Onlayn ictimai-siyasi qəzet
Andrey Belousovun müdafiə naziri təyin edilməsindən bir ay sonra prezident Vladimir Putin öz fərmanları ilə hərbi idarənin rəhbərliyini əhəmiyyətli dərəcədə yeniləyib. Belə ki, Leonid Qornin müdafiə nazirinin birinci müavini olub. Anna Tsivileva, Oleq Savelyev və Pavel Fradkov nazir müavinləri təyin edilib. Putin digər əmri ilə nazirin birinci müavini Ruslan Tsalikovu, nazir müavinləri Nikolay Pankovu, həmçinin Pavel Popov və Tatyana Şevtsovanı tutduqları vəzifələrdən azad edib.
Musavat.com xəbər verir ki, Putin ayrıca fərmanla Müdafiə Nazirliyinə 12 nazir müavininin olmasına icazə verib ki, onların arasında iki nəfər birinci müavin ola bilər. Yeni təyin olunmuş bütün müavinlərin hərbi rütbələri yoxdur. Yalnız Pavel Fradkovun hərbi təhsili var.
Mütəxəssislərin fikrincə, Belousovun yeni komandası əsas diqqəti hərbi idarənin maliyyə mexanizminin təkmilləşdirilməsinə, hərbi təchizat sisteminə nəzarətin gücləndirilməsinə və dövlət müdafiə sifarişlərinin qiymətinə yönəldəcək.
Müdafiə nazirinin birinci müavini Leonid Qornin 30 dekabr 1972-ci ildə Novosibirskdə anadan olub. Sibir İstehlak Kooperasiyası Ticarət Akademiyasını, Sibir Dövlət Nəqliyyat Universitetini bitirib.
Novosibirsk vilayətinin Maliyyə və Vergi Siyasəti Departamentinə rəhbərlik edib. 2012-ci ildə Novosibirsk qubernatorunun birinci müavini vəzifəsindən Rusiyanın maliyyə nazirinin müavini təyin edilib. Müdafiə nazirinin müavini Anna Tsivileva 1972-ci il mayın 9-da İvanovoda anadan olub. İvanovo Dövlət Tibb Akademiyasını, Rusiya Xalqlar Dostluğu Universitetini və Dövlət İdarəetmə Universitetini bitirib. 2021-ci ildə Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasında Biznesin İdarəedilməsi magistri dərəcəsi alıb. İqtisad elmləri namizədidir.
Bu illər ərzində o, psixiatr, tibbi avadanlıqlarla təmin edən “Digimed” şirkətinin marketinq direktoru, İsveçrənin “Kolmar Sales and Logistics” şirkətinin baş direktoru vəzifələrində çalışıb. 2024-cü ilin aprelində o, Vətən Müdafiəçiləri Fondunun sədri təyin edilib.
Müdafiə nazirinin digər müavini Oleq Savelyev 1965-ci il oktyabrın 27-də Leninqradda (indiki Sankt-Peterburq) anadan olub. 1988-ci ildə Leninqrad Politexnik İnstitutunun radiofizika fakültəsini bitirib. PR məsləhətçisi və siyasi strateq kimi işləyib. 2008-2014-cü illərdə Rusiyanın iqtisadi inkişaf nazirinin müavini olub. O, Elvira Nabiullina, Andrey Belousov və Aleksey Ulyukayevin rəhbərliyi altında çalışıb.2014-cü ilin martından 2015-ci ilin iyuluna qədər - Dmitri Medvedyev hökumətində Rusiya Federasiyasının Krım üzrə naziri olub. Sonra 2018-ci ilə qədər Rusiya Hökumətinin Aparat rəhbərinin müavini olub. 2018-2019-cu illərdə Rusiya Federasiyası Hesablama Palatasının aparatına rəhbərlik edib.
Pavel Fradkov Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini vəzifəsindən müdafiə nazirinin müavini təyin edilib. 3 sentyabr 1981-ci ildə anadan olub. Moskva Suvorov Hərbi Məktəbini bitirib.
Bəlli olub ki, müdafiə nazirinin birinci müavini Leonid Qornin orduda maliyyə təminatı məsələlərinin bütün spektrinə nəzarət edəcək. Onun əsas məqsədləri maliyyə axınlarının şəffaflığını artırmaq və büdcə vəsaitlərinin səmərəli xərclənməsini təmin etməkdir.
Pavel Fradkovun səlahiyyətlərinə əmlakın idarə edilməsi, torpaq ehtiyatları, həmçinin Rusiya Müdafiə Nazirliyinin ehtiyacları üçün obyektlərin tikintisi məsələləri daxildir.
Müdafiə nazirinin digər müavini Anna Tsivileva hərbi qulluqçuların sosial və mənzil təminatının təşkili, insanların mərkəzdə olduğu hərbi idarədə bütün əlaqəli proseslərin transformasiyası və yeni keyfiyyət səviyyəsinə çatdırılmasına cavabdeh olacaq.
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ