim kimi sahələrə yönəldilir. Hüquq-mühafizə isə qadınların yönləndirildiyi sahə hesab olunmurdu. Azərbaycan müstəqillik qazandıqdan sonra bir sıra dəyərlər dəyişdi və istənilən əmək bazarında qadınların işləmək imkanı yaradıldı. Film və seriallar, digər ölkələrə gediş-gəliş, qlobal dünyaya açılış sayəsində artıq qadınlarımız gördülər ki, ənənəvi olmayan sahələrdə də bacarıqlarını göstərə bilərlər. 2015-ci ildə hakim və vəkil kimi çalışan qadınların statistikasına baxsaq, görərik ki, bu, 12 faiz idisə, 2022-ci ildə 18 faizə qalxıb. Son statistika isə 20 faizin üzərində olduğunu göstərir. Hüquq-mühafizə sistemində, prokurorluq orqanlarında çalışan qadınların sayında artım dinamikası müşahidə edilir. Rəsmi statistikaya görə 400-dən çox qadın vəkil kimi çalışırlar. Bütövlükdə vəkillərin sayı Azərbaycanda azdır. İllər üzrə statistik təhlil göstərir ki, artıq bu sahəyə müraciət edən qadınların sayı artır".
Şahanə RƏHİMLİ,
"Yeni Müsava"
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ