Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Yasamal Rayon Məhkəməsinin inzibati binasında Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin məhkəmə prosesi başlayıb.
Musavat.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Daha sonra ittihama münasibət bildirən V.Xaçatryan özünü ittihamlarda təqsirli bilməyib.
İş üzrə zərərçəkmiş şəxs İlham Kazımov məhkəmədə ifadə verərək bildirib ki, Vaqif Xaçatryanı şəxsən tanıyır:
"Meşəli kəndinə hücum zamanı orada olmuşam. Bizi ermənilər mühasirəyə aldılar. Körpə uşaqdan tutmuş böyüyə qədər 25 nəfər öldürdülər. 14 nəfər yaralandı. Onlardan biri də mən. Atam da şəhid oldu. Çünki ovçu idi atam. Vaqifgil bilirdilər ki, atamın atdığı güllə boşa çıxmayıb. O vaxt bizim kənd sakini Nübar Qasımova gəlib dedi ki, bizi Vaqifin dəstəsi qırdı. Mən onun ömürlük həbsini istəyirəm. Meşəli soyqırımında Badara ermənilərinin hamısı iştirak edib. Nübar Qasımovanın yoldaşı şəhid oldu, özü də ayağından yaralandı. Badarada bundan başqa Vaqif olmayıb. Badarada Vaqif Xaçatryan bir bu idi".
Zərərçəkən şəxs qeyd edib ki, Meşəlini ermənilər "Alazan" raketi ilə vurublar:
"Səhər 7-nin yarısı idi. Kəndin aşağısında 3 güllə atıldı. Ondan sonra başımıza güllə yağdırdılar. Kəndin Laçına tərəf hissəsi tutulmamışdı. Kəndin bir hissəsi qaçıb canını qurtara bildi, amma əsir götürülənləri öldürdülər. Bu, indi burda özünü artistliyə qoyub. Onların komandiri bu olub. Vaqifə ömürlük həbs cəzası verilsin".
Daha sonra zərərçəkmiş şəxs Rəcəbov Şahvələd Kamal oğlu dindirilib.
O qeyd edib ki, Badara ilə Meşəli qonşu kənddir:
"Əvvəllər normal idi hər şey. 1988-ci ildən sonra bunlar çöndülər. Bizim yolumuz bunların kəndlərindən keçir. Hadisə günü yuxudan durdum ki, kəndi güllə yağmuruna tutublar. Şöbəyə getdim, kəndi müdafiə etmək istədik. Lakin baxdım ki, şəhidlərimiz var. Sağ budumdan mən də güllə yarası aldım, sonra tərpənə bilmədim. Kənddə uşaq, qadın, qoca demədən hamıya qarşı vəhşilik edirdi. Yoldaşım da uşaqlarla qarlı havada oradan çox çətin çıxa bildi. Mən yaralı olaraq meşəyə çıxdım, gördüm ki, ailəm orada qalıb. Yoldaşım donvurmadan əlil oldu. Sonra bizi helikopterlə Ağdama gətirdilər. Bu Vaqif Meşəli hadisələrində döyüşlərə rəhbərlik edib, azərbaycanlılara qan uddurub. Bu adam ömürlük həbs olunmalıdır. Biz bunu tələb edirik".
Zərərçəkən Salmanov Eldar Rəfi oğlu isə bildirib ki, Vaqif Xaçatryan və dəstəsi onun ailə üzvlərinə, yaxınlarına amansız divan tutub:
"Vaqif Xaçatryan məni və atamı yaxşı tanıyırdı. Evimizdə də olmuşdu. Kəndimizdə qadınları, qızları bir evə yığıb, od vurdular. Onların çığırtısına isə Vaqif və dəstəsi oynayır, rəqs edirdilər. Dünyanın heç bir yerində belə zülm, vəhşilik olmayıb".
Xatırladaq ki, iş üzrə Xocalı rayon İcra Hakimiyyəti və 59 nəfər zərərçəkmiş qismində tanınıb.
Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
Vaqif Xaçatryanın üzv olduğu cinayətkar dəstə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıb.
Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı - hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.
Xalidə Gəray
VİDEO müəllifindir
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ