Onlayn ictimai-siyasi qəzet
Ötən həftə Azərbaycanda TÜRKPA-nın plenar iclası keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul edib.
Qəbul zamanı Prezident İlham Əliyev türk dövlətlərinin birliyi haqda gələcəyə yönəlik maraqlı fikirlər bildirib. Prezident deyib ki, belə toplantılar bir qayda olaraq Türk dünyasının birliyinin təzahürü olur, Bakı toplantısı da istisna olmayacaq: “Türk dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər. Bildiyiniz kimi, Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub. Builki prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışımda bildirmişdim ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Əslində, bu, ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Şadam ki, son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir.
Bildiyiniz kimi, mənim təşəbbüsümlə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Mən hesab etdim ki, ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz. Çünki həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur. Çox şadam və həmkarlarıma minnətdaram ki, onlar bu təşəbbüsü dəstəkləyiblər və düz bir aydan sonra Şuşa şəhərində qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. O görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Bu da təbiidir. Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. Orta dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. Mən hesab etdim ki, indiki zəmanədə Orta dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. Biz bu mövzu ilə bağlı, gələcək addımlarımızla bağlı geniş fikir mübadiləsi aparmalıyıq.
İqlim məsələləri isə bu gün Azərbaycanın gündəliyində duran əsas vəzifələrdən biridir. Bildiyiniz kimi, Azərbaycan bu il COP29 konfransına ev sahibliyi edəcək. Bu, bizim üçün həm böyük məsuliyyətdir, həm də böyük şərəfdir. Bu qlobal tədbirə hazırlıq ərəfəsində, əlbəttə ki, qardaş ölkələrlə bu məsələləri də müzakirə etmək böyük fayda verəcəkdir".
Aydın Hüseynov
Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, Azərbaycan Prezidenti Türk dünyasının birliyi, Türk Dövlətləri Təşkilatının daha da güclənməsi, dünyada əsas söz sahiblərindən birinə çevrilən ittifaq olması üçün böyük missiyanı həyata keçirən liderdir. TÜRKPA-nın son toplantısı, Prezidentin dediyi kimi, Türk dünyasnın birliyi üçün böyük əhəmiyyət daşıyır. Müzakirə edilən məsələlərin türk dövlətlərinin birliyini daha da gücləndirəcəyinə şübhə yoxdur: “Prezident İlham Əliyevin TÜRKPA nümayəndə heyəti ilə görüşündə söylədiyi fikirlər, ideyalar Türk dünyasının təkcə bu günü deyil, gələcəyi üçün də əhəmiyyətlidir. Dövlətimizin başçısı bildirdi ki, əsas vəzifələrdən biri türk dövlətləri arasında əməkdaşlığı genişləndirmək və dərinləşdirməkdir. Onun da qanadlarından biri qanunverici orqandır. Bu gün Türk dünyasının birləşməsi yolunda inamlı addımlar atılır. TÜRKPA-nın Bakıda keçirilən plenar iclası da bunu bir daha sübuta yetirdi. Azərbaycan həm də birliyin daha geniş və davamlı olmasına çalışan və hərəkətverici qüvvəyə malik ölkə kimi özünü artıq təsdiq edib. Təbii ki, digər Türkdilli ölkələr də Türk dünyasının birləşməsi istiqamətində böyük səylər göstərirlər. Azərbaycan xarici siyasətinin əsas istiqamətlərindən biri də Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsidir. Əlaqələrimiz bütün sahələrdə intensiv xarakter alıb və zamanın tələblərinə uyğun olaraq inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının bir qrupunu qəbul edərkən də söhbətin əsas məğzini Türkdilli ölkələr arasında əlaqələrin bundan sonrakı inkişafı təşkil edib”.
Deputat qeyd etdi ki, cənab Prezident Türk dünyasnın çox böyük potensialının olduğunu, birliyimizin bu potensialın daha böyük işlər görməyimizə, dünyada gücə çevrilməyimizə gətiriib çıxaracağını ifadə etdi: “Bəli, Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması-bunlar, böyük bir güc potensialıdır. Azərbaycan Prezidentinin "Bizim vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək, əminəm ki, bu olacaq, biz bunu görürük. Hər bir toplantı, hər bir Zirvə görüşü bizim məqsədlərimizə doğru atılan növbəti addım olur" sözləri, şübhəsiz, Türk Dövlətləri Təşkilatına daxil dövlətlər və onların xalqları tərəfindən bir yol xəritəsi kimi qəbul ediləcək".
Yazını hazırladı: Etibar SEYİDAĞA
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ