Onlayn ictimai-siyasi qəzet
Qabil Hüseynli: “Rusiya lideri imperiya vurğunudur, ona görə də... ”
Rusiya prezidenti Vladimir Putin son üç ildə daha çox gecələrini Kremldə keçirdiyini bildirib və jurnalistlərə mənzilinin ətrafını göstərib. Minval.az xəbər yayıb ki, jurnalist Pavel Zarubin öz Telegram kanalında dövlət başçısı haqqında sənədli filmin fraqmentlərini dərc edib. Kadrlarda çəkiliş qrupunun Kremldəki mənzil ətrafında Putini izlədiyi görünür. O, interyeri göstərir: güzgülü ağ divarlar, imperator III Aleksandrın portreti və pəncərənin yanındakı ağ piano - prezidentin sözlərinə görə, nadir hallarda olsa da, onu ifa edir.
Daha sonra Putin jurnalistləri tünd ağacdan hazırlanmış kitabxanaya aparıb və iki yataq otağının harada olduğunu göstərib. O, mənzildə yerləşən ev kilsəsini də nümayiş etdirib.
Kreml lideri ilk dəfə idi ki, yaşadığı evi göstərirdi. Onun malikanəsində diqqət çəkən detal isə məhz imperator III Aleksandrın portretidir. Niyə I Pyotr, Lenin yox, məhz III Aleksandr?
Qeyd edək ki, III Aleksandr Romanovlar sülaləsinin üzvü, 1881-1894-cü illərdə Rusiya imperiyasının imperatoru olub. Təmsil etdiyi hökumətə qarşı çıxıb və rus millətçiliyini dəstəkləyib. Aleksandrın əsas qayəsi dili, dini, idarə forması bir olan ölkə yaratmaq idi. Bu məqsədlə alman, polyak, fin, uyğur və qırğız əsilli insanlara rus dilini və rusca təhsil keçən məktəbləri məcburi olaraq qəbul etdirib, yəhudilərə təzyiq göstərib və mərkəzdən uzaqda yerləşən, alman, polyak və İsveç təşkilatlarının qalıqlarını aradan qaldırıb.
Xarici əlaqələrdə sülh tərəfdarı olan Aleksandr, buna baxmayaraq almanlardan razı deyildi. Ancaq yenə də bu ölkə ilə yarana biləcək ziddiyyətdən yayınırdı.
Putinin də rus dilinə, postsovet ölkələrində rusca təhsilə necə bir əhəmiyyət verdiyini qeyd etmək yerinə düşər. Kreml lideri millətçi-mühafizəkar bir baxışlara sahibdir. Donbasdakı “xüsusi hərbi əməliyyatı” da Ukraynadakı rusların “xilasetmə” kimi təqdim etməkdədir.
Ancaq Putin III Aleksandr deyil, I Pyotrun vəsiyyətini əsas tutaraq onun portretini evində asa bilərdi. Niyə onu seçməyib? Ümumiyyətlə, bu portret nəyin siqnalı və ya mesajıdır?
Bəzi analitiklər qeyd edir ki, Putinin Leninin portretini seçməməsi təəccüblü deyil. Çünki Putin dəfələrlə SSRİ-nin qurucusu olan Leninin milli siyasətini tənqid edib, xüsusilə onun federativ quruluş ideyasını “bölgələrin minalanması” kimi qiymətləndirib. Leninin portreti Putinin milli birlik və güclü dövlət ideyasına uyğun gəlmir.
I Pyotr isə Putinin çıxışlarında tez-tez sitat gətirdiyi, bəzən özünü onunla müqayisə etdiyi bir fiqurdur. Amma I Pyotr daha çox islahatçı və Avropaya inteqrasiya yönümlü lider kimi tanınır. Halbuki, Putinin bugünkü siyasəti Avropadan uzaqlaşma, “ənənəvi rus dəyərlərinə dönüş” xəttini izləyir. Bu baxımdan III Aleksandr daha uyğun simvoldur - islamafob, antisematik və mühafizəkar millətçi lider kimi.
Bundan başqa, III Aleksandr dövrü Rusiyanın nisbi daxili sabitlik dövrü kimi təqdim olunur. Bu, Putinin ictimaiyyətə “sabit və güclü Rusiya” obrazını formalaşdırmaq istəyi ilə üst-üstə düşür. İmperiya irsinə bağlılıq da burada mühüm rol oynayır - Putin özünü sovet liderlərindən çox, imperatorluq irsinin varisi kimi təqdim etməyə çalışır.
Beləliklə, qeyd edilir ki, Putinin III Aleksandrın portretinə evində yer verməsi təsadüfi dekorativ seçim deyil. Bu, onun ideoloji dünyagörüşünü, siyasi kursunu və millətçi-mühafizəkar idarəçilik modelinə bağlılığını simvolizə edən şüurlu mesajdır. Bu portret bir növ “mənim siyasi idealım budur” deyiminin vizual ifadəsidir.
Professor Qabil Hüseynli “Yeni Müsavat”a deyib ki, Rusiya Ukraynaya hücum etdiyi günün səhəri jurnalistlər Lavrova sual verdilər: “Rusiyanın Ukraynaya hücum edəcəyini nə vaxt bildiniz?” O isə belə cavab vermişdi: “Gecə saat 2-də yatmaq istəyirdim, lakin qəfildən Kremldən zəng gəldi və məni Kremlə dəvət etdilər. Orada öyrəndim ki, Rusiya saat 5-də Ukrayna sərhədlərini keçəcək”.
Soruşdular ki, “Bəs Putin, xarici işlər naziri kimi sizinlə məsləhətləşməmişdimi?” Lavrov cavab verdi: “Onun Kreml binasındakı kabinetində I Pyotrun, II Yekaterinanın və III Aleksandrın portretləri asılıb. Putin onlarla məsləhətləşib, bizimlə məsləhətləşməyə ehtiyac qalmayıb.”
Yəni Putin imperiya vurğunudur. Ruslara xas olan böyük imperiya arzusu - bütün dünyaya sahib olmaq, hamıya hökm etmək kimi xəyallarla yaşayan, şovinist və millətçi düşüncəyə sahib bir şəxsdir. Vladivostokda konfrans keçirilərkən bir uşaq ona yaxınlaşaraq soruşmuşdu: “Cənab Prezident, bizim sərhədlərimiz haradan başlayıb, harada bitir?” O isə belə cavab vermişdi: “Bizim sərhədimiz buradan - Vladivostokdan başlayır, amma bitmir. Dünyanın o biri ucuna qədər gedib çıxır. Yəni o, bütün dünyanı xəyalında özününkü sayır”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”
03 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ