Onlayn ictimai-siyasi qəzet
Qərb ölkələrinin, xüsusilə ABŞ və Fransanın son zamanlar artan anti-Azərbaycan ritorikasına Prezident İlham Əliyev reaksiya verib.
Dövlət başçısı xüsusilə Fransanın Cənubi Qafqazda çox destruktiv rol oynandığını bir daha bəyan edib: “Əslində indi Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Bizə heç bir müharibə lazım deyil. Biz öz ərazimizdə vuruşurduq və ədaləti, beynəlxalq hüququ bərqərar etdik. Lakin Ermənistan hökuməti və siyasi isteblişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar əslində Ermənistan hökumətində və ola bilsin, ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır. Ermənistanı silahlandırmaqla hansı ki, Fransa qürur duyur və bunu ictimai şəkildə bildirir. Ermənistan yeni bir müharibəyə başlamaq qərarı versə, bu, ona kömək etməyəcək. Nəticə eyni olacaq. Heç kəs onlara kömək etməyəcək. Üç il bundan əvvəl Fransa onlara kömək etdi? Xeyr. İki ay bundan əvvəl onlara kömək etdi? Xeyr. Onlar burada nə edə bilərlər. Heç nə”.
Dövlət başçısı deyib ki, Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır: “Xüsusilə qanlı müstəmləkə keçmişinə malik olan ölkələrin ambisiyaları üzərində qurmamalıdırlar. Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz. Ermənistan indi dünyanın müxtəlif yerlərində olan diaspor təşkilatlarından Azərbaycana hər yerdə hücum etmək üçün istifadə edir. Lakin onlar üçün bu, sıfır nəticə verəcək. Biz sülhə hazırıq, lakin ədalətli sülhə, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında olan sülhə. Biz sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırıq. Beləliklə, mən həmkarımı bu barədə məlumatlandırdım ki, Cənubi Qafqazda real vəziyyəti daha yaxşı anlamaq mümkün olsun”.
Güman etmək olar ki, bu fikirlər həm də ötən həftə ABŞ-da anti-Azərbaycan qərarlarına cavabdır. Dövlət başçısı əminliklə deyib ki, bu cəhdlər “sıfır nəticə” verəcək.
Abutalıb Səmədov
Siyasi şərhçi Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan hökuməti Fransanın, həmçinin ABŞ-ın marionetinə çevrilib: “Fransa hesab edir ki, Cənubi Qafqazda Rusiyanın yeri tamamilə boşalacaq və boşalan yeri onlar tutacaq. Ermənistana nüfuz etməsində məqsədlərindən biri budur. Azərbaycan Prezidentinin İraq rəhbəri ilə görüşdə Fransa barədə dedikləri əslində daha çox ABŞ-a aiddir. Fransanın ABŞ-la müqayisədə Ermənistan-Azərbaycan danışıqlarına təsir imkanları o qədər də çox deyil. Uzun müddətdir ki, Makron son dərəcə destruktiv bəyanatlar verir və sülh danışıqlarını pozmaq üçün əlindən gələni edir. Ancaq bu bəyanatlara baxmayaraq, Brüssel prosesi dayanmadı, davam elədi. Eyni zamanda Vaşinqtonda da danışıqlar səngimədi. Orada da çox dəyərli görüşlər keçirildi. Ancaq ABŞ-ın tutduğu ədalətsiz mövqe sülh prosesinə böyük zərbə vurdu. Artıq proses dalana dirənib və çox təəssüf ki, bu reallıqları qəbul edib Ermənistanı düzgün istiqamətə yönləndirmək əvəzinə ABŞ yanlış bəyanatlar verir, prosesi bir az da çıxılmaza salmağa çalışır. Baxmayaraq ki, Azərbaycan iki aydır Ermənistandan sülh təkliflərinə cavab gözləyir, ABŞ isə Azərbaycanı günahkar elan eləyir. Baxmayaraq ki, sülh danışıqlarının başlanması təşəbbüsü ilə 2021-ci ilin martında Azərbaycan sülh sazişi üçün baza prinsiplərini təqdim edib. Ermənistan qeyri-konstruktiv təkliflər verməklə danışıqları uzatmağa, ləngitməyə çalışıb və sonuncu dəfə Qranada görüşü ərəfəsində yenidən üç əlavə prinsiplə ortaya çıxıb, lakin yenə də Amerikanın düşüncəsinə görə günahkar Ermənistan deyil, Azərbaycandır. Təbiidir ki, bu şəraitdə Avropa İttifaqının, ABŞ-ın vasitəçiliyi ilə keçirilən görüşlərdə iştirak etmək mənasızdır. Azərbaycan Prezidenti İlham Əliyevin İraq prezidenti ilə görüşdə söylədiyi fikirlər ABŞ-da başlanan anti-Azərbaycan kampaniyasına və verilən qərarlara cavabdır. Azərbaycan lideri bəyan edir ki, Amerikanın və Fransanın addımları sülh prosesinə zərbə vurmaqdır. Azərbaycan mövqeyində möhkəmdir, mövqeyindən çəkilməyəcək. Çünki ədalətli, haqlı tərəf Azərbaycandır, sülhü hamıdan çox istəyən Azərbaycandır".
Siyasi şərhçi qeyd etdi ki, Azərbaycana qarşı o cür ədalətsiz bəyanatlar daha çox sülh prosesini ləngitməyə yönəlib. Və çox təəssüf ki, ləngitməkdə davam edir: “Ümid edək ki, bu yanlış xətdən ABŞ imtina edəcək və danışıqların Gürcüstanda davam etdirilməsinin daha düzgün olacağını Ermənistana başa salacaq. Burada tərslik etmək, mütləq Qərb ölkələrinin birində sülh sazişinin imzalanmasında təkid etmək yalnız prosesi pozmaqdır. Bu gün həm Rusiyanın, həm Amerikanın və onun müttəfiqlərinin qəbul edə biləcəyi bir yer var, o da Gürcüstandır. Nə qədər tez hər iki tərəf bu istiqamətdə addım atmağa başlasa, sülh sazişini o qədər də tez imzalamaq mümkündür. Azərbaycan Prezidenti dəfələrlə deyib ki, əslinə qalsa, razılaşdırılmamış elə də ciddi məsələlər qalmayıb, sülh sazişini qısa müddətdə imzalamaq mümkündür. Eyni bəyanatları Nikol Paşinyan da verib. Problem sülh sazişini harada imzalamaqdan ibarətdir. Gürcüstan variantı seçilməlidir və ilin sonuna qədər sülh sazişinin imzalanmasına nail olunmalıdır”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ