Onlayn ictimai-siyasi qəzet
Almaniya Bundestaqının bir neçə deputatı Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başladıqdan sonra Kreml nümayəndələri ilə təmaslarını davam etdirib. “Yeni Müsavat” Haqqın.az-a istinadən bildirir ki, bu görüşlərin bəziləri Bakıda baş tutub.
Alman mediasının araşdırmasına görə, Bundestaqın bu deputatları Rusiya və Almaniya siyasətçiləri arasında platforma olan, hazırda dağılmış “Peterburq dialoqu” formatının bir hissəsi idi. Müharibə başlayandan sonra bu format dondurulub, lakin format ləğv edildikdən sonra da almanlar Rusiya tərəfi ilə əlaqəni dayandırmayıblar. 2024-cü ilin oktyabrında ARD jurnalı, “Kontraste” və “Zeit” qəzeti ilk dəfə birgə araşdırma dərc edib və bildirilib ki, parlament üzvləri Matias Platzeck (Sosial Demokrat, Brandenburq Federal Əyalətinin keçmiş Baş naziri), Ronald Pofalla (Xristian Demokrat, Martin Aparatının keçmiş Başçısı və Federal Kansler İdarəsinin keçmiş rəhbəri) Peterburq dialoqu) Bakıda “Four Seasons” mehmanxanasında Kremlin yüksək rütbəli nümayəndələri ilə gizli görüş keçirib.
İkinci belə görüş 2024-cü ilin oktyabrında baş tutub. Xristian Demokrat İttifaqının keçmiş sədri Armin Laşet də dəvət olunub. Lakin Laşet Bakıya gəlməyib. Bu il mayın 8-də “Tagesschau” qəzeti alman deputatların Rusiya nümayəndələri ilə 2025-ci il aprelin 13-də Bakıda baş tutan növbəti gizli görüşü barədə növbəti məlumatı yayıb. Bu dəfə iştirakçılar arasında Bundestaqın SPD üzvü, parlamentin kəşfiyyat xidmətlərinin monitorinqi komitəsinin üzvü Ralf Şteqner də var. Steqneri görüşdə bir qrup nüfuzlu siyasi xadim müşayiət edib:
Rusiya tərəfdən görüşdə keçmiş baş nazir, “Qazprom”un Müşahidə Şurasının sədri və Rusiyadan Peterburq dialoqunun həmsədri Viktor Zubkov iştirak edib. Bakıda onu Putin yanında İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev müşayiət edib. O, Ukraynada müharibə başlayandan bəri təbliğat və dezinformasiya yaydığına görə Avropa İttifaqının sanksiyaları altındadır.
Həmin gizli görüşün mövzusu haqda ancaq ehtimallar var. Versiyalardan birinə görə, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə 2001-ci ildə yaradılmış “Peterburq dialoqu”nun gələcəyi idi. Jurnalistlərə danışarkən iştirakçılardan heç biri Bakıda keçirilən görüşdə iştirakını inkar etməyib. Görüşdə isveçrəli diplomatı Tomas Qreminger də iştirak edib. O, ATƏT-in keçmiş baş katibidir və hazırda İsveçrə hökuməti tərəfindən maliyyələşdirilən Təhlükəsizlik Siyasəti üzrə Cenevrə Mərkəzinə rəhbərlik edir. Greminger də şərh verməkdən imtina edib.
Maraqlıdır ki, Rusiya Almaniya ilə təmasları niyə qırmayıb? Ən əsası, Rusiya Azərbaycanla münasibətləri korlamaqla Bakıda bu kimi mühüm dövlətlərarası görüşlər keçirdiyi meydanı da itirməkdədir. Çünki əvvəllər burada NATO generalları ilə Rusiya generallarının da görüşü olub. Bir müddət əvvəl isə Rusiyanın xarici ölkələrdə olan səfirlərinin Bakıya toplaşdığı və öz dövlətlərinin xarici işlər nazirinin müavini ilə görüşdükləri haqda xəbərlər tirajlanmışdı. Yəni Azərbaycan hər zaman etibarlı, təhlükəsiz görüş yeridir. Amma son addımları ilə Moskva bu etimadı itirməkdə davam edir.
Elşad Musayev
Deputat Elşad Musayev “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Rusiyanın dövlətçilik siyasəti bəllidir: “Onun hədəfləri əraziləri genişləndirmək, ətraf ölkələri təsir altında saxlamaqdır. O cümlədən də Azərbaycana belə yanaşır. Dövlətimiz isə xeyli güclənib, müstəqil xarici siyasət yürüdür, bu da Rusiyanın xoşuna gəlmir. Azərbaycan dəfələrlə müxtəlif görüşlərə ev sahibliyi edib. Ancaq bu xoş məramımız qarşılığında bizə xoş münasibət göstərmək əvəzinə, təyyarəmizi vurdular. Çünki Rusiya əvvəlki siyasətindən əl çəkmir”.
Deputat dedi ki, Rusiya iqtidarı yanılır, Azərbaycan artıq güclü dövlətdir, prezidenti İlham Əliyev kifayət qədər nüfuzlu liderdir, Türkiyə kimi bir müttəfiqimiz də var: “Ona görə də Rusiya siyasətini dəyişməlidir. Moskva özü üçün ölkəmizdə marionet hakimiyyət arzulayırsa, bu mümkün olmayacaq. Bundan əlavə, Rusiya qabalıq etdikcə, adekvat reaksiyanı da görəcək. Moskva təkcə bizə görə deyil, bütövlükdə imperiya ambisiyalarından imtina etməlidir. Çünki yeni dünya nizamı qurulur və ölkələr öz müstəqil siyasətini yürüdürlər. Odur ki, Rusiya öz düşüncəsini dəyişməsə, normal münasibətlər qurula bilməz”.
Züriyə Qarayeva
Siyasi ekspert Züriyə Qarayeva “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda bu ilin aprelində Rusiya və Suriyanın kəşfiyyat xidmətlərinin nümayəndələri arasında da görüş keçirilib: “Bu görüş məxfi deyildi, konfrans çərçivəsində idi, amma hər halda, Azərbaycan müxtəlif səviyyələrdə ev sahibi kimi Rusiya rəsmiləri üçün uğurlu məkan olub. Əfsus ki, Moskva barışmaq üçün üz saxlamır və son bəyanatlar absurddan ibarətdir. Bizə məlumdur ki, teleqram kanalları, blogerlər, Solovyov kimilər özbaşına danışmırlar. Onlar Kremlin siyasi kluarlarında verilən tapşırıqları yerinə yetirirlər. Azərbaycan isə düşmənçilik etmir, öz tələblərini səsləndirir. Biz soydaşlarımızın öldürülməsinə susmalıydıq? Görünür, Moskva bunu istəyir. Sonra da heç nə olmamış kimi davam etsinlər. Azərbaycanın reaksiyası Rusiyanı heyrətləndirib. Ola bilsin ki, belə sərt cavablar gözlənilmirdi”.
Z.Qarayeva söylədi ki, rus və alman deputatların Bakı görüşü Ukrayna ilə bağlı keçirilib: “Azərbaycan bu münaqişənin həllində vasitəçi olmağa da hazırdır. Hətta liderlərin görüşünü təşkil edə bilərik. Dövlət başçısının mövqeyi hamıya aydındır. Azərbaycan Rusiyanın Ukraynada etdiklərini alqışlamalı deyil ki?! Biz dost ölkəyə humanitar yardım göstəririk. Bu da insani davranışdır. Özümüz işğalın nə olduğunu bilirik. Rusiya sevinsin ki, Azərbaycan sanksiyalara qoşulmayıb, görüşlər üçün məkan təklif edir. Ona görə də Dudayevin məşhur ifadəsi yada düşür: "Rusiyanın atdığı imza suya çəkilən mürəkkəbdir". Moskva üçün onun dostu da, müttəfiqi də ordusudur. Bu gün isə elə bir vəziyyətlə üzləşib ki, hirsindən dodaqlarını çeynəyir”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
01 Avqust 2025
31 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ