Onlayn ictimai-siyasi qəzet
Son illər Rusiya prezidenti MDB-nin qeyri-formal sammitini öz ad gününə salır; Kreml lideri 72 yaşını da qeyd edərkən MDB ölkələrinin başçılarını bir araya gətirdi
Oktyabrın 7-də Rusiya prezidenti Vladimir Putinin 72 yaşı tamam oldu. Kreml lideri artıq üçüncü doğum günüdür ki, müharibə şəraitində keçirir. Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, prezidentin hətta tam bir gün istirahət etməyə imkanı yoxdur. Gün ərzində prezidentin konkret iş və istirahət saatları yoxdur, lazım gələrsə, hətta gecələr də hesabatlar alır. Putin heç vaxt ad günü ilə bağlı açıq danışmır və bu məsələyə lazımsız diqqəti cəlb etməməyə çalışır. “Mənim ad günüm milli bayram deyil. Məncə, bu tədbirin əhəmiyyətini şişirtmək kobudluqdur”, - deyə dövlət başçısı vurğulayıb.
“Rusiya prezidenti Vladimir Putin oktyabrın 7-də doğum günündə iş başında olacaq”. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi. O qeyd etmişdi ki, Rusiya liderinin ad günündə MDB ölkələrinin başçıları ilə görüş gözlənilir: “Günün ilk yarısı qapalı, ictimai olmayan iş görüşləri olacaq. Axşam MDB ölkələrinin rəhbərləri prezidentlə görüşəcək. Gələn (bu - red.) həftə MDB ölkələri liderlərinin tam gündəliyi olan tam formatlı görüşü olacaq”. Maraqlıdır ki, son illər Rusiya prezidenti MDB-nin qeyri-formal sammitini öz ad gününə salır. Bu il də istisna olmadı. Sadəcə, qəzet çapa gedənə qədər liderlərin toplantısı keçirilmədiyi üçün detallı məlumatlar yayılmamışdı. Gözləntilər var idi ki, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin liderləri, Belarus prezidenti, Ermənistanın baş naziri tədbirdə iştirak edəcək. Buna qədər isə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvaya yola düşüblər. Lakin Rusiyaya səfər çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında görüş nəzərdə tutulmayıb. Hər iki nazir MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak məqsədilə Rusiyada səfərdədir.
Təbriklərə gəlincə, onların arasında “mehriban-düşmən” olan Ermənistanın baş naziri Nikol Paşinyan gəlir. Hər nə qədər ikitərəfli münasibətlər ziqzaq olsa da, erməni baş nazir Rusiya prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik edib. Baş nazir Ermənistan-Rusiya əməkdaşlığının ardıcıl şəkildə gücləndirilməsinin vacibliyini qeyd edib. Ermənistanın baş naziri qarşılıqlı faydalı tərəfdaşlığın birgə fəallaşmasını gözlədiyini də vurğulayıb. O, qarşılıqlı anlaşma, etimad və ölkələrin maraqlarına əsaslanan ikitərəfli dialoqun inkişaf etdirilməsinin vacibliyini bildirib. Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə yola düşüb.
Qabil Hüseynli
Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Putin ad gününü artıq MDB ölkələrinin dövlət başçılarının zirvə görüşü ənənəsinə çevirməkdədir. Onun fikrincə, Rusiya prezidenti postsovet məkanında təsir gücünün qaldığını nümayiş etdirir: “MDB platforması əvvəlki qədər effektiv deyil, amma yaşadılır. Rusiya hesab edir ki, MDB ona lazımdır. Hərgah, bu illər ərzində müxtəlif əməkdaşlıq platformaları güclənib. Elə Şanxay Əməkdaşlıq Təşkilatı, BRİKS, Türk Dövlətləri Təşkilatı xeyli dərəcədə MDB-ni üstələyib. Bununla yanaşı, Rusiya dövlət başçısı bu formatı da saxlamaqda maraqlıdır. Düşünürəm ki, hər şeyə baxmayaraq, Rusiya əvvəlki deyil. Ukrayna müharibəsi onun təsir zonalarındakı mövqelərini tərpədə bilib. Ancaq sözsüz ki, biz tamamilə əldən düşmüş bir Rusiya görə bilmərik. Onun sərvəti, böyük potensialı, ucsuz-bucaqsız əraziləri var. Rusiya bu müharibəyə girməsi ilə belə hələ də Afrikada, Yaxın Şərqdə, Orta Asiyada, Cənubi Qafqazda Qərblə rəqabətini davam etdirir. Təbii ki, bu mübarizədə Putinin öz siyasi iradəsi mühüm rol oynamaqdadır”.
Qeyd edək ki, Vladimir Putin 7 oktyabr 1952-ci ildə Leninqradda anadan olub. Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1975-ci ildən SSRİ DTK-da xidmətə başlayıb. Bir müddət Almaniyada işləyib. 1989-cu ildə istefaya çıxaraq Leninqrad Dövlət Universitetinin prorektoru Anatoli Sobçakın köməkçisi işləyib. 1983-cü ilin iyulunda Lyudmila Aleksandrovna ilə evlənib. İki qızları var: Mariya (1985-ci ildə Leninqradda) və Katerina (1986-cı ildə Drezdendə anadan olub). Mariya Sankt-Peterburq Dövlət Universitetində bioloji-təbiət, Katerina şərq fakültəsində təhsil alıblar (2003-cü ildə qəbul olublar). V.Putinin qızları haqqında məlumat mətbuatda az verilir.
Putinin KQB-də işlədiyi vaxta aid yayılan tərcümeyi-halda keçmiş KQB işçisi Putinin 23 yaşında idman və döyüş sənətlərində qazandığı nailiyyətlər və xarakterinin üstün tərəfləri qeyd edilib. Yayımlanan tərcümeyi-halda Putinin çalışqan, intizamlı, dürüst, stresli anlarda özünü sakit apara bilən, iş yoldaşları arasında olduqca hörmətli şəxs olduğu göstərilib. Sənədin davamında Putinin cudo və sambo kimi döyüş sənətlərində master dərəcəsi aldığı və 1976-cı ildə Sankt-Peterburqda çempion olduğu bildirilib.
Onun aldığı hədiyyələr də maraqlıdır. Məsələn, 2022-ci ildə - onun 70 illik yubileyində - belaruslu həmkarı Aleksandr Lukaşenko Putinə Belarus traktoru hədiyyə edib. 2017-ci ildə Putin Türkmənistanın keçmiş prezidenti Qurbanqulu Berdiməhəmmədovdan Vernı adlı Alabai balası alıb (sirr deyil ki, Rusiya lideri itləri sevir və ona ilk dəfə belə ev heyvanları verilmir). İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni ona iki ölkənin görməli yerlərinin fonunda Putinlə bir yerdə dayandığını əks etdirən əl ilə işlənmiş yorğan örtüyü hədiyyə edib.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ