İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinlə Kadırovun Kreml dialoqu: "Çeçenistan sabitdir, sadiqdir və döyüşür" - VİDEO

9 May Qələbə Paradı ərəfəsində Rusiya Prezidenti Vladimir Putin Kremlin divarları arxasında maraqlı bir görüş keçirdi.

Musavat.com xəbər verir ki, bu dəfə onun qonağı Çeçenistan lideri Ramzan Kadırov olub. Prezident Putin onu şəxsən qəbul edib və bu görüş təkcə protokol xarakteri daşımayıb – həm daxili siyasətə, həm də Ukrayna cəbhəsindəki vəziyyətə yönəlik ciddi mesajlarla yadda qalıb.

Öncə Ramzan Kadırov kağızdan hazır mətn oxuyub. Musavat.com -un təqdim etdiyi videoda bu hissə aydın düşüb.

Kadırov çıxışında ilin əvvəlindən Çeçenistan iqtisadiyyatında əldə edilən irəliləyişləri vurğuladı: sənaye istehsalında 47 faiz artım, 8 milyon kvadratmetrlik tikinti həcmi, 108 milyard rubl dəyərində 600 investisiya layihəsi və 10 min yeni iş yeri. Kadırov, işsizlik səviyyəsinin artıq 4 faizə düşdüyünü də xüsusi vurğuladı. Putin isə bu göstəriciləri yüksək qiymətləndirdi və qeyd etdi ki, “Çeçen xalqı bu uğurlarla fəxr edə bilər”.

“Axmat” döyüşçüləri və SVO vurgusu

Söhbətin əsas hissələrindən biri Ukraynada aparılan “xüsusi hərbi əməliyyat” (SVO) ilə bağlı oldu. Kadırov bildirib ki, indiyədək 55 mindən çox çeçen döyüşçü Ukrayna cəbhəsinə göndərilib, onlardan 21 min nəfər könüllüdür. Hazırda isə 11 minə yaxın döyüşçü əməliyyat bölgəsindədir. 7540 nəfər dövlət mükafatları ilə təltif olunub.

Putin, Kadırovun Çeçenistandakı hazırlıq mərkəzindəki fəaliyyəti və “Axmat” qruplarının döyüş qabiliyyətini yüksək qiymətləndirərək qeyd edib:

“Hazırlıq səviyyəsi yüksəkdir. Onlar sadəcə çeçen deyil – Rusiyanın hər yerindən gələn döyüşçülər burada hazırlıq keçib və uğurla döyüşürlər.”

İslam və mədəniyyətə də vurğu

Putin söhbət əsnasında Groznıda tikilən möhtəşəm məscidi “bir sənət əsəri” kimi təqdim edərək, oradakı din xadimlərini “müasir və ruhani insanlar” adlandırdı. Bu, Kremlin Çeçenistandakı dini və mədəni quruluşlara münasibətinin “yumşaq güc” aspektində də dəstəkləndiyini göstərdi.

Ramzan Kadırov görüşü “biz sizi məyus etmərik” sözləri ilə bitirdi. Putin isə bu sözlərə “mən buna şübhə etmirəm” deyə cavab verdi. Bu dialoq bir daha göstərdi ki, Kadırov Putin üçün təkcə regional lider deyil – o, həm də Kreml üçün mühüm simvol və Ukrayna cəbhəsindəki loyal tərəfdaşdır.

Görüş həm siyasi loyalizmin möhkəmləndirilməsi, həm də daxili auditoriyaya verilən bir güc nümayişi idi: Çeçenistan sabitdir, sadiqdir və döyüşür.

Bu görüş Qələbə Paradından öncə Putinin ölkə daxilində “vassallar”ı ilə bağları möhkəmləndirmək strategiyasının bir hissəsi kimi də oxuna bilər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 May 2025

BÜTÜN XƏBƏRLƏR