İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin “koreyalı əsgərləri” - onlar da əsir düşür

Rusiya tərəfindən Ukrayna cəbhəsində Şimali Koreya hərbçilərinin döyüşməsi barədə aylardır səsləndirilən iddialar artıq öz təsdiqini tapmaqdadır.

Belə ki, hərbi jurnalist Roman Boçkala Ukrayna qüvvələri tərəfindən əsir götürülən Şimali Koreya hərbçisi haqqında maraqlı məlumatlar paylaşıb.

Musavat.com ona istinadən xəbər verir ki, əsir götürülən hərbçinin adı Li Çen Namdır. O, 1999-cu ildə anadan olub və Şimali Koreya ordusunda snayper-kəşfiyyatçı olaraq xidmət edir.

Li Çen Namın sözlərinə görə, Ukrayna müdafiə qüvvələri ilə ilk döyüş təması 8 yanvar tarixində baş verib. O, 14 nəfərlik iki hücum qrupundan birinə daxil idi. Döyüş nəticəsində onun dəstəsindən yalnız özü sağ qalıb.

Əsir hərbçi bildirib ki, Şimali Koreya hərbçiləri Rusiya ərazisinə dəniz yolu ilə gətirilir. Döyüş bölgələrində hərbçilər yeddi nəfərlik qrupa bölünərək sığınacaqlarda yerləşdirilir. Onlara AK-12 avtomatları, həmçinin 60 mm-lik Şimali Koreya istehsalı olan minaatanlar təhkim olunur.

Li Çen Namın ifadəsinə görə, Şimali Koreya hərbçilərinin döyüş ruhu yüksəkdir: “Heç kim döyüş əmrlərini yerinə yetirməkdən imtina etmir, əksinə, döyüşlərdə iştirak etmək istəyirlər”.

Bu açıqlamalar Şimali Koreya ilə Rusiya arasındakı hərbi əməkdaşlığın yeni detalları barədə daha aydın məlumatlar təqdim edir. Ukrayna tərəfindən əsir götürülən Şimali Koreya hərbçilərinin ifadələri həm Rusiya ordusunun xarici dəstəkdən nə qədər asılı olduğunu, həm də Pxenyanın müharibədəki rolunu ifşa edir.

Rusiyanın Kursk bölgəsində Ukrayna ilə müharibədə Şimali Koreya hərbçilərinin ümumi qurbanlarının sayı təxminən 3000 nəfərdir.

“Yonhap” xəbər verir ki, bu barədə Cənubi Koreya Milli Kəşfiyyat Xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Şimali Koreya əsgərlərinin Kursk bölgəsində itkiləri artmaqda davam edir. “İndiyədək 300 koreyalı hərbçi ölüb, 2700 nəfər isə yaralanıb”, - məlumatda deyilir.

Kəşfiyyatın məlumatına görə, Şimali Koreya Ukrayna hərbçiləri tərəfindən diri-diri əsir düşməmək üçün öz əsgərlərini intihara məcbur edir.

Bundan əlavə, qeyd olunur ki, Ukraynada əsir düşən Şimali Koreya əsgərləri Cənubi Koreyaya qaçmaq niyyətində deyillər.

Şimali Koreya hərbçilərinin Ukraynada döyüşmələri barədə yayılan məlumatların ardından bir sıra məsələlər gündəmə gəlib. Rəsmi Kiyevin daha bir ölkənin ona qarşı savaşa qoşulması anlamına gələn bu faktdan necə yararlanacağı yönündə bəzi mülahizələr yürüdülməkdədir. Ukraynanın bu faktın ucundan tutub beynəlxalq məhkəmələrə müraciət edib nəticələr qazana biləcəyini düşünənlər az deyil. Hətta belə fikirlər də var ki, bəzi dövlətlər bu faktdan yararlanıb Ukrayna tərəfindən Rusiyaya qarşı müharibəyə də qoşula bilər. 

Sona Əliyeva: “Dünyanın aparıcı dövlətləri Azərbaycanın təcrübəsini  öyrənməyə həvəsli görünürlər” Pravda.az

Sona Əliyeva 

Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, bu əsirlər sona qədər Ukrayna lehinə danışmasalar, nə Rusiya, nə də Şimali Koreya burada məsuliyyət daşıyır: “Şimali Koreya əsgərlərinin Ukrayna cəbhəsində vuruşması ilk günlərdən hər kəsə bəlli idi. Şimali koreyalı hərbçilərin Donbas istiqamətində, məhz Ukraynaya məxsus ərazilərdə əsir götürülməsi rəsmi təsdiqlə yanaşı, həm də müharibə cinayətidir. Bu, Şimali Koreyanın Ukraynaya rəsmi müharibə etmək qərarına bərabərdir. Amma burada bir məsələ var. Həmin əsgərlər rus hərbi birləşmələrinin tərkibində döyüşürlər. Üstəlik, onlara Rusiyanın hərbi biletləri verilib. Yəni beynəlxalq oyun qaydalarına görə, Kreml istənilən beynəlxalq hərbi tribunaldan, məhkəmədən "quru" çıxa biləcək. Birincisi, dünya praktikasında muzdlu və proksi güclərdən istifadə qaydaları mövcuddur. İkincisi, Rusiya ordusuna məxsus hərbi biletlər onu deməyə əsas verir ki, bu şəxslər “könüllü” şəkildə döyüşlərə qatılıblar. Bu da o deməkdir ki, sadəcə əsir götürülənlər mühakimə oluna bilərlər, mənsub olduğu dövlət, yəni Şimali Koreya hüquqi cəhətdən burada məsuliyyət daşımır. Üçüncüsü, əsir götürülən şəxslər sona qədər “könüllü” olduqlarını desələr və beynəlxalq tribunalda “təzyiq altında ifadə verdiklərini” dilə gətirsələr, yenə də Şimali Koreyanın Ukrayna savaşında birbaşa iştirak amili suya düşmüş olacaq. Əgər dindirilmə zamanı Ukrayna istintaq orqanlarının nümayəndələri koreyalıları dilə tutaraq onlara müəyyən vədlər verməsələr, Kiyevin bu məsələdə işi müşküldür. Söhbət həmin əsirlərə cəza kəsməmək, onların üçüncü ölkəyə keçidi ilə bağlı zəmanət vermək kimi məsələlərdən gedir. Rusiya tərəfinə geri veriləcəyini və Şimali Koreyaya qayıdacağını düşünən hərbi əsir heç vaxt Ukraynanın lehinə bir kəlmə də deməyəcək. Üstəlik, həmin əsgərlərin ailələri Şimali Koreyadadır. Yəni Kim Çen hakimiyyəti indi həmin ailələri çoxdan nəzarətə götürüb və işgəncə maşınına oturdub. Bunu Ukrayna əsirliyindəki koreyalılar da yaxşı dərk edirlər. Ona görə də çox güman ki, sona qədər susmağı, heç nə danışmamağı qərara alacaqlar. Amma istənilən halda Ukrayna beynəlxalq məhkəmələrə müraciət edə bilər. Şimali Koreya haqqında beynəlxalq məhkəmələrin ən radikal qərarı belə Pxenyana heç bir təsir göstərməyəcək. Onsuz da uzun illərdir ki, sanksiyalar altındadır və bu, Kim Çen İn hökuməti üçün qorxu vəd etmir. Şimali Koreya əsgərlərinin Ukrayna müharibəsində iştirakı həm Pxenyanın, həm də Moskvanın beynəlxalq hüquqdan necə istifadə etdiyini göstərir. Bu hal beynəlxalq hüququn zəifliklərini və sanksiya rejimlərinin effektivliyini sual altına alır. Ukrayna və beynəlxalq ictimaiyyət bu kimi hallara qarşı daha güclü birgə strategiyalar hazırlamalıdır. Əks halda, bu cür proksi müharibələr müasir münaqişələrin əsas xüsusiyyətinə çevrilə bilər".

Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli  Orucov

Əli Orucov

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Şimali Koreyanın savaşa cəlb edilməsinin böyük səhv olduğunu vurğuladı: “Şimali koreyalı hərbçilərin Rusiya tərəfindən Ukraynada hərbi əməliyyatlarda iştirakı barədə müfəssəl məlumatlar Qərb dairələrinin əlində var idi. İddia olunurdu ki, onların sayı 10 min nəfərdən çoxdur və əsasən də Kursk ətrafında dislokasiya olunublar. Bundan başqa, Şimali Koreya Rusiyanı müxtəlif hərbi sursat və texnika ilə təmin etməkdədir. İlk dönəmlərdə Rusiya rəsmiləri Şimali Koreyanın Ukrayna müharibəsində birbaşa iştirakı barədə deyilənləri susqunla qarşılasa da, sonradan təkzibedilməz fakt qarşısında qalaraq bunu etiraf etmək məcburiyyətində qaldı. Bəzi məlumatlara görə, Şimali Koreya əsgərləri arasında böyük itkilər var, ölənlərin və əsir düşənlərin sayı artır. Əslində Şimali Koreyanın Ukraynada müharibəyə cəlb edilməsi Moskva üçün çox böyük səhv oldu. Əvvəla ona görə ki, Şimali Koreya hərbçiləri müharibənin gedişinə heç bir müsbət təsir göstərə bilmir və silah-sursat təchizatı baxımından Qərbə uduzur. İkincisi, Kreml bu addımı ilə Qərbin Ukraynada Rusiyaya qarşı apardığı hibrid müharibənin leqallaşdırılmasına əsas vermiş oldu. Tutaq ki, nə zamansa Fransa, Böyük Britaniya, yaxud ümumilikdə NATO-nun açıq şəkildə Ukraynaya qoşun yeritməsi baş versə, o zaman Moskva buna qarşı heç bir əks-arqument gətirə bilməyəcək. Faktiki olaraq Ukrayna-Rusiya müharibəsinin dünya müharibəsinə çevrilməsi istiqamətində ilk addımı Moskva atıb. Bundan başqa, beynəlxalq hüquq normalarını davamlı pozmağa adət etmiş Putin Rusiyasına qarşı başqa hüquqi prosedurların başladılmasına baza yaratmış olur. Məncə, cəbhədə Şimali Koreyadan öldürülmüş hərbçilərin sayı artdıqca, Moskvanın da, onun Pxenyandakı müttəfiqinin də vəziyyəti ağırlaşacaq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR