İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin Şuşadan mesajı: Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir

İyulun 6-da Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının növbəti qeyri-rəsmi zirvə görüşü keçirildi. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə hər il keçirilən zirvəni bu il erməni işğalından azad olunmuş Şuşa şəhərində keçirilməsi xüsusilə fərqləndirdi. Tədbirdə iştirak və çıxış edən dövlət başçıları birmənalı şəkildə təşkilatın gücünə güc qatılmasının, qüdrətinin artırılmasının zəruriliyini vurğuladılar, türk dövlətlərinin birgə icra etdikləri layihələrin icrasında daha böyük uğurun əldə olunması üçün təkliflərini səsləndirdilər.

Qeyd edək ki, 2024-cü ilin 1-ci rübündə Türk dövlətlərinin ÜDM-i 518,4 milyard ABŞ dolları, ticarət dövriyyəsi 285,7 milyard ABŞ dolları təşkil edib. 2024-cü ilin ilk rübündə iqtisadi artım Türkiyədə 5,7 faiz, Azərbaycanda 4 faiz, Özbəkistanda 6,2 faiz, Qırğızıstanda 8,8 faiz, Qazaxıstanda 3,7 faiz,  Macarıstanda 1,1 faiz, Şimali Kipr Türk Respublikasında 3,5 faiz və Türkmənistanda 6,3 faiz olub ki, bununla da Türk dövlətlərinin iqtisadi artımı orta hesabla 4,9 faiz qeydə alınıb(İİTKM, Türk İqtisadi İcmalı).

Azərbaycanda iqtisadi artım neft və qaz sektoru ilə yanaşı, qeyri-neft sektorunda, xüsusilə kənd təsərrüfatı və istehsalatda qeydə alınıb. Qazaxıstan iqtisadiyyatında mədənçıxarma və tikinti sahələrində nəzərəçarpan artım və inflyasiyanın sabitliyi müşahidə edilib. Qırğızıstanda mədənçıxarma və xidmət sektorlarında birbaşa xarici investisiyaların (BXİ) axınının artması müşahidə olunur. Türkiyə iqtisadiyyatı 2024-cü ilin 1-ci rübündə daxili tələbatın yüksəlməsi və ixracın canlanması nəticəsində 5.7% artıb, işsizlik səviyyəsi 9,8%-ə enib ki, bu da əmək bazarı şəraitinin yaxşılaşdığını göstərir. Türkmənistan iqtisadiyyatı infrastruktura investisiyalar və qaz ixracı ilə dəstəklənən artım sayəsində fiskal sabitliyi təmin edib ki, təbii qaz ixracından artan gəlirlər hesabına fiskal profisitə malik olub. Özbəkistanda infrastruktura və istehsala yönələn investisiyalar hesabına güclü iqtisadi artım qeydə alınıb və iqtisadiyyatın dayanıqlığını gücləndirən xarici ehtiyatların payının çoxalmasını təmin edib. Macarıstan iqtisadiyyatı sənaye istehsalı və ixracı ilə dəstəklənən artım nümayiş etdirib, dövlət borcunun azalması, fiskal dayanıqlığın yaxşılaşması baş verib. Şimali Kipr isə turizm və tikinti fəaliyyətləri hesabına artım əldə etməklə iqtisadi fəallığını yüksəldib.

e6abc382-8dad-3e04-b145-f51411c6.jpg (135 KB)

Azərbaycanın dövlət başçısının da vurğuladığı kimi, Türk dünyası böyük coğrafi məkanı əhatə edir:

“Üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensial döyüş meydanlarında özünü dəfələrlə göstərib. Zəngin təbii resurslar, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tarix, habelə mədəniyyət türk dünyasının böyük sərvətidir”.

Bu gün türk dövlətləri qlobal əhəmiyyətli layihələrin icrasını həyata keçirirlər. Bunlardan ən mühümü, əlbəttə, Şərq-Qərb, yaxud Transxəzər nəqliyyat dəhlizidir. 2014-cü ildən fəaliyyət göstərən bu dəhliz Çin, Özbəkistan, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Avropa ölkələrinə qədər uzanır. 2023-cü ildə bu marşrutla 2,8 milyon tona yaxın yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 86  faiz çoxdur. 2024-cü ildə yükdaşımaların həcmi 4 milyon tonu keçəcək. Bu ilin sonuna qədər Orta Dəhliz vasitəsilə 250-yə yaxın konteyner bloku qatarının göndərilməsi planlaşdırılır.

Türk dövlət başçılarının Şuşa zirvəsində gündəm mövzusu olan Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsinin vacibliyini vurğulayan İ.Əliyev onun prioritet məsələ olduğunu qeyd etdi:

e15a1bb7-fd89-3769-9e5a-6e992a32.jpg (160 KB)

“Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi qarşımızda duran prioritet məsələlərdən biridir. Orta Dəhlizin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona çatdırılıb.

Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək”.

Azərbaycan Şərq-Qərb dəhlizinin inkişafına çox böyük töhfələr verir. Artıq əksər beynəlxalq analitik mərkəzlərdə bi dəhlizin inkişafından iştirakçı ölkələrin böyük fayda görəcəyini açıqlayırlar.

"Fitch Solutions" (FS) şirkətinin ekspertləri hesab edirlər ki, Rusiya-Ukrayna müharibəsi Orta Dəhliz ticarət marşrutuna qlobal marağın yenidən artmasına səbəb olub:

"Dünya Bankı hesab edir ki, Orta Dəhliz üzrə ticarət həcmi 2030-cu ilə qədər üç dəfə artacaq. Azərbaycan Xəzər dənizi sahili sayəsində Mərkəzi Asiyanı Qafqaza, oradan da Avropaya birləşdirən bu ticarət yolunun mühüm hissəsi olacaq.

Azərbaycanın Şərqlə Qərb, Şimal və Cənub arasında strateji kəsişmə nöqtəsində yerləşən coğrafi mövqeyi onun Qoşulmama Hərəkatının sədri kimi geosiyasi mövqeyini təqdir edir. Məsələn, 2017-ci ildən tikintisi davam etdirilən Bakı-Quba-Rusiya ödənişli avtomobil yolunun 2023-cü ilin oktyabrında açılışı olub, eyni zamanda Bakı-Tiflis-Qars dəmir yolunun təkmilləşdirilməsi işləri 2024-cü ildə başa çatdırılıb".

Ekspertlərə görə, dəyişikliklər, ticarət həcminin daha çox artacağı ilə bağlı gözləntilər Çin və Avropa İttifaqı arasında Orta Dəhliz marşrutu ilə yükdaşıma qabiliyyətini beş dəfə artıracaq: "Biz bununla bağlı sabit sərmayənin əvvəlki onillikdəki 3 faiz azalmadan, növbəti beş ildə orta hesabla illik 6,3 faiz artacağını proqnozlaşdırırıq".

“Moody's” beynəlxalq reytinq agentliyinin ekspertləri də bu fikirdədirlər ki, Orta Dəhlizin Avropa və Asiya arasında mühüm nəqliyyat qovşağı kimi əhəmiyyəti və Azərbaycana qoyulan investisiyalar onun iqtisadi perspektivlərinin hərəkətverici qüvvələridir, və bunların ölkənin iqtisadi inkişaf baxımından göstəricilərinə təsiri zamanla nəzərə çarpacaq dərəcədə olacaq:

“Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsi ilə bağlı fəallığın artması nəqliyyat və logistika sektorunda dayanıqlı göstəricilərin əsasını təşkil edir. Onun Çin və Avropa İttifaqı (Aİ) arasında ticarət əlaqələri üçün alternativ marşrut kimi artan əhəmiyyətini nəzərə alsaq, bu sektorda gələcək artımın iqtisadiyyatın şaxələndirilməsinə dəstək verəcəyini söyləyə bilərik”.

1713194645_orta-dehliz.jpg (55 KB)

Agentliyin hesabatında qeyd olunub ki, daha böyük və şaxələndirilmiş nəqliyyat-logistika sektorunun iqtisadiyyatda daha çox müsbət xarici təsirləri olacaq və bu da Azərbaycanın dayanıqlığını və kredit profilini gücləndirə bilər: “İqtisadiyyatın şaxələndirilməsində əlavə irəliləyişlər də zaman keçdikcə daha çox şaxələnmiş dövlət gəlirləri və valyuta gəlirlərinə yayıla bilər”.

Azərbaycan həmçinin Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsinin icrasına başlayıb. Qeyd edək ki, 2022-ci ilin dekabrında Buxarestdə  “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i imzalanıb. Avropa Komissiyası sazişdə nəzərdə tutulan Qara dənizin dibi ilə 1195 kilometrlik kabelin çəkilişi üçün 2,3 milyard avro vəsait ayırıb. Azərbaycandan Avropaya elektrik enerjisi ötürəcək sualtı kabel xəttinin çəkilməsi layihəsinin texniki-iqtisadi əsaslandırmasını İtaliya şirkəti hazırlayır. Bu iş Dünya Bankının ayırdığı 2,5 milyon avro hesabına həyata keçirilir. 2023-cü ilin iyulunda Sazişin iştirakçısı olan dörd ölkə arasında birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.

İlkin olaraq Qara dənizin dibi ilə Avropaya 1 Mvt gücündə kabelin çəkilməsi planlaşdırılsa da, Azərbaycanın təklifi ilə güc 4 Mvt-a çatdırılıb. Layihənin texniki-iqtisadi əsaslandırılmasının tezliklə başa çatacağı gözlənilir.

2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə iki qardaş ölkə - Qazaxıstan və Özbəkistan da layihəyə qoşulublar. 2024-cü il mayın 1-də üç ölkənin iqtisadiyyat və energetika nazirləri üç ölkənin enerji sistemlərinin inteqrasiyasına dair əməkdaşlıq memorandumu imzalayıblar. Bakı, Astana və Daşkənd həmçinin yaşıl enerjinin istehsalı və onun Avropaya ixracı üzrə birgə məqsədlər müəyyən edib. Memorandum iştirakçıların Xəzər dənizinin dibi boyunca və digər ölkələrin ərazisində yüksək gərginlikli kabel çəkməklə texniki və iqtisadi baxımdan ən optimal yaşıl enerji ticarətinin həyata keçirilməsi ilə Azərbaycan və Qazaxıstan və Özbəkistandan enerji sistemlərinin birləşdirilməsi imkanlarını araşdırmaq niyyətində olduğunu nəzərdə tutur.

Əvvəllər Xəzərin dibi ilə dərin dəniz kabelinin çəkilməsi üçün texniki şərt layihəsi hazırlanıb. Memoranduma əsasən texniki tapşırığın bir hissəsi olaraq yaşıl enerjinin satışı üçün beynəlxalq ötürmə dəhlizlərinin (maliyyələşdirmə, gəlir axını və mülkiyyət) inkişafı üçün təklif olunan biznes modeli hazırlanacaq. Üç ölkənin energetika nazirlikləri arasında Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemləri arasında qarşılıqlı əlaqə üzrə əməkdaşlıq memorandumunun layihəsi hazırlanıb.

Daha sonra Qazaxıstan, Azərbaycan və Özbəkistan Avropa İttifaqı ölkələrinə yaşıl enerji satmaq üçün enerji sistemlərinin inteqrasiyası və Xəzər dənizinin dibi ilə yüksək gərginlikli kabelin çəkilməsi layihəsinin texniki-iqtisadi əsaslandırmasını (TES) hazırlamağa başlayıblar. Bununla bağlı təmiz elektrik enerjisi almaqda maraqlı olan Aİ ölkələri ilə ilkin işlər aparılıb. Elektrik enerjisinin ixracı üçün Xəzəryanı və Aral zonalarının külək potensialından istifadə edilməsi planlaşdırılır. Bu ilin sonunadək Özbəkistan və Qazaxıstandan yaşıl enerjinin Azərbaycana, ölkəmiz üzərindən isə Avropaya çatdırılmasını nəzərdə tutan layihənin texniki-iqtisadi əsaslandırmasının başa çatdırılması gözlənilir.

1d0ec5cf-938d-3423-bab0-babd817b.jpg (86 KB)

Azərbaycanla Qazaxıstan daha bir regional əhəmiyyətli layihədə işbirliyindədirlər. Söhbət “Rəqəmsal İpək Yolu” layihəsindən gedir. “Rəqəmsal İpək Yolu” layihəsi Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutunun yaradılmasını nəzərdə tutur. Hazırda layihənin icrası, yerüstü və sualtı marşrutlar üzə fiber-optik kabel xətlərinin çəkilməsi istiqamətində işlər aparılır. Layihənin tamamlanmasından sonra yüksək sürətlə məlumatların ötürülməsinə imkan verəcək magistral rabitə xətləri Avropa və Asiya arasında rəqəmsal əlaqənin qurulmasını təmin edəcək. Layihənin Qafqaz, Mərkəzi və Cənubi Asiya da daxil olmaqla bütün regionda rəqəmsallaşmanın inkişaf etdirilməsində və rabitənin daha geniş yayılmasında mühüm rol oynayacağı gözlənilir. Eyni zamanda, “Rəqəmsal İpək Yolu” layihəsi regionun “Google”, “Amazon”, “Netflix” və digər qlobal şirkətlər üçün potensial fəaliyyət istiqamətinə çevrilməsinə imkan yaradır.

Azərbaycan beynəlxalq və regional layihələrlə yanaşı, işğaldan azad etdiyi torpaqların bərpası kimi ağır bir işin öhdəsindən də layiqincə gəlməkdədir:

eliyev_sakinler11697539419.jpg (52 KB)

“Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” Proqramı icra olunur. Ermənistan işğal dövründə bu ərazilərdə bütün şəhər və kəndləri yerlə-yeksan etmişdir. İndi isə bu torpaqlara həyat qayıdır. Cari ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq. “Böyük Qayıdış” Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıdıb”.

Azad olunan  ərazilərin bərpasına külli miqdarda vəsait sərf edən Azərbaycan eyni zamanda Türk Dövlətləri Təşkilatının güclənməsinə maddi töhfəsini artırır:

“Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturu nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli deyil. Buna görə, Azərbaycan bu günlərdə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürmüşdür”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR