Onlayn ictimai-siyasi qəzet
15 ildir daş sexində usta kimi işləyən 63 yaşlı Bülbül Babayeva deyir ki, işi ağır olsa da heç vaxt işdən qorxmayıb, öz zəhməti ilə pulunu qazanıb.
“Report”a videomüsahibəsində B.Babayeva bildirib ki, hazırda işlədiyi daş sexində çalışan yeganə qadın odur.
“Buradakı bəylər nə iş görürsə mən də onlarla birlikdə o işi görürəm. İstehsal etdiyim məhsulun gözəl alındığını görəndə açığı çox sevinirəm. Baxıram məhsula deyirəm bunu mən etmişəm, bu mənim əlimin əməyidi”.
Onun sözlərinə görə, hətta bir çox müştəri sırf onun əl işi üçün sexə müraciət edirlər: “Elə müştərilər var ki, məni çoxdan tanıyır. Özümə qarşı münasibətin yaxşı, hörmətin böyük olduğunu görürəm. Hərdən sexin TikTok hesabında çıxış edirəm, insanlar əməyimə qiymət verir, haqqımda çox gözəl rəylər yazır. Amma hərdən “bunun övladı haradadır ki, qadın bu ağır işi görür?” deyənlər də olur. Düşünürəm ki, onlara nə deyim. İndi həyatım belə gətirdi, mən bu işlə üç uşaq böyütmüşəm və heç vaxt kiməsə əyilməmişəm”.
B.Babayeva deyir ki, arzusu idman müəllimi olmaq olub: “Təbii ki, mənim də arzularım olub. Uşaq vaxtı idmanı çox sevirdim, hətta bir müddət idmanla da məşğul olmuşam. Arzum idi ki, idman müəllimi olub, amma iş belə gətirdi”.
B.Babayeva işdən qorxan gənclərə də səslənib: “İşdən heç vaxt qorxmamışam. Maşın da yükləmişəm, daş da daşımışam, palçıq da vurmuşam. Hərdən bura boylu-buxunlu oğlanlar gəlir. Bir-iki gün, yaxud bir-iki ay işləyib qaçırlar, deyirlər ağırdır, gücümüz çatmır. Onlara deyirəm ki, mənə baxın örnək götürün. Mən yayı da, qışı da dözürəm, getmirəm. Özü də deyim ki, yayda işləmək daşlar isti olduğuna görə çox çətin olur. Amma dözürəm. Onda deyirəm ki, niyə işdən qorxum, iş məndən qorxsun. Həmişə o oğlanlara deyirəm ki, qorxmayın və iş yoxdur deməyin, iş həmişə var, elə buyurub gəlsin mənimlə birgə işləsin. Bircə onu bilsinlər ki, insan işlədikcə bədən də ölmür, həmişə gümrah qalır”.
Daha ətraflı videomaterialı təqdim edirik:
31 Yanvar 2025
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ