İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentdən AŞPA-yaxəbərdarlıq: “Əks təqdirdə...”

Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa edilməli olduğunu deyən dövlət başçısı, əks təqdirdə, Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacağını dedi; Prezident Administrasiyası, Milli Məclis və Xarici İşlər Nazirliyinin  ekspertlərinin iştirakı ilə nələr müzakirə edilir? 

“Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan və nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsü dialoqa xidmət etmir”.

 Bu barədə Prezident İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqu qəbul edərkən bildirib. Dövlət başçısı deyib ki, bu, ümumiyyətlə, parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir.

Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa edilməli olduğunu deyən dövlət başçısı diqqətə çatdırıb ki, əks təqdirdə, Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq.

“Trend”in əldə etdiyi məlumata görə, AŞ PA-nın  məlum qərarı ilə bağlı bugünlərdə Prezident Administrasiyası, Milli Məclis və Xarici İşlər Nazirliyinin ekspertlərinin iştirakı ilə işçi müzakirə keçirilib. Müzakirələrdə AŞ PA-da qərəzli münasibətə və əsassız ittihamlarına cavab olaraq Azərbaycanın Avropa Şurasından çıxması və Beynəlxalq Məhkəmənin yurisdiksiyasını tanımaqdan imtina məsələsinin siyasi, hüquqi parametrləri müzakirə olunub.

Bəs Azərbaycan Avropa Şurasından necə çıxa bilər, prosedur hansı formadadır? 

Modern.az-ın məlumatına görə, Avropa Şurasından çıxmaq üçün üzv dövlət Avropa Şurasının Nizamnaməsini ləğv etməlidir. Belə ki, London Müqaviləsi kimi də tanınan Avropa Şurasının Nizamnaməsinə görə, üzv dövlətin qurumdan iki yolla çıxması mümkündür: bunlar ya şuradan çıxmaq və ya şuradakı üzvlüyü dondurmaqdan ibarətdir.

Avropa Şurasının üzvü qurumun baş katibinə təşkilatdan çıxmaq barədə niyyətini bildirən rəsmi məlumat verməlidir. Bu ərizə maliyyə ilinin ilk doqquz ayı ərzində verildiyi təqdirdə ilin sonunda qərar qüvvəyə minir.

Yəni üzv dövlət birtərəfli qaydada Avropa Şurasından rəsmən çıxmaq istəsə, o zaman baş katibə şuradan çıxmaq istəməsi ilə bağlı rəsmi məktub göndərəcək. Əgər bu, yanvarın 1-dən sentyabrın 30-na kimi həyata keçirilsə, həmin il dekabrın 31-də üzvlükdən çıxma baş verəcək. Oktyabrın 1-dən dekabrın 31-nə kimi edilirsə, növbəti il dekabrın 31-də həyata keçiriləcək.

İndiyə qədər isə qurumdan Yunanıstan və Rusiyanın çıxması qeydə alınıb. 1969-cu ilin 12 dekabrında Yunanıstan Avropa Şurasını tərk edib. Buna səbəb 1967-ci ildə Yunanıstanda baş vermiş hərbi çevriliş olub. Hərbi çevrilişdən sonra Yunanıstanın Avropa Şurası ilə münaqişəsi başlayıb və qurumun ölkədəki vəziyyətə dair hesabatı gərginlik yaradıb. Amma 1974-cü ilin 28 noyabrında Yunanıstan yenidən Avropa Şurasına üzv olub. Rusiya isə 1996-cı ildə Avropa Şurasının üzvü olub. Ukrayna ilə müharibəyə başlayandan sonra Rusiya Avropa Şurasından və Avropa İnsan Haqları Konvensiyasından çıxdığını bəyan edib.

“Gürcüstan, Ukrayna və Moldova deputatları AŞ PA-da Azərbaycana dəstəkdən imtina etdikdən sonra bu ölkələrlə GUAM adlı təşkilatda və Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" proqramında birgə ola bilməz". Bunu isə “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

Məlumdur ki, 1997-ci ildə yaradılmış GUAM təşkilatının adı üzv ölkələrin baş hərflərini əks etdirir: Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova.  Əvvəlcə GUAM regionun qlobal energetika və infrastruktur layihələrini - boru kəmərlərinin çəkilməsi, nəqliyyat dəhlizlərinin yaradılması və s. müşayiət edən təşkilat kimi qəbul edilirdi. Bu qurum yarandığı ilk dövrlərdə aktiv olması ilə seçilsə də, artıq fəaliyyətsiz quruma çevrilib. 

Xatırladaq ki, 2024-cü il yanvarın 1-də GUAM-a sədrlik Ukraynadan Azərbaycana keçib.  

2009-cu ildə fəaliyyətə başlayan “Şərq Tərəfdaşlığı”  isə Avropa İttifaqı, onun üzv dövlətləri və altı Şərq qonşusu - Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova Respublikası və Ukrayna arasında münasibətləri dərinləşdirmək və gücləndirməyə yönəldilmiş təşəbbüs idi. Amma tezliklə məlum oldu ki, proqrama daxil olan dövlətləri eyni qəlibə salmaq praktiki olaraq səmərəli deyil. Onda Avropa İttifaqı həmin proqramda tərəfdaş olan ölkələrə qarşı fərdi yanaşmaya üstünlük verməyə başladı. Sonradan Belarus, ümumiyyətlə, bu formatdan uzaqlaşdırıldı. 

Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı ilə bağlı qətiyyətli mövqeyi dəyişməzdir. Rəsmi Bakı Avropa İttifaqı ölkələri ilə strateji xarakter daşıyan və bərabərhüquqlu əməkdaşlığa əsaslanan əlaqələrin inkişafında maraqlıdır.

Bəs belə bir vəziyyətdə Azərbaycanın GUAM-dan və “Şərq Tərəfdaşlığı” proqramından çıxması realdırmı və doğru addım olarmı? 

Elxan Şahinoğlu - Rusiya Azərbaycanın “müttəfiqi” ola bilərmi? » Conflict.az

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, bu mövzuda tələsik qərar verilməsi yanlış olar: "Şübhəsiz ki, AŞ PA ilə münasibətlərdə gərginlik yaşanır. Hətta müzakirə olunur ki, bəlkə Avropa Şurasının digər strukturlarını da tərk edək. Bu barədə artıq Azərbaycan dövlət başçısı səviyyəsində öz mövqeyini bəyan edib və belə görünür ki, AŞ PA yanlış qərarını düzəltməsə, Azərbaycan Avropa Şurasından və Avropa İnsan Haqları Məhkəməsində iştirakdan imtina edə bilər. Azərbaycanın buna hüququ çatır. Amma GUAM-ı tərk etmək barədə qərar vermək çox erkən olar. Ona görə də bu məsələdə gözləmək və ciddi müzakirə aparmaq lazımdır. Düzdür, GUAM-a daxil olan Gürcüstan, Ukrayna və Moldovanın AŞ PA-dakı məlum səsverməyə qatılmaması müəyyən suallar yaratdı. Lakin bu, o demək deyil ki, biz dərhal GUAM-ı tərk etməliyik. Gürcüstan strateji tərəfdaşımızdır, Ukrayna və Moldova ilə münasibətlərimiz yaxşıdır. Onu da nəzərə alaq ki, bu il GUAM-a sədrlik Azərbaycana keçib və biz bu qurumun fəaliyyət planını hazırlamalıyıq. Sədri olduğumuz qurumu tərk etsək, bu, Azərbaycan üçün uğur gətirməz və tərəfdaşlar da pis vəziyyətdə qalar. Biz körpüləri tam yandırmamalıyıq. Amma izahat işi aparılmalıdır ki, niyə belə oldu və gələcəkdə belə hallar təkrarlanmasın. Bu istiqamətdə diplomatiyamız fəal olmalıdır. Amma AŞ PA-da səsvermə hüququndan məhrum edilməyə görə, Gürcüstan, Ukrayna və Moldovanın AŞ PA-da səsvermədə iştirak etmədikləri üçün Avropa İttifaqından uzaqlaşmaq, "Şərq Tərəfdaşlığı" proqramından çıxmaq doğru olmaz".

Politoloq xatırlatdı ki, Avropa İttifaqının 9 dövləti ilə Azərbaycan arasında ikitərəfli iqtisadi sazişlər var. GUAM zəif təşkilata çevrilsə də, ondan da imtina etməməliyik. Çünki belə etsək, bu addımlar Rusiyanın Cənubi Qafqazda manevr imkanlarını genişləndirəcək. Bu da gələcəkdə Azərbaycan üçün də mənfi nəticələr vəd edə bilər. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR