İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin nizamlı Qarabağ planı - sürətli, incə və dahi gedişlər!

44 günlük müharibədəki Zəfərimiz, Şuşada 12 dekabrda başlayan aksiya və Xankəndidə dalğalanan bayrağımız...

Azərbaycanın Qarabağı işğaldan azad etməsi, suverenliyimizin tam bərpa olunması böyük bir siyasi və hərbi tarixdir. Prezident İlham Əliyev elə bir usta gediş, elə bir siyasi və hərbi taktikalar qurdu ki, buna kimsə mane ola bilmədi. Nəticə isə göz önündədir. Zəfər günü ərəfəsində 2020-ci ilin sentyabrından 2023-cü ilin sentyabrna qədərki dövrü təhlil edəndə, olduqca möhtəşəm bir mənzərənin, sürətli, incə gedişlərin və onların böyük nəticələrinin fərqinə varırıq:

- 2020-ci ilin payızında başlayan müharibə cəmi 44 gün sonra Şuşada bayrağımızın ucaldılması, Zəfərimlə yekunlaşdı;

- ardınca azad edilmiş ərazilərdə sürətli bərpa-quruculuq işlərinə başlanıldı və inanılmaz nəticələr ortaya qoyuldu;

- separatçı rejimin məhvi istiqamətində qurulan taktika çox möhtəşəm oldu;

- 12 dekabr 2022-ci ildə QHT-lərin Xankəndi Laçın yolunun Şuşadan keçən hissəsində başlatdıqları aksiya əslində Xankəndidə bayrağımızın ucaldılması ilə nəticələnən prosesin başlanğıcı kimi qiymətləndirilə bilər;

- nəhayət, cəmi 1 günlük antiterror tədbirləri ilə seprataçı rejim məhv edildi! Qısa xronologiyanı təsadüfən xatırlatmadıq. Bəziləri 2020-ci ilin sonlarında və hətta 2022-ci ildə elə düşünürdü, bəzi müxaliflər belə təbliğat aparırdı ki, Azərbaycan 2020-ci il 8 noyabrda üçtərəfli bəyanatla təsbit edilmiş status-kvonu dəyişməyə cürət etməyəcək və əksər ərazilərlə Şuşanın azad edilməsi maksimal hədd olacaq. Onlar bunu belə əsaslandırırdılar ki, beynəlxalq aləm ermənilər yaşayan Azərbaycan ərazisində hər hansı əməliyyat keçirməyə və bu ərazilər üzərində Azərbaycanın nəzarətini, suverenliyini bərpa etməyə imkan verməyəcək. Həmin dövrdə əsasən ABŞ və Qərb ölkələrinin tutduğu mövqe, verilən bəyanatlar belə proqnozlar üçün əsaslar yaradırdı...

2022-ci ilin sonu, 2023-cü ilin əvvəllərində Azərbaycanın vətəndaş cəmiyyəti institutu təmsilçiləri, hüquq-müdafiə təşkilatları, eko-fəallar Laçın yolu üzərində etiraz aksiyasına başlayanda, müharibədən sonrakı dövrdə həmin ərazilərdə qalan Ermənistan silahlı qüvvələrinin qalıqlarının ardıcıl təxribatlarına Azərbaycan Ordusu tərəfindən cavab tədbirləri görüləndə bəzi region ölkələri və Qərb dairələrinin məsələnin mahiyyətinə varmadan, heç bir araşdırma aparmadan verdikləri bəyanatlar Azərbaycana qarşı təzyiq cəhdindən başqa bir şey deyildi. Həmçinin ölkədə bəziləri Şuşadakı aksiyanı tənqid də edirdilər, uzun müddət davam edən aksiyanın hətta guya Azərbaycanın zərərinə çevrildiyini iddia edənlər də var idi.

Bütün bu dönəmlərdə biz şahidi olduq ki, Azərbaycana, şəxsən Prezident İlham Əliyevə qarşı hansı təzyiqlər, çirkin kampaniyalar aparıldı. Məqsəd təbii ki, Prezident İlham Əliyevi planlarından çəkindirmək və Azərbaycanın öz ərazisi üzərində tam suverenliyini bərpa etməsinə imkan verməmək, 2020-ci ildəki 44 günlük müharibənin  nəticələri ilə məhdudlaşmağa məcbur etmək idi.

Ancaq biz şahidi olduq ki, Prezident İlham Əliyev çox möhtəşəm taktikalarla, cəsarətli siyasəti, yüksək iradəsi və çevik ağlı ilə hansı mühüm nəticəyə nal oldu! 200 illik məsələ tam çözüldü, suverenliyimiz tam bərpa oldu, Qarabağdakı separatçı xunta rejimi təslim oldu. Azərbaycan Prezidenti İlham Əliyevin taktikası bu dəfə də dünyanı heyrətə gətirən qələbəni gerçəkləşdirdi.

Rusiya separatçıları himayə etsə də, Bakının mövqeyi ilə barışmalı olacaq”  - Politoloq - GlobalInfo.az

Murad Sadəddinov

Bu mövzuda fikirlərini “Yeni Müsavat”la bölüşən politoloq Murad Sadəddinov bildirdi ki, separatçı rejimin çökdürülməsinin başlanğıcı 44 günlük müharibənin nəticəsində start götürmüşdü. 12 dekabr 2022-ci ildə Xankəndi-Laçın yolunda başlanan aksiya isə bu prosesin bir elementi idi. 44 günlük müharibədə Azərbaycan Ordusu Qarabağdakı separatçı rejimi qoruyan silahlı qüvvələrin böyük bir hissəsini darmadağın etmişdi. Separatçı quruma hər cür dəstək verən Ermənistanın ordusu diz çökdürülmüşdü, müharibədən sonrakı dövrdə isə diplomatik savaşda Azərbaycan Prezidentinin qətiyyəti, düzgün seçilmiş strategiyası Ermənistanın əlinin-qolunun bağlanmasına gətirib çıxardı: “Bütün bu gedişat Qarabağdakı separatçı rejimin çöküşünü yaxınlaşdırırdı. 19-20 sentyabrda 23 saatlıq antiterror tədbiri isə quldur rejimin dəfn olunması idi. Azərbaycanın apardığı proses elə vəziyyət yaratdı ki, həmin gün hətta Ermənistanın özü hadisələrə müdaxilə etməmək yolunu seçdi. Beynəlxalq aləm də Azərbaycanın öz ərazilərində apardığı antiterror tədbirinə qarşı çıxmadı, bunu normal qəbul etdi. Beynəlxalq birliyin Azərbaycana təzyiq eləmək imkanları da məhdudlaşıb. Burada Azərbaycanın özünün güclənməsi, beynəlxalq aləmdə nüfuzunun, çəkisinin artması faktoru öz sözünü deyir. Bu faktor Azərbaycanın öz haqlı mövqeyini müdafiə etmək və qəbul etdirmək üçün imkanlar yaratdı. 44 günlük müharibədə qələbədən sonra Azərbaycan Ordusunda yeni komando briqadaları yaradıldı. Ordumuzun gücü 44 günlük müharibədən sonra daha da artdı. Qarabağda Fərrux yüksəkliyi və bir sıra mühüm strateji nöqtələr 44 günlük müharibədən sonrakı vaxtlarda ordumuz tərəfindən əldə edildi. Bütün bu faktorlar ona gətirib çıxardı ki, Xankəndidəki separatçı rejim və onun tabeçiliyində olan silahlı birləşmələr antiterror tədbirində cəmi 23 saat duruş gətirə bildi və ağ bayraq qaldırdı”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR