İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin qorxduğu sual - Zaman ona pis müttəfiqdir

Bir neçə gün qabaq amerikalı jurnalist Taker Karlson Rusiya prezidenti Vladimir Putinə verməyi planlaşdırdığı, lakin sonradan imtina etdiyi sualdan söz açmışdı. Sual isə belə olmalı imiş: “Cənab prezident, mən iki gündür burda hazırlaşıram və Kremldə rəhbər vəzifədə olan bir nəfər belə afroamerikalı görmədim”.

Lakin jurnalist “anlaşılmazlığın olmaması naminə” sualdan vaz keçdiyini söyləyib.

Yaxşı ki, vaz keçib. Çünki mənasız sualdır. Rusiya “xalqlar həbsxanası” olsa da, orada afroamerikalılar icma, milli azlıq şəklində yaşamır ki, hakimiyyətin yüksək eşelonunda da təmsil olunsunlar. Uzaqbaşı bu ölkədə vaxtilə təhsil almış qara dərililərlə qarışıq nikahlardan doğulanlardan söhbət gedə bilər. Onlar da olduqca az saydadır və əhali nisbətində hiss edilməz faizdir...

Putinin qorxduğu sual isə sübhisiz, var və heç də bu deyil: “Reytinqinizə əminsinizsə, prezident seçkisinə niyə ortabab bir müxalifətçini - Boris Nadejdini buraxmadınız?” Hərçənd bu da pis sual hesab edilməzdi.

WhatsApp Image 2024-03-13 at 20.47.59.jpeg (80 KB)

Daha qorxulusu, daha rahatsız edən Ukraynadakı işğalçı müharibə ilə bağlı sual ola bilərdi. Misal üçün, atəşkəslə bağlı. Rusiya buna hazırmı?

Məsələ ondadır ki, dünən yerli KİV-ə müsahibəsində Putin Ukrayna ilə danışıqlara hazır olduğunu bildirib, lakin bir şərtlə: danışıqlar “yerdəki (müharibə meydanındakı – red.) reallıqlara əsaslanmalıdır”. Kreml yiyəsi bu xüsusda əndişəsini də gizlətməyib. Onun fikrincə, danışıq dövrü “Kiyevin yenidən silahlanması üçün pauza” yox, “ciddi söhbət” məzmunu daşımalıdır...

Rusiya rəhbəri niyə xofludur? Atəşkəs gerçəkdənmi Ukraynanın xeyrinə işləyə bilər deyə, Moskva tutulan ərazilərin işğalını tez-bazar rəsmiləşdirmək istəyir?

Yəqin ki. Putinin ən çox çəkindiyi sual da elə zamanla ilgilidir, Zaman kimə işləyir, Rusiyaya? O halda Putin niyə danışıqlara tələsir? İşğal olunan əraziləri tez-bazar legitimləşdirmək üçünmü? Ardınca Beynəlxalq Cinayət Məhkəməsinin (MCM) özü haqda həbs sanksiyasından yayınmaq üçünmü? Yəni “bir güllə ilə iki dovşan vurmaq” istəyi.

Şübhə yox ki, Moskva masa arxasına vəziyyəti dondurmaq üçün yox, işğalı rəsmiləşdirmək üçün oturacaq. Ki, Ukraynanın vaxt udub toparlanmaq və nə zamansa öz ərazilərini Azərbaycan kimi geri almaq kimi nəzəri şansı və haqq-hüququ olmasın. Bu fürsət həmişəlik sıfırlansın...

“Rusiya Ukraynaya qarşı müharibədə qalib gəlsə, başqa ölkələrə də hücum edəcək”.

Bu fikri Polşa Prezidenti Anjey Duda bu gün söyləyib. Odur ki, belə bir şeyin baş verməməsi üçün o, ABŞ-ı Ukraynaya hərbi yardım paketini təsdiqləməyə çağırıb.

“Ukrayna Putinin müharibədə qalib gəlməyəcəyinə əmin olmalıdır. Biz bir neçə dəfə Rusiyanın əsarətinə düşmüş xalqıq. Rusiya Ukraynadakı müharibədə qalib gəlsə, bu dəfə başqa dövlətlərə hücum edəcək. Ona görə qarşılarını almaq lazımdır, onlar təcrid edilməli, cəzalandırılmalıdır”, - Duda vurğulayıb.

Elə isə kollektiv Qərb heç bir halda Kiyevi kapitulyasiyaya sövq və məcbur etməməlidir. Bu, öz ayağına “güllə atmaq” anlamına gələrdi. Danışıqlar da Ukrayna ordusunu maksimum qısa zamanda XXI əsr ordusuna çevirmək məqsədi güdməlidir.

Əlbəttə, Rusiya da boş dayanmayacaq. Ancaq Qərbin resursları onun resurslarından müqayisəyə gəlməz dərəcədə fərqlidir. Birincinin xeyrinə təbii ki. Bunu hamıdan yaxşı “müharibənin ayaq səslərini” getdikcə öz ölkəsinin daha dərinliyində hiss edən V.Putin bilir. Onu da bilməmiş deyil ki, məhz Ukrayna məsələsində ZAMAN onun müttəfiqi deyil. İllah da “atəşkəs” adlı zaman...

Siyasət şöbəsi,
Müsavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR