Onlayn ictimai-siyasi qəzet
Qarabağ Zəfərindən sonra dünyanın nüfuzlu təhlükəsizlik məsələləri üzrə ekspertləri, siyasi analitikləri və media numayəndələrinin ildə iki dəfə regional və beynəlxalq gündəliyi, geosiyasi kataklizmləri müzakirə etmək üçün Prezident İlham Əliyevlə görüşməsi və bu müzakirələrin birbaşa, canlı olaraq yayınlanmas hər zaman yerli və beynəlxalq ictimaiyyətin ciddi marağına səbəb olur.
Azərbaycana və onun Liderinə olan maraq onunla izah olunur ki, artıq ölkəmiz təkcə regional məsələləri öz gücünə həll etmək iqtidarında olan ölkə deyil, həm də, dünya siyasətinə təsir göstərən və beynəlxalq gündəliyin formalaşmasında iştirak edən orta güc statusunda olan ölkəyə çevrilib. Bu, bir reallıqdır.
İyulun 20-də 50 ölkənin iştirakı ilə keçirilən 2-ci Şuşa Qlobal Media Forumu nümayəndələrinin hörmətli Prezidentimiz cənab İlham Əliyevlə görüşə olan yüksək marağı, Rusiya-Ukrayna, İsrail-Fələstin müharibələri, noyabrda ABŞ-da keçiriləcək seçkilərin mümkün nəticələri və qlobal istiləşmənin qarşısının alınması kimi dünyanı düşündürən və narahat edən mövzulardan tutmuş müstəmləkə ölkələrinin taleyi, Türk dünyasının və Cənubi Qafqazın gələcəyi, beynəlxalq nəqliyyat yollarının yenidən dizayn olunmasınadək olan çoxsaylı sualların dövlət başçısına ünvanlanması məhz yuxarıda qeyd etdiyim Azərbaycanın gücündən və qlobal missiyasından qaynaqlanır.
Dünənki tədbirdə cənab Prezident Azərbaycanın hazırkı gündəliyi və qlobal missiyası haqqında Forum iştirakçılarına ətraflı məlumat verdi və bir sıra maraqlı məsələləri ilk dəfə olaraq ictimaiyyətə açıqladı. Bu tezislər bir daha sübut edir ki, Azərbaycan sözün əsl mənasında müstəqil dövlətdir, Azərbaycanın Prezidenti isə həm müdrük, həm qətiyyətli, həm də prinsipial və ədalətlidir. Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin ana xəttində bir amil var, o da milli maraqların güzəştsiz və sona qədər müdafiəsidir.
Bu tezislərin bəzilərinə nəzər salaq:
1) Cənubi Qafqazda münaqişələr və qarşıdurmalar keçmişdə qalıb. Gürcüstanın və Ermənistanın xarici siyasət vektorlarını təhlil etdikdən sonra biz biləcəyik ki, Cənubi Qafqazın gələcəyi necə qurulacaq;
2) Azərbaycan inkişafda olan 50-dən çox kiçik ada dövlətlərinin inkişafı üçün xüsusi fond yaradacaq. Çünki hazırkı vəziyyət onların mövcudluğuna təhlükədir. Biz onlara kömək edəcəyik və onlar bizim təbii müttəfiqlərimizə çevriləcək;
3) Biz kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləməyə davam edəcəyik. Çünki Fransanın etdikləri iyrəncdir, qəbuledilməzdir və buna son qoyulmalıdır. Əlimizdən gələni edəcəyik ki, milyonlarla insan öz torpağında azad yaşaya bilsin. Bu, xalqlar öz gələcəyini özləri planlaşdırmalı, öz irsini və ləyaqətini, dilini qorumalıdır;
4) Əminəm ki, gün gələcək Qərbi Azərbaycandan zorla çıxarılmış və deportasiya edilmiş soydaşlarımız öz torpaqlarına qayıdacaqlar;
5) Ermənistan ATƏT-in Minsk qrupunu de-yure fəaliyyətdə qalmasını istəyirsə, bu o deməkdir ki, Ermənistanın hələ də Azərbaycana qarşı ərazi iddiası var. Azərbaycanın təklifi ilə Ermənistan razılaşmalı və Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət edilməlidir;
6) Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı təhlükə var, təhdid var. Konstitusiyada müstəqqiliik aktına olan istinadda Ermənistanın və dırnaqarası “Dağlıq Qarabağ”ın birləşməsindən söhbət gedir. Yəni, bu müddəa o konstitusiyada olduğu müddətdə sülh sazişi mümkün deyil;
7) Baş nazir Paşinyan Britaniyada mənimlə görüşdən imtina etdi. Yəni, o, mənimlə danışmaq istəmirsə, hansı sülh sazişindən söhbət gedə bilər;
8) Azərbaycan-ABŞ əlaqələri, onun görünən tərəfi haqqında danışdıqda, bizim Respublikaçılar hakimiyyəti ilə daha nəzərəçarpacaq dərəcədə uğurlu və nəticəyönümlü əlaqələrimiz olubdur. Prezident Trampın prezidentliyi dövründə bizim çox səmərəli əməkdaşlığımız olub. Bu əməkdaşlıq qarşılıqlı hörmət üzərində qurulmuşdur və qarşılıqlı dəstəyin yüksək qiymətləndirilməsindən ibarət idi;
9) Biz hazırkı ABŞ Administrasiyasının birtərəfli yanaşmasından dərindən məyus olmuşuq. Qafqazda ayırıcı xətlərin çəkilməsi olduqca təəccüblüdür. ABŞ Dövlət katibi, Avropa Komissiyasının prezidenti aprel ayında Brüsseldə görüşüb Ermənistanın hərbi baxımdan maliyyələşdirilməsi məsələsini müzakirə etdilər. Bu, bizim üçün tamamilə qəbuledilməzdir. Biz bəzən açıq, ictimai şəkildə, bəzən də pərdəarxası mesajlarımızı veririk ki, Azərbaycanın maraqları Cənubi Qafqazda təmin edilməlidir. Kimsə bizim maraqlarımızı görməzdən gəlməyə çalışsa, əlbəttə ki, onlar yanılacaqlar və uğursuzluğa düçar olacaqlar;
10) ABŞ-ın hazırkı administrasiyası bizə qarşı sanksiyanı, 907-ci düzəlişi bərpa etdi. Uzun illər ərzində biz onlara qarşı etdiyimizin və yaxşı tərəfdaş olduğumuzun müqabilində Azərbaycan xalqı nə düşünə bilər bu Administrasiya haqqında? Yəni, deməli, siz onlara Əfqanıstanda lazım olanda olursunuz yaxşı bir adam, yaxşı bir ölkə, sizin haqqınızda təriflər yağdırırlar. Onların sizə ehtiyacı olmayanda nəinki sizə biganə yanaşırlar, hətta sanksiyalar tətbiq edirlər. Nəyə görə? Çünki biz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etmişik;
11) Yaxın Şərqdə sülhün təmin edilməsi baxımından iki dövlətli həll yolu yeganə çıxış yoludur: Fələstin dövlət qurmalıdır və Şərqi Qüds onun paytaxtı olmalıdır. Bu mövqe dəfələrlə tərəfimizdən vurğulanıb;
12) Bu günədək biz Ukrayna xalqına humanitar və maliyyə dəstəyi göstərmişik. Qırx milyon avroya yaxın yardım edilibdir və bu yardım davam edir, tamamilə şəffaf yardımdır. O, humanitar xarakterlidir. Biz Ukraynada bir neçə, xüsusilə İrpen şəhərində sosial infrastrukturun bərpasını həyata keçirmişik. Bu dəstək davam edəcəkdir. Ukraynalı uşaqlar Azərbaycana gəlir, burada reabilitasiya keçirlər. Biz kömək üçün əlimizdən gələni edəcəyik;
13) Rusiya ilə ikitərəfli münasibətlərdə həll oluna bilməyən məsələ mövcud deyil və uzun müddətdir ki, belədir. Biz bütün məsələləri qarşılıqlı anlaşma, qarşılıqlı hörmət, qarşılıqlı maraqlar və xalqlarımızın münasibətlərinin çoxəsrlik tarixi nəzərə alınmaqla nizamlamışıq.
14) Biz istəyirik ki, Azərbaycanda keçiriləcək COP29 məhz həmrəylik tədbiri olsun. Ona görə də bu ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etmişik. Biz COP-da “Troyka”nın təsis edilməsinin təşəbbüskarı olduq. Bu, ötən, hazırkı və gələcək sədrlərin - Birləşmiş Ərəb Əmirliklərinin, Azərbaycanın və Braziliyanın “Troykası”dır. Bu, bir mexanizmdir. Buna qədər bu, mövcud deyildi. “Troyka” mexanizmini biz yaratmışıq və əminəm ki, bu mexanizm gələcəkdə də davam edəcək;
15) Əminəm ki, Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var. Təşkilatı daha yüksək pilləyə qaldırmaq üçün ortaq səylər lazımdır. Coğrafiyamız çox böyükdür, təbii sərvətlər, nəqliyyat yolları, gənc və artan əhali - yəni, bütün bu amillər təşkilatımızın potensialını əyani şəkildə göstərir. Biz birliyimizi daha da gücləndirməklə Türk Dövlətləri Təşkilatını dünya miqyasında güc mərkəzinə çevirməliyik. Çünki bu gün bir neçə beynəlxalq təşkilat var, bəziləri böhran içində, bəziləri tənəzzüldədir, Türk Dövlətləri Təşkilatı isə yüksəlişdədir. Bu yüksəliş rahat olmalıdır və buna ortaq səylərlə nail olacağıq.
Azay Quliyev
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ