Onlayn ictimai-siyasi qəzet
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski hərbi müxbirlərlə görüşündə Ukrayna ordusu təkcə özünü müdafiə ilə məşğul olmadığı, həm də əks-hücum planlaşdırdığını deyib. “Düşməni dayandırmalıyıq. Ancaq Ukrayna Silahlı Qüvvələri yalnız müdafiə üzərində işləsə, qələbə mümkün deyil. Təşəbbüsü ələ keçirməli, əks-hücuma keçməliyik. Biz bunu edə bilərik və edəcəyik. Harada və necə, görəcəksiniz”, - Sırski bildirib.
Sırskinin sözlərinə görə, Pokrovski və Kuraxovski istiqamətlərində çətin vəziyyət yaranıb, lakin “bir həftə əvvəlkindən yaxşıdır”. Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı etiraf edib ki, o vaxt vəziyyət “həqiqətən kritik olub”.
Britaniyanın “Financial Times” qəzeti isə Rusiya-Ukrayna müharibəsində gərginliyin yenidən artdığı bir vaxtda Moskvanın Şimali Koreyadan sonra Yəməndən də əsgərləri cəbhədə döyüşmək üçün cəlb etdiyini iddia edib. Məlumatda Yəmən əsgərlərinin Husilərin dəstəklədiyi təhlükəsizlik şirkətinin himayəsi ilə Rusiyaya getdiyi və onlara yüksək maaşlarla yanaşı Rusiya vətəndaşlığı da vəd edildiyi iddia edilib.
ABŞ-ın Yəmən üzrə xüsusi nümayəndəsi Tim Lenderkinq qəzetə açıqlamasında iddiaları təkzib etməsə də, Rusiyanın İran vasitəsilə Husilərlə əlaqələrini artırmağa çalışdığını və silah transferi ilə bağlı danışıqlar apardığını bildirib.
Ötən ay Rusiyanın Husilərin Qırmızı dənizdəki gəmilərə hücumuna kömək etmək üçün peyk məlumatları təqdim etdiyi bildirilib. Daha əvvəl Şimali Koreya əsgərlərinin Rusiyanın Kursk şəhərində döyüşdüyü və iddiaların ruslar tərəfindən dolayısı ilə qəbul edildiyi bildirilib. Noyabrın 28-də Rusiya müdafiə naziri Andrey Belousov KXDR-ə rəsmi səfərə gedib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Pxenyan şəhərinin ətrafında yerləşən Sunan Beynəlxalq Hava Limanında Koreya Xalq Ordusunun fəxri qarovul dəstəsinin iştirakı ilə Rusiya nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi olub.
Rusiya ümumi səfərlik əvəzinə niyə xaricdən hərbçi gətirməyə üstünlük verir?
Ukraynanın əks-hücumu mümkünmü?
Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a deyib ki, istənilən müharibə aparan dövlət ilk növbədə daxili sabitliyini qorumalıdır: “Ölkədə daxili sabitlik yoxdursa, onun ordusunun dirəniş gücü də olmaz. Üstəlik, Ukraynada savaşmaq rus xalqı üçün ekzistensial təhdid anlamı daşımır. Ukrayna xalqı üçün isə eyni sözləri demək mümkün deyil. Tarixi təcrübələr göstərir ki, ekzistensial təhdidlə üzləşməyən xalqlar qəhrəmancasına döyüşə bilmirlər. Putin də bunu anladığından ölkənin taleyini müəyyənləşdirmək imkanına malik olan ruslara çox toxunmadan səfərbərlik işləri aparır. Yəni müharibələrə adətən müsəlman və türk xalqlarının nümayəndələrini aparır. Rus kökənlilər isə Moskvanın, Sankt-Peterburqun barlarında əylənirlər”.
Siyasi şərhçinin fikrincə, savaşmağa çox da həvəsli olmayan rusların kütləvi səfərliyə cəlb olunmasının əks effekt verəcəyini, hətta ölkədə ciddi narazılıqlara yol açacağını Putin də anlayır: “Ölkədə sabitliyin qorunmasında misilsiz rol oynayan rus kökənlilərin səfərbərliyə alınmamasının əsl səbəbi də bu amildə gizlidir. Amma bu da faktdır ki, daha çox etniklərin və həbsxanalarda yatan cinayətkarların ölüm-dirim savaşına aparılması istər-istəməz etnikləri narazı salır. Odur ki, Putin rejimi daha çox Şimali Koreya və Yaxın Şərq kimi can bazarlıqlarının yaşandığı bölgələrdən muzdlu əsgərlərin gətirilməsinə üstünlük verir”.
Heydər Oğuz hesab edir ki, xüsusilə Şimali Koreya və Yaxın Şərq insanlarının Ukrayna savaşına cəlb olunmasının digər bir səbəbi həmin coğrafiyalarda yaşayanların daha savaşçı olmasından irəli gəlir: “Bilirsiniz ki, Şimali Koreya xalqının əli iş tutan hissəsinin ən azı 60%-i peşəcə hərbçi olur. Şimali Koreyanın 25 milyon əhalisi olmasına baxmayaraq, 2.5 milyon əsgəri var. Bu isə o deməkdir ki, əhalinin 10%-i hərbçidir. Əhalinin qadın, uşaq, qoca hissəsini də ümumi saydan çıxanda bu qədər əsgəri potensial ölkənin iş gücünün böyük hissəsini təşkil edir. Elə bu faktın özü də Şimali Koreyanın hərbi rejim olduğundan xəbər verir. Yaxın Şərq isə I Körfəz savaşından indiyədək müharibələrlə nəfəs alır. Orda da əhalinin böyük qismi hərbə öyrəşib. Bəlkə də həyatda bacardıqları yeganə qabiliyyət döyüşməkdir. On illərlə ən ağır döyüşlərdən çıxan bu insanlar savaşmadan yaşaya bilməzlər. Ən əsası isə onların mənsubu olduğu din də cihadı ibadətin bir sahəsi sayır. Bu cür insanların savaşlarda daha aktiv yer ala biləcəyi düşünülür. Onlara yaxşı maaş verilsə, sözsüz ki, Rusiyanın tərəfində vuruşarlar. Nəzərə alsaq ki, Yaxın Şərq uzun illər boyu ABŞ və Qərb ölkələri tərəfindən istismar olunub, bu insanların Qərbi düşmən kimi görməsi də başadüşüləndir. Bəzən onlar Qərbə qarşı döyüşməyi öz qisaslarını almış kimi dəyərləndirirlər. Bu mənada Putinin Ukrayna savaşında Yaxın Şərq insanlarından istifadə etməsi təəccüblü görünmür”.
Ukraynanın əks-hücuma hazırlaşmağına gəlincə, Heydər Oğuz bunu da qaçılmaz hesab edir: “Məntiqlə, Ukrayna əks-hücuma hazırlaşmasa, onun müdafiəsinin də mənası qalmır. Zira Rusiyanın sülh təklifində hər kəsin əldə etdiyi ərazilərdə qalmaqla atəşkəsə getməsi, daha sonra isə sülh müqaviləsi imzalanması nəzərdə tutulur. Ukrayna əgər əks-hücuma keçməyəcəksə, deməli, Rusiyanın işğal etdiyi əraziləri heç vaxt xilas edə bilməyəcək. O zaman gündə yüzlərlə qurban verib yerində saymağın, şəhərlərin, rayonların darmadağın olmasının nə mənası var? Ukrayna alçaldıcı sülhə razı deyilsə, məcburən savaşmalı və əks-hücuma keçməlidir. Əks halda bu qanlı savaşda onun öz istəyinə qovuşması mümkün görünmür.
E.MƏMMƏDƏLIYEV,
Musavat.com
23 Yanvar 2025
22 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ