Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin Ukraynada Birləşmiş Millətlər Təşkilatının(BMT) himayəsi altında müvəqqəti idarəetmənin tətbiqini ABŞ və Avropa ölkələri ilə müzakirəsini təklif edib. Putin xatırladıb ki, BMT-nin himayəsi altında müvəqqəti idarəetmənin oxşar sxemləri Şərqi Timorda, Yeni Qvineyada və keçmiş Yuqoslaviyanın bəzi ərazilərində istifadə olunub.
Prezident əlavə edib ki, Ukraynanın yeni seçilmiş hakimiyyəti ilə “bütün dünyada tanınacaq, etibarlı və sabit olacaq qanuni sənədləri imzalamaq” mümkün olacaq. “Yalnız belə bir qanuni hakimiyyət yarandıqdan sonra Moskva onunla qanuni müqavilələr bağlaya biləcək. Ancaq bu, yalnız bir variantdır. Mən demirəm ki, başqaları yoxdur”, - Putin bildirib.
Rusiya bu təkliflə ən əvvəl Ukrayna xalqının doğru seçim etmək hüququnu şübhə altına almaq, bundan sonrakı formalaşacaq hakimiyyəti də etibarsızlaşdırmaq istəyir. İkincisi, Rusiya Qərbin Ukraynaya təsir imkanlarını minimallaşdırmaq niyyəti güdür, bunun üçün dünyada xeyli nüfuzdan düşmüş, qərarları mötəbər hesab edilməyən BMT-nin egidası altında seçkinin nəticələrinin tanımağa razılaşır. Nəhayət, əslində Qərbi kənarlaşdırmaqla, öz təsir imkanlarını artıraraq Moskvaya loyal hakimiyyət formalaşdırmaq istəyir.
Bu təklifin Putinlə Trampın telefon danışığında müzakirə edilib-edilmədiyi bilinmir, hər halda, bunun Vaşinqton üçün sürpriz olmadığı dəqiqdir. Ukraynaya Qərbin “nəzarətindən kənar” idarəedilməsi müzakirələr bir neçə ildir ki, davam edir. ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff bu günlərdə Ukrayna hakimiyyətinin prezident seçkilərinin keçirilməsinə razılıq verdiyini açıqlamışdı. “Reuters” xəbər verir ki, adı açıqlanmayan Amerika nümayəndəsi təklifi faktiki rədd edib, “Ukraynada hakimiyyəti onun konstitusiyası və xalqı müəyyən edir” deyib.
Putinin bu təklifi 1988-ci ilin martında Moskvanın, yəni SSRİ rəhbərliyinin Dağlıq Qarabağın Azərbaycanın tabeliyindən çıxarılması üçün atılmış qərarları yada salır. Heç bir obyektiv əsasa istinad etməyən, qondarma səbəblərlə yaradılmış “müvəqqəti idarəetmə” əslində Qarabağın işğalının başlangıcı oldu. Əvvəl Dağlıq Qarabağ Muxtar Vilayətinə (DQMV) müstəsna hüquqlar verildi, vilayətin bir çox məsələlərinin həlli birbaşa ittifaq, nazirlik və qurumlarına həvalə edildi. Bununla da dünyada geniş əks-səda doğurmuş, SRRİ-nin daxildən dağıdan separatçılıq hərəkatına guya ermənilərin sosial-iqtisadi çətinlikləri rəngi verildi. Halbuki SSRİ-də hamıya yaxşı məlum idi ki, DQMV Azərbaycanın digər reginonları ilə müqayisədə dinamik inkişaf edirdi, ermənilər çox geniş imkanlar və hüquqlar verilmişdi. Dağlıq Qarabağın Azərbaycanın tabeliyindən çıxarmaq yolunda Moskvanın atdığı növbəti addım SSRİ Ali Sovetinin muxtar vilayətdə Xüsusi İdarəetmə Komitəsi yaratmaq haqqında 1989-cu il yanvarın 12-də verdiyi fərman oldu. Muxtar vilayət ərazisində yerləşən bütün müəssisələr, idarələr və təşkilatlar komitənin tabeliyinə verilir. Belə bir fərman SSRİ Konstitusiyasına zidd idi, çünki muxtar vilayət birbaşa ittifaq ali hakimiyyət və idarə orqanlarının tabeliyinə verilə bilməzdi. Ermənipərəst Volskinin başçılığı ilə qeyri-qanuni, birbaşa Moskvaya tabe olan müvəqqəti Xüsusi Komitə Azərbaycanın bütün dövlət və ictimai orqanlarının muxtar vilayətdəki səlahiyyətləri dayandırdı. Bu qanunsuz qərar Ermənistanda, eləcə də Qarabağda başlanmış kütləvi etnik təmizləmə əməliyyatının hazırlıq mərhələsi oldu.
Volskinin hakimiyyətə başladığı vaxtdan az sonra Qarabağda məhz azərbaycanlıların silahları yığıldı. Volskinin hakimiyyəti dövründə Xankəndindən 12 min azərbaycanlı qovuldu. Azərbaycanın bayrağı, gerbi, blankı və s. ləğv edildi, azərbaycanlıların yaşadığı məntəqələrin blokadasına başlandı. Volski Dağlıq Qarabağı faktiki olaraq Azərbaycanın tabeliyindən çıxardı, respublikanın bütün mərkəzi orqanları ilə əlaqələrini kəsdi. Volski muxtar vilayətin Ermənistan SSR-lə əlaqələrinin genişlənməsinə, birgə müəssisələrin yaradılmasına, qeyri-qanuni tikinti işləri aparılmasına, anti-Azərbaycan təbliğatının güclənməsinə imkan yaratdı. Xankəndində “Dağlıq Qarabağ nümayəndələrinin” qondarma qurultayı isə muxtar bölgədə Azərbaycan (SSR-i) Konstitusiyasının qüvvədən düşdüyünü bəyan etdi.
Azərbaycan demokratik qüvvələrinin təkidli tələbi ilə SSRİ Ali Soveti bu qanunsuz komitəni 1989-cu il noyabrın 28-də ləğv etdi. Ermənistan Ali Soveti isə 1989-cu il dekabrın 1-də “Dağlıq Qarabağı Ermənistana birləşdirmək haqqında” qərar qəbul etdi. 1990-cı il mayın 22-də SSRİ Nazirlər Soveti muxtar vilayətin iqtisadiyyatını idarəetmə hüququnu da Azərbaycana qaytardı. Azərbaycan Ali Soveti 1991-ci ilin noyabrın 26-da muxtar vilayətin statusunu ləğv etdi, amma sonrakı proseslər göstərdi ki, gec idi...Bundan sonra 32 il davam edən işğal başlandı.
Nazİm SABİROĞLU,
Musavat.com
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ