Onlayn ictimai-siyasi qəzet
Kolumbiyada prezident seçkiləri öncəsi siyasi arenanı sarsıdan ağır silahlı hücum baş verib.
Musavat.com xəbər verir ki, mühafizəkar senator, prezidentliyə namizəd Miquel Uribe seçki kampaniyası çərçivəsində paytaxt Boqotada çıxış edərkən naməlum şəxs tərəfindən atəşə tutulub.
Hadisə zamanı siyasətçi iki dəfə başından, bir dəfə isə dizindən yaralanıb. Həkimlərin verdiyi məlumata görə, Uribenin vəziyyəti son dərəcə ağırdır və o, hazırda həyat uğrunda mübarizə aparır.
Sui-qəsd Boqotadakı Santa-Fe klinikasında təcili əməliyyatla nəticələnib. Şəhər meri Karlos Qalan ilk tibbi müdaxilənin uğurla icra olunduğunu, lakin Uribenin vəziyyətinin hələ də kritik olduğunu açıqlayıb. Sosial şəbəkələrdə yayılan videolarda Uribenin səhnəyə çıxaraq çıxışa başladığı anda atəş səslərinin eşidildiyi, ardınca onun yerə yıxıldığı, ətrafdakıların isə köməyə tələsdiyi əks olunub.
Kolumbiya hüquq-mühafizə orqanları hadisə yerində 15 yaşlı yeniyetməni saxlayıb. Onun hücumla birbaşa əlaqəli olduğu bildirilir. Hücum nəticəsində daha iki nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hücumun motivi və arxasında hansı qüvvələrin dayandığı hələlik açıqlanmayıb.
Kolumbiya prezidenti Qustavo Petro baş verənləri “demokratiyaya qarşı hücum” və “ağrılı gün” kimi qiymətləndirib. Maraq doğuran məqam isə ondan ibarətdir ki, Petro bundan əvvəl dəfələrlə Miquel Uribeni kəskin şəkildə tənqid etmişdi. ABŞ-ın dövlət katibi Marko Rubio isə Kolumbiya hökumətinə sərt xəbərdarlıq edərək, Petro administrasiyasını “zorakı solçu ritorikanı yaymaqda” ittiham edib və prezidentin “təxribatçı çıxışlarına dərhal son qoymasını” tələb edib.
Musavat.com bildirir ki, Miquel Uribe Kolumbiyanın tanınmış siyasi ailələrindən birinə mənsubdur. Onun babası Xulio Sesar Turbay 1978–1982-ci illərdə Kolumbiyanın prezidenti olub. Anası Diana Turbay isə tanınmış jurnalist idi. O, narkobaron Pablo Eskobarın rəhbərlik etdiyi Medellin karteli tərəfindən oğurlanmış və 1991-ci ildə həyata keçirilən uğursuz xilasetmə əməliyyatı zamanı həlak olmuşdu.
Kolumbiya Müdafiə Nazirliyi sui-qəsdlə bağlı araşdırma aparıldığını elan edib və hadisənin təfərrüatlarının üzə çıxarılması üçün yardım edəcək şəxslərə 615 min avro məbləğində mükafat vəd edib.
Musavat.com
08 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ