İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin xüsusi elçisi Bakıda - Xovayevin qəfil səfərinin sirri...

Xarici işlər naziri Ceyhun Bayramov Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi ilə 10 noyabr sənədini müzakirə edib; ziyarət Bakının haqlı tənqidləri ilə nə dərəcədə bağlıdır?

İyulun 22-də xarici işlər naziri Ceyhun Bayramov Bakıda Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi, Minsk Qrupunun sabiq həmsədri İqor Xovayevi qəbul edib.

“Yeni Müsavat”ın xəbərinə görə, görüşdə bölgədəki cari vəziyyət ətrafında, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi çərçivəsində müxtəlif istiqamətlər üzrə atılan addımlar üzrə fikir mübadiləsi aparılıb. Tərəflər bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatların müddəalarının tam icrasının vacibliyini vurğulayıblar. Bundan əlavə, normallaşma prosesinin irəli aparılması və konkret nəticələrin əldə edilməsi üçün bütün səylərin səfərbər edilməsinin əhəmiyyəti qeyd edilib. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib.

Maraqlıdır ki, xüsusi nümayəndəni Prezident İlham Əliyev qəbul etməyib. Səfər ümumən son vaxtlar rəsmi Bakının Rusiyadan 10 noyabr üçtərəfli sənədinin məlum bəndlərindən (qanunsuz erməni hərbi birləşmələrinin hələ də çıxarılmaması və s.) dolayı açıq narazılıqlarından dərhal sonraya təsadüf edir. Eyni zamanda qəfil olması ilə də diqqəti çəkir. Çünki bu barədə anons verilməmişdi. Ziyarət Bakının haqlı tənqidləri ilə nə dərəcədə bağlı ola bilər(di)? Görəsən, Xovayev hansı mesajı gətirmişdi? Ən önəmlisi, bu görüşlərlə Qarabağdan qanunsuz erməni dəstələrinin çıxarılması sürətlənə bilərmi?

Ümumiyyətlə, Brüssel platforması təsis edilən kimi Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndə təyin etdi. Oxşar addımı Fransa və ABŞ da atıb. Bu alternativlərin heç biri sülh sazişinin bağlanması, icra edilməyən anlaşmaların yerinə yetirilməsində Ermənistana təzyiq göstərilməsinə xidmət göstərməyib.

Azərbaycan Avrasiya İqtisadi İttifaqına qoşulsa... - Qulamhüseyn Əlibəyli

Qulamhüseyn Əlibəyli

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin “Yeni Müsavat”a bildirdiyinə görə, son dövrlər Rusiya rəsmilərinin bəzisinin açıq, bəzisinin qabaqcadan elan edilən səfərləri artıb. Partiya liderinin fikrincə, Rusiya Azərbaycanın Cənubi Qafqazda rolunu qəbul edir və əlaqələri daha da inkişaf etdirməyə çalışır: “Rusiya rəsmi açıqlamalarında üçtərəfli sazişə sadiq olduğunu bildirir. Amma reallıq budur ki, bütün bəndlər icra edildikdə Rusiyanın bölgədə hərbi varlığına ehtiyac qalmayacaq”.

Q.Əlibəyli, bununla belə, hesab edir ki, bu cür səfərlər müsbət haldır, əlaqələrin inkişaf etdirilməsi üçün zəruridir: “Hesab edirəm ki, 10 noyabr sənədinin bəndlərinin icrasına bu səviyyədə səfərlər kiçik miqyasda olsa belə təsir edə bilər. Faktiki olaraq, Ermənistan boş vədlər verir, konkret addımlar atmır, rəsmi Bakı vasitəçi kimi Rusiyaya Ermənistanın prosesi ləngitməsini bildirməkdə haqlıdır. Bütün bunlar gələcəkdə bizə antiterror əməliyyatları üçün hüquqi əsas yarada bilər. Azərbaycan ən yüksək səviyyədə bu məsələni qaldırıb ki, Qarabağda qalan silahlı dəstələr çıxarılmalıdır. Buna Ermənistan və Rusiya razılıq verib. Əgər yerinə yetirməsələr, günbəgün antiterror əməliyyatları üçün zəmin yaranacaq. Azərbaycan Prezidenti də çıxışında erməni silahlılarının bölgəmizdə qaldığını qeyd etdi və düşünürəm ki, bu problem Rusiya qarşısında indi daha ciddi şəkildə qaldırılmaqdadır”.

Siyasi dialoqun davamlılığının tərəfdarıyıq- Fuad Əliyev - "İki sahil"

Fuad Əliyev

ALDP sədri Fuad Əliyevin fikrincə, bu məsələlər Rusiya ilə müzakirə edilərək həllini tapmalıdır: “10 noyabr sənədində imzası olan Rusiyadır. Orada Amerikanın, yaxud Fransanın, Avropa Birliyinin imzası yoxdur. Qərbin vasitəçilik etdiyi görüşlərdə də 10 noyabr razılaşmasına istinad edilir, başqa nüanslar yoxdur. Ona görə tərəflər hansı məsələləri razılaşdırıbsa, hər biri həyata keçməlidir. Biz Rusiyadan Ermənistanı tələsdirməyi və sıxışdırmağı tələb etməliyik. Çünki məhz Putinin vasitəçiliyi ilə atəşkəs bağlandı, döyüşləri dayandırdıq. O zaman Paşinyan yalvarırdı, Ordumuz isə daha çox irəliləyirdi və Rusiya lideri müharibənin dayanması üçün xahiş etdi. Biz qrafik verdik, şərtləri qəbul etdilər, indi əməl etməlidirlər. O baxımdan Xovayevlə görüşdə Azərbaycanı narazı salan məqamların Ceyhun Bayramovun dilindən səsləndirilməsi istisna deyil”.

Partiya sədri Ermənistanı götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün Azərbaycanın məcburetmə əməliyyatlarını real sayır: “İrəvan danışıqları uzatmaq, vaxt udmaq, razılaşmanı pozmaq üçün manevrlər edir. Amma Bakının da səbri tükənir və biz şərtlərin icrasını daha çox gözləmək fikrində deyilik. Ona görə səfərlər sürətlənib, Moskva-Bakı arasında danışıqlar intensivləşib. Azərbaycan Ukrayna müharibəsində tutduğu mövqe ilə də bir daha Moskvaya göstərdi ki, sanksiyalara qoşulmaq, qarşı cəbhədə olmaq niyyətində deyil. Rusiya bu siyasətimizi nəzərə almalıdır və Ermənistana təzyiq göstərməlidir ki, 10 noyabr sənədinin bütün bəndləri icra edilsin”.

Asif Nərimanlı: “Zəngəzur dəhlizi ifadəsinin Bəyənnaməyə salınmasının  strateji hədəfləri var” – JURNALİST ARAŞDIRMA MƏRKƏZİ

Asif Nərimanlı

Siyasi icmalçı Asif Nərimanlının sözlərinə görə, Ermənistan Qarabağda qalan erməni ordusunun qalıqlarının çıxarılma prosesinin başlandığını elan edib: “İrəvanın prosesə indi başlaması, yaxud bunu indi elan etməsinin səbəbi bəllidir. Əliyev bildirdi ki, Rusiya iyunda erməni qoşunların Azərbaycan ərazisindən çıxarılacağı vədini verib, lakin icra edilmir və antiterror əməliyyatının anonsunu verən Prezident addımların da XİN rəhbərlərinin görüşünün nəticəsinə uyğun atılacağını elan etdi. Bayramov-Mirzoyan görüşündə Bakının əsas tələbindən birinin məhz bu olduğu bəllidir. Mirzoyana hərbi müstəvidə atıla biləcək addımlar izah olunub. Tiflis görüşündən sonra İrəvanın 4-cü bəndin icrasına başlaması da Bakının hərbi müstəvidə atacağı addımların qarşısını almağa hesablanıb. Görünür, İrəvanda da, Moskvada da Bakının blef etmədiyini, erməni ordusunun qalıqlarının çıxarılmayacağı təqdirdə antiterror əməliyyatının başlayacağını anlayıblar. Hərçənd bir məsələ açıq olaraq qalır: İrəvan erməni ordusunun qalıqlarının hamısını çıxaracaq, yoxsa?”

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR