İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Ukraynanın xeyrinə danışdı

Rusiyaya güvənmək problemi - 1994-cü il yalanı, işləməyən Moskva Bəyannaməsi 

“Rusiya Ukrayna dövlətçiliyinin qorunub saxlanmasına qarşı deyil. Lakin Ukrayna düşmən tramplini qismində istifadə edilməməlidir”. Bunu Rusiya Prezidenti Vladimir Putin VGTRK jurnalisti Pavel Zarubinin suallarını cavablandırarkən deyib.

Dövlət başçısı qeyd edib ki, Rusiya Ukraynanın son nəticədə dost qonşu dövlətə çevrilməsində maraqlıdır: “Mənə elə gəlir ki, ABŞ prezidentinin (Donald Trampın) mövqeyi bunun bizim, Rusiyanın maraqlarına uyğun olması ilə bağlı deyil. Bu, çox güman ki, Ukrayna dövlətçiliyinin qorunması məqsədilə Ukraynanın, Ukrayna dövlətinin maraqlarına uyğundur. Bizim də buna qarşı heç bir iradımız yoxdur. Baxmayaraq ki, biz istərdik, bu ərazi Rusiyaya hücumlar üçün tramplin qismində istifadə olunmasın. Yəni nəticə etibarilə Ukrayna mehriban qonşu dövlətə çevrilsin”.

Putin onu da qeyd edib ki, Rusiya Ukraynada mümkün qədər tez sülhə nail olmaq istəyir. Onun sözlərinə görə, Ukrayna üzrə “sülh qrupu” yaxın vaxtlarda Nyu-Yorkda görüşəcək.

Bəs Putinə inanmaq olarmı? Axı gerçək belədir ki, Rusiya 1994-cü ildə imzaladığı Budapeşt bəyanatı ilə nüvə başlıqlarını təhvil verməyin qarşılığında Ukraynanın ərazi bütövlüyünə yazılı zəmanət vermişdi.

Yaxud prezident Putinin imzası duran Moskva Bəyannaməsinə Rusiyanın əməl etməməsi. Söhbət xüsusən də Bakının 2023-cü il sentyabr antiterror əməliyyatınadək Moskvanın həmin sənədin bəndlərinə zidd olaraq, Qarabağda erməni separatizminə hərtərəfli dəstək verməsindən gedir. Rusiya imza atdığı sənədi saymırsa, onun rəsmilərinin quru sözlərinə inanmaq mümkünmü? 

Aydın Quliyev: Məni Heydər Əliyevlə düşmən edənlərdən ikisi qalıb

Aydın Quliyev

Siyasi ekspert Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki,  əgər həqiqətən Vladimir Putin bu mövqedədirsə və səmimidirsə, bunu Rusiya-Ukrayna müharibəsinin dayandırılmasında Rusiya tərəfindən yeni bir mövqe nümayişi hesab etmək olar. Təbii ki, Rusiyanın da, başqa sülhsevər ölkələrin də məqsədləri Ukraynanın sülhsevər qonşu dövlətə çevrilməsinə nail olmaqdır. Ancaq burada ancaq Ukraynadan gözləntilər düzgün deyil: “Bunun yeganə şərti Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə, dövlətçilik hüququna hörmət qoyulmasıdır. Əgər doğrudan da Rusiya Prezidentinin bu gün nümayiş etdirdiyi mövqe özündə Ukrayna torpaqlarının özünə qaytarılmasını da nəzərdə tutursa və həmin ərazilərin qaytarıldıqdan sonra istər Ukraynanın özü tərəfindən, istərsə də Amerika tərəfindən Rusiyaya qarşı bir hücum platsdarmı kimi istifadə olunmamasına təminat istəməsindən ibarətdirsə, bəli, bunu gələcəyə yönəlik çox müsbət perspektivli bir mövqe saymaq olar. Ancaq bilmək lazımdır ki, Rusiyanın özünün də gələcək hücumlardan sığorta olunması və bölgədə həqiqətən sülhün bərqərar olunmasının əsas şərti Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörmət olunmasından keçir. Əgər Rusiya Ukraynanın ərazi bütövlüyünə hörmət edəcəksə, işğal olunmuş torpaqları geri qaytaracaqsa, Putinin dediyi kimi, dövlətçiliyinə hörmət edəcəksə və bütün bunlar Amerika kimi dövlətin iştirakı, qəyyumluğu altında gedəcəksə, bunu gələcəkdə Ukrayna tərəfdən Rusiyaya hər hansı bir hücumun olmayacağına təminat kimi qəbul eləmək olar. Baxmayaraq ki, ABŞ-ın, Donald Trampın timsalında başqa bir ölkənin, onun başçısının qarantiyası ikinci-üçüncü dərəcəli qarantiyadır. Davamlı sülhün qarantiyası Ukrayna ərazilərinin özünə qaytarılmasıdır”.

Ekspertin sözlərinə görə, əgər bu, baş verərsə, gələcəkdə Ukrayna tərəfindən Rusiyaya qarşı hər hansı hücum və təhdid ehtimalı sıfıra düşür: “Hətta nəzəri cəhətdən hesab etsək ki, əraziləri qaytarılandan sonra Ukrayna tərəfindən Rusiyaya hücum və təhlükə yaradılarsa, bu zaman Ukrayna dövlətinin özü beynəlxalq birlik, dünya tərəfindən ittiham olunacaq. Ukrayna isə bunu istəməz. Lakin sözün düzü, bu gün mən Rusiyanın Ukrayna ərazilərinin geriyə qaytarılması planının olduğuna inanmıram. Doğrudan da Rusiyanın Ukraynanı özünə dost qonşu ölkə kimi görmək istəyi varsa, onda torpaqları geri qaytarmaqla buna nail ola bilər. Bununla da gələcəkdə Ukraynadan Rusiyaya hər hansı bir təhlükənin olmayacağına təminat yaranar”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR