İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi: “Qrupdan çıxmaq istəyirik”

“Turnir başlayanda qrupdan çıxmağı qarşımıza məqsəd qoymuşuq. Sabahkı oyunda da meydana qələbə üçün çıxacağıq”.

Bunu “Report”a açıqlamasında qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Millətlər Liqasında Monteneqroya qarşı keçirəcəkləri oyunla bağlı danışarkən deyib.

36 yaşlı mütəxəssis səfərdə 0:1 hesabı ilə üstələdikləri rəqibə doğma meydanda da qalib gəlmək istədiklərini bildirib:

“Qrupumuzun çətin və ən yaxşı rəqiblərindən biridir. Komandamızda problem yoxdur, tam heyətlə matça hazırlaşırıq. Bir az yorğunluq var idi. Farer adaları ilə səfər qarşılaşması ağır keçdi, yol da bir az uzun oldu. Sabaha qədər bu da aradan qaldırılacaq. Sevindirici haldır ki, futbolçular milliyə hazır gəliblər. Hamısı çıxış etdikləri ölkələrdə, öz klublarında oyunlara çıxırlar. Belə olan halda yığmada çox yaxşı təsir bağışlayırlar”.

Əsgərov oyunçuların gənc olduqlarını vurğulayıb:

“Daha əvvəl Avropa və dünya çempionatlarının seçmə mərhələlərində iştirak etmişik. Bunlar çətin keçmişdi. Yarışları müvafiq olaraq üç və yeddi xalla başa vurduq. Bizim kimi yığmalar üçün özümüzü göstərmək baxımından Millətlər Liqası bir stimuldur. Qarşımıza məqsəd qoyduq ki, qrupdan çıxmaq lazımdır. Kipr millisi ilə evdəki qarşılaşmada da üstün oyun sərgiləmişdik. Futbol səhvləri sevmir. Amma biz səhv etdik və rəqib hesabı bərabərləşdirdi. Qələbə qolunu vurmaq üçün şanslarımız olsa da, yararlana bilmədik. Bundan sonra iki ağır səfər oyunundan qələbə ilə ayrıldıq. Hazırda qrup lideriyik. Evdə maksimum nəticə qazansaq, qrupdan çıxa bilərik. Sabahkı oyunda qələbə üçün hər şeyi edəcəyik”.

Qeyd edək ki, oktyabrın 31-də reallaşacaq Azərbaycan - Monteneqro görüşü saat 16:00-da başlayacaq. Milli C Liqasının C3 qrupunda yeddi xalla liderdir. Monteneqro altı xalla ikinci, Kipr dörd xalla üçüncü sırada qərarlaşıb. Sonuncu yerdəki Farer adalarının isə xalı yoxdur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR