İnsanlara hürriyət, millətlərə istiqlal!

Professor İlham Rəhimovun doğum günüdür

Bu gün hüquq elmləri doktoru, professor İlham Rəhimovun doğum günüdür. Bu münasibətlə hörmətli professoru təbrik edir, ona cansağlığı arzu edirik.

Həm Azərbaycanın, həm də Rusiya və qardaş Türkiyənin elmi və işgüzar dairələrində yaxşı tanınan İlham Rəhimov tərcümeyi-halı zəngin və həyat yolu şərəfli olan dəyərli ziyalılarımızdandır.

14 yanvar 1951-ci ildə Tovuz rayonunda anadan olan İlham Rəhimov Leninqrad (hazırkı Sankt-Peterburq) Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1988-ci ildə həmin universitetdə doktorluq dissertasiyası müdafiə edib. Bununla da postsovet məkanında cinayət hüququ sahəsində ən gənc elmlər doktoru olub. 1996-cı ildə isə professor elmi adını alıb.

Əmək fəaliyyətinə Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi kimi başlayıb. Uzun müddət Azərbaycan Respublikası Ədliyyə Nazirliyində idarə rəisi vəzifəsində işləyib. 1996-2000-ci illərdə müxtəlif ali məktəblərdə hüquq fənnindən dərs deyib. “İslah-əmək təsirinin nəzəri və praktiki problemləri”, “Məhkəmə proqnozlaşdırılmasının nəzəriyyəsi”, “Cəzanın fəlsəfəsi və onun vəzifəsinin problemləri”, “Cinayətkarlıq və cəza”, “Cinayət və cəzanın fəlsəfəsi”, "Dünya dinlərində cinayət və cəza", "Tarixi, dini, hüquqi və fəlsəfi aspekt" (Sankt-Peterburq, 2023) kitablarının müəllifidir.

2005-ci ildə Azərbaycan və Rusiya arasında dostluq əlaqələrinin və əməkdaşlığın möhkəmləndirilməsi sahəsində gördüyü işlərə görə 2-ci dərəcəli “Böyük Pyotr” ordeni ilə təltif olunub. O birinci azərbaycanlıdır ki, bu ordenə layiq görülüb. 2009-cu ildə Beynəlxalq Qara dəniz və Xəzər dənizi əməkdaşlıq və tərəfdaşlıq fondunun direktorlar Şurasının Fəxri üzvü seçilib. Xalqlar və dinlərin bir-birinə yaxınlaşması, eləcə də cəmiyyətin inkişafında xidmətlərinə görə Beynəlxalq fondun diplom və medalları ilə təltif olunub. 2011-ci ildə Azərbaycan prezidentinin qərarı ilə ona “Azərbaycan Respublikasının əməkdar hüquqşünası” fəxri adı verilib. Həmçinin Fransanın “Beynəlxalq İnsan hüquqları müdafiə komitəsinin” I dərəcəli (ali) “Aypara və ulduz” ordeni ilə təltif edilib və ona Beynəlxalq “Aypara və ulduz” ordeninin kavaleri fəxri adı verilib.

Bundan əlavə, 2014-cü ildə mərkəzi ofisi Nyu-Yorkda yerləşən Albert Eynşteyn adına Beynəlxalq Fondun laureatı adına layiq görülüb. Eyn ildə İstanbulda “Qara Dəniz-Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq üzrə Beynəlxalq Fondunun fəaliyyətinin inkişafına verdiyi xüsusi töhfəyə görə” mükafata layiq görülüb. Yenə həmin ildə ona Bolqarıstan EA-nın “Doktor Honoris Kauza” ali mükafatı təqdim olunub. 2015–ci ildə demokratik cəmiyyət quruculuğu və hüquqi dövlət institutlarının inkişafındakı xidmətlərinə görə “Femida” ali hüquq mükafatına layıq görülüb. 2016-cı ildə Sofiyada “Qara dəniz-Xəzər regionu ölkələrində hüquq nəzəriyyəsi və praktikasının inkişafında aktual problemlər” mövzusunda beynəlxalq dəyirmi masanın yekununda Qara dəniz-Xəzər regionu ölkələrinin Hüquqşünaslar Assosiasiyası yaradılıb və bu qurumun rəhbəri seçilib. 2017-ci ildə Rusiya-Azərbaycan və Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında göstərdiyi xidmətlərə görə Mahmud Qaşqari adına Beynəlxalq Fondun mükafatına layiq görülüb.

13 yanvar 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında hüquq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

2021-ci ilin sentyabrında Rusiya Federasiyası Hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquqşünaslıq İnstitutunun fəxri professoru seçilib.

Professor iş adamı olaraq da geniş ictimaiyyətə yaxşı tanışdır. O, həm bir elm, həm də iş adamı və ziyalı olaraq, Azərbaycan-Rusiya, Rusiya-Türkiyə münasibətlərinin inkişafında özünəməxsus töhfələr verib və verməkdədir. O, həmçinin, Rusiya kimi bir superdövlətin prezidenti Vladimir Putinlə şəxsi dostluğu sayəsində Rusiyada yaşayan yüz minlərlə azərbaycanlı üçün bir hüquq müdafiəçisi qismində tanınır.

Professor Rəhimov hər addımda türk milli kimliyini yüksəkdə tutan və bütün məsələlərə Azərbaycanın maraqları prizmasından baxmağı, şəxsi əlaqələrini təmsil etdiyi millətin xeyrinə xərcləməyi bacaran şəxs kimi bir çoxlarına örnək sayıla bilər.
Dəyərli ziyalımızı ad günü münasibətilə bir daha təbrik edir, ona uzun ömür, Azərbaycan xalqı və dövləti naminə elmi və işgüzar fəaliyyətində yeni-yeni uğurlar arzu edirik.

Professor İlham Rəhimovun elmi fəaliyyəti və təltifləri ilə bağlı daha detallı olaraq bu istinad üzərindən tanış olmaq mümkündür.

https://az.wikipedia.org/wiki/İlham_Rəhimov

“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR