İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentlər Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar.

Musavat.com xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli görülən işlər barədə dövlət başçılarına məlumat verdi.

Bildirildi ki, Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq abidələrindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindəndir. Kompleksin ərazisinə tarixi abidələr, Pənahəli xanın iqamətgahı, qonaq evi, Mehdiqulu xanın məqbərəsi, Xanoğlan məqbərəsi, İbrahim xanın məqbərəsi, Pənahəli xanın məqbərəsi, Xurşidbanu Natəvanın abidəsi və qəbiristanlıq daxildir. Xan sarayının yaxınlığında yerləşən və Qarabağ xan nəslinin bir çox nümayəndələrinin dəfn edildiyi İmarət qəbiristanlığı erməni vəhşiliyinin canlı şahididir. Ağdam şəhəri işğal olunduqdan sonra İbrahimxəlil xanın türbəsi və Xurşidbanu Natəvanın qəbirüstü abidəsi ermənilər tərəfindən dağıdılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq tapşırığına əsasən, bu kompleksin bərpası işlərinə başlanılıb. Həmçinin 2022-ci il oktyabrın 4-də XIX əsr Azərbaycan romantik şeirinin görkəmli nümayəndəsi, şair, rəssam, xan qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin bərpadan sonra açılışı olub.

İlkin konsepsiyaya əsasən, kompleks Pənahəli xanın sarayı, məqbərələr, kassa, məlumat mərkəzi və Qarabağ atları parkından ibarət olacaq. Pənahəli xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək.

Sonra dövlət başçıları Qarabağ atlarına baxdılar.

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə etdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR