Onlayn ictimai-siyasi qəzet
“Rusiyanın Ər-Riyaddakı danışıqlarda taktikası maraqlıdır, ağlabatan və yaxşı düşünülmüş görünür. Moskva ilk növbədə Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyevin səsi ilə Qərb auditoriyasına danışır”.
Bunu rusiyalı politoloq Aleksey Naumov deyib.
“Nə tanklar, nə raketlər, nə də ümumi mühafizəkar dəyərlər... İdeologiyanı unudun, Dmitriyev deyir, gəlin biznesdən danışaq - Amerika şirkətləri Rusiyanı tərk edərək 300 milyard dollar itirdi. Resurslarımıza giriş itirdilər: uran, titan. Bütün bunlar nəyə lazımdır? Bu, Trampın məntiqinə 100% uyğun gəlir”, - o bildirib.
ABŞ kəşfiyyatı isə hesab edir ki, Putin Donald Tramp administrasiyası ilə müharibəni dayandırmaq üçün danışıqlara başlasa da, Ukraynanı işğal etmək niyyətindən əl çəkməyib.
“Teleqraf” xəbər verir ki, bu barədə ABŞ kəşfiyyat orqanlarının dörd nümayəndəsi və ABŞ Konqresinin iki üzvünə istinadla “NBC News” məlumat yayıb.
“Bizdə Putinin hazırda real sülh sazişində maraqlı olduğuna dair heç bir məlumat yoxdur”, - ABŞ Konqresinin nümayəndəsi deyib. ABŞ kəşfiyyatı da bildirib ki, hazırkı məlumatlar Putinin gələcəkdə bütün ölkəni ələ keçirmə ehtimalına əsaslanır. “Putin qalib gəldiyini düşünür”, - kəşfiyyatdan kanala söyləyib.
Mənbə Rusiyanın döyüş meydanında ciddi itkilər verməsinin Putini hədəflərini yenidən nəzərdən keçirməyə və ya hərbi əməliyyatları dayandırmağa məcbur etmədiyini vurğulayıb.
“NBC News”a danışan mənbələr hesab edir ki, Putin danışıqlardan öz ordusunu yenidən qurmaq və mövqeyini möhkəmləndirmək üçün taktiki fasilə kimi istifadə edə bilər. Qərb rəsmiləri bu kontekstdə Rusiya liderinin real güzəştlər və ya uzunmüddətli sülh sazişinə hazır olmasına şübhə ilə yanaşırlar.
Kəşfiyyat həmçinin Putinin Ukraynadan qoşunları çıxarmaq və ya Rusiyanın qərb bölgələrindəki hərbi birləşmələri və texnikalarını azaltmaq planının olmadığını da qeyd edib. Üstəlik, Tramp administrasiyasının rəsmilərinin ABŞ-nin Ukraynanın NATO-ya üzvlüyünü real həll yolu hesab etmədiyinə dair son bəyanatları Putini xeyli ruhlandırıb. “Onun məqsədləri maksimalist olaraq qalır”, - kəşfiyyat rəsmisi əlavə edib.
Siyasi şərhçi Azər Hüseynov mövzu ilə bağlı "Yeni Müsavat" a deyib ki, beynəlxalq münasibətlərdə hər hansı bir dövlətin davranışını təhlil edərkən emosional və subyektiv yanaşmalardan çəkinmək, soyuqqanlı və obyektiv analiz aparmaq vacibdir:
“Xüsusilə Rusiya kimi böyük dövlətlərin xarici siyasət strategiyasını qiymətləndirərkən tarixi, iqtisadi, siyasi və geosiyasi faktorlar nəzərə alınmalıdır. Rusiya-Ukrayna müharibəsi həm regional, həm də qlobal miqyasda mühüm dəyişikliklərə səbəb olmuş, beynəlxalq münasibətlər sisteminin əsas oyunçuları arasında yeni dinamikanın formalaşmasına yol açmışdır. Bu münaqişə, təkcə iki ölkə arasındakı toqquşma kimi yox, eyni zamanda Qərb və Rusiya arasındakı strateji qarşıdurmanın tərkib hissəsi kimi də qiymətləndirilməlidir. Ukraynanın ərazi bütövlüyünün pozulması, beynəlxalq hüquq normalarına əsasən, suveren dövlətlərin toxunulmazlığı prinsipinə ziddir. Lakin reallıq göstərir ki, beynəlxalq münasibətlər yalnız hüquqi çərçivə daxilində deyil, həm də güc balansına əsaslanan maraqlar üzərində formalaşır”.
Siyasi şərhçi deyib ki, güc balansı təkcə hərbi resurslarla deyil, həmçinin iqtisadi və diplomatik vasitələrlə müəyyən edilir:
“Bundan sonra Putinin Tramp administrasiyası ilə mümkün strateji manipulyasiya ssenariləri iki əsas istiqamətdə inkişaf edə bilər. Birinci ssenari iqtisadi razılaşmalar və təzyiqlərlə bağlıdır. Rusiya Tramp administrasiyasına müəyyən iqtisadi güzəştlər təklif edərək, ABŞ-in sanksiyaları yumşaltmasını təmin etməyə çalışa bilər. Rusiyanın əsas arqumentləri Qərb şirkətlərinin Rusiya bazarını tərk etməsi nəticəsində 300 milyard dollara yaxın itkilərə məruz qalması, ABŞ-in strateji resurslara, xüsusilə uran və titan kimi mühüm elementlərə çıxışının məhdudlaşdırılması və Trampın iqtisadi rasionallıq üzərində qurulan siyasətini manipulyasiya edərək Qərbin Ukraynaya hərbi dəstəyini zəiflətməkdir. İkinci ssenari isə strateji taktiki pauza və yeni hərbi gedişlərlə bağlıdır. Bu variantda Rusiya danışıqlardan istifadə edərək ordusunu yenidən qurmağa və yeni hücumlar üçün hazırlıq aparmağa çalışacaq. Bu kontekstdə Putinin əsas məqsədi Ukrayna ilə bağlı uzunmüddətli strategiyasını qoruyub saxlamaqdır. Tramp administrasiyasının Qərbin kollektiv siyasətindən fərqli mövqe tutması Rusiya üçün əlavə imkanlar yarada bilər. ABŞ və Avropa İttifaqı arasında Ukrayna məsələsinə yanaşmada açıq fikir ayrılıqları mövcuddur. Xüsusilə, Almaniya və Fransa müharibənin Avropa iqtisadiyyatına mənfi təsirindən narahatdır və mümkün danışıqları dəstəkləyə bilər. Rusiya ABŞ ilə yeni iqtisadi əlaqələr quraraq Avropa İttifaqını daha da zəiflətməyə çalışa bilər. Ukrayna isə Qərbin iqtisadi nəzarətinə keçərək ABŞ şirkətlərinin təsiri altına düşə bilər. Beynəlxalq münasibətlərdə dövlətlərin qərarları yalnız hüquqi prinsiplər üzərində deyil, həm də güc balansı və iqtisadi maraqlara əsaslanır. ABŞ kəşfiyyatının vurğuladığı kimi, Putin maksimalist hədəflərindən geri çəkilməyəcək və Ukrayna məsələsində mövqeyini saxlayacaqdır. Beynəlxalq güc balansının gələcək inkişafı Rusiya, ABŞ və Avropa İttifaqı arasındakı münasibətlərə bağlı olacaqdır. Son nəticə olaraq, Putinin Tramp administrasiyasını aldatması ehtimalı geosiyasi və iqtisadi maraqların toqquşduğu konteksdə qiymətləndirilməlidir. Rusiya bu fürsətdən istifadə edərək öz mövqelərini gücləndirməyə çalışsa da, Qərbin hansı dərəcədə güzəştə gedəcəyi hələ də açıq sual olaraq qalır. Amma burada yenə də ona qayıdırıq ki, ABŞ-ın yeni administrasiyası artıq Ukrayna üçün ekstra fədakarlıq etmək niyyətində deyildir. Rusiya da bunu görür və məhz bunun üzərində fəaliyyətini qurur. Bir də unutmamaq lazımdır ki, Rusiya Ukraynada daha rahat hərəkət edir. Çünki buranı özünün çox əsrlik fəaliyyət sahəsi hesab edir. Bunu biz Gürcüstan misalında da gördük. Qərb orada inqilab etdirdi, Rusiya ilə müharibə oldu, Gürcüstan əraziləri işğal edildi. Buna baxmayaraq sonunda Gürcüstan höküməti real poltik davranış sərgilədi və Rusiyaya ilə konfrantasiya siyasətindən uzaqlaşmağı məsləhət bildi. Paşinyan, hər nə qədər Qərb layihəsi olsa da Rusiya ilə ehtiyatla davranır. Azərbaycan isə tərəfdaş və müttəfiqlərinin sayını artırmaqla özünün müstəqilliyini qorumaq istiqamətində iş görür, bununla belə regional və qlobal prosesləri nəzərə alır. ABŞ-ın yeni administrasiyası artıq Ukrayna üçün ekstra fədakarlıq etmək niyyətində deyil. Rusiya da bunu görür və məhz bunun üzərində fəaliyyətini qurur. Bu, beynəlxalq münasibətlərdə geosiyasi reallıqların dəyişməsi ilə əlaqədardır”.
Siyasi şərhçi bildirib ki, Vaşinqton üçün Ukrayna məsələsi strateji əhəmiyyət kəsb etsə də, Tramp administrasiyası dövründə xarici siyasət qərarları əsasən iqtisadi maraqlar üzərində qurulması göz önündədir:
“ABŞ-in daxili siyasi prioritetləri və artan fiskal yüklər, Ukrayna müharibəsinə ayrılan resursların məhdudlaşdırılmasını şərtləndirə bilər. Bu isə Moskvanın əlini gücləndirir və ona yeni strateji imkanlar yaradır. Rusiya Ukraynada daha rahat hərəkət edir, çünki buranı özünün çoxəsrlik fəaliyyət sahəsi hesab edir. Tarix boyu Rusiya postsovet məkanında dominant güc kimi qalmağa çalışıb və bu tendensiya bu gün də davam edir. Gürcüstan misalında da bunu gördük. Qərb burada inqilab yolu ilə hakimiyyət dəyişikliyi həyata keçirdi, lakin 2008-ci ildə Rusiya ilə müharibə baş verdi və Gürcüstan əraziləri işğal edildi. Nəticədə, Gürcüstan hökuməti realpolitik yanaşmanı üstün tutaraq Rusiya ilə birbaşa qarşıdurmadan uzaq durmaq qərarına gəldi. Bu, Moskvanın regiondakı təsirini qorumaq gücündə olduğunu göstərir və postsovet məkanında Qərbin müdaxiləsinə qarşı sərt reaksiya verdiyini təsdiqləyir”.
Siyasi şərhçi deyir ki, Nikol Paşinyan hakimiyyəti hər nə qədər Qərb layihəsi olsa da, Ermənistanın reallıqları səbəbindən Rusiya ilə ehtiyatlı davranır:
“Ermənistan iqtisadi və təhlükəsizlik baxımından böyük ölçüdə Rusiyadan asılıdır. 2020-ci il Qarabağ müharibəsindən sonra Ermənistanın regional mövqeyi zəifləyib və Paşinyan hökuməti balanslaşdırılmış siyasət yürütmək məcburiyyətindədir. Ermənistan Avropa və ABŞ ilə yaxın əlaqələr qurmağa çalışsa da, Moskvanın təsirindən tamamilə uzaqlaşa bilmir. Bu da göstərir ki, Rusiya postsovet məkanında təsirini qorumaq üçün müxtəlif təzyiq vasitələrindən istifadə edir. Azərbaycan isə regional və qlobal prosesləri nəzərə alaraq öz müstəqilliyini qorumaq strategiyası yürüdür. Bakı tərəfdaş və müttəfiqlərinin sayını artıraraq çoxşaxəli xarici siyasət həyata keçirir.
Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi, İsrail və Pakistanla hərbi əməkdaşlığı, Çin və Avropa İttifaqı ilə iqtisadi əlaqələri balanslaşdırılmış siyasətin nümunəsidir. Bundan əlavə, Rusiya ilə münasibətlərin milli maraqlara uyğun tənzimlənməsi və İranla ehtiyatlı və rassional siyasət yürüdülməsi Azərbaycanın regional stabilliyini saxlamaq baxımından vacibdir.
Bu yanaşma Azərbaycan üçün həm geosiyasi, həm də iqtisadi baxımdan vacibdir. Regionda güc balansı daim dəyişdiyi üçün Bakı öz siyasətini reallıqlara uyğun qurmalı və müxtəlif aktorlarla əlaqələrini inkişaf etdirməlidir. Azərbaycan enerji siyasətində də eyni yanaşmanı tətbiq edir. Xəzər qazının Avropaya nəql edilməsi, TANAP və TAP layihələri, Bakı-Tbilisi-Qars dəmir yolu və Zəngəzur dəhlizi kimi layihələr Azərbaycanın strateji mövqeyini gücləndirir.
Son nəticədə, ABŞ-in Ukrayna siyasətində dəyişikliklər baş verərsə, bu, postsovet məkanındakı digər ölkələrə də təsir edəcək. Rusiya bu boşluqdan istifadə edərək təsir dairəsini genişləndirməyə çalışacaq. Gürcüstan, Ermənistan və Azərbaycanın fərqli siyasət yanaşmaları göstərir ki, hər bir dövlət regional dinamikaları nəzərə alaraq öz strategiyasını müəyyənləşdirməlidir. ABŞ, Rusiya və Avropa arasındakı geosiyasi qarşıdurmaların nəticəsi olaraq, region ölkələri balanslaşdırılmış və çoxşaxəli siyasət yürütməyə məcburdur”.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ