Onlayn ictimai-siyasi qəzet
Bakıda regional və beynəlxalq əhəmiyyətli tədbirdə mühüm razılaşmalar əldə olundu
İyunun 2-dı Bakı Enerji Həftəsi işə başlayıb. Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir. Bunlar 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 29-cu Bakı Enerji Forumudur. “Caspian Oil&Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, Bakı Enerji Forumu isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində təşkil edilib.
Rəsmi məlumata əsasən, Bakı Enerji Həftəsi çərçivəsində keçiriləcək müzakirələrdə 37 ölkədən 300-dək şirkət iştirak edir. Tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, Əlcəzair, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İraq, İsrail, İsveç, İtaliya, Latviya, Qazaxıstan, Qətər, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna və Yaponiya iştirak edir. Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir ki, tədbirə qatılırlar. Bu ilki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 faizini təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onların əksəriyyəti Azərbaycanın “yaşıl enerji” sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır. Sərgi sahəsinin 40 faizi tanınmış şirkətlərə, sərgilərin daimi iştirakçılarına məxsusdur.
Tədbirdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda ilk neft-qaz sərgisi 1994-cü ildə keçirilib: “O vaxtdan bəri Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayənin cəlb edilməsində çox vacib rol oynayıb”. Həmin vaxtdan bəri bu tədbirin miqyasının genişləndiyini və artıq Bakı Enerji Həftəsi adlandırıldığını vurğulayan dövlət başçısı bildirib: “Bakı Enerji Həftəsi enerji siyasətinin bütün seqmentlərini əhatə edir - neft, qaz, emal, ixrac və əlbəttə ki, yaşıl enerji”.
Dövlət başçısı Azərbaycan qazının Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolundan danışaraq, bu baxımdan, “Şahdəniz” layihəsinin qaza olan qıtlığı aradan qaldırdığını deyib: “Bu il bizim ixracımız 24 milyard kubmetrdən artıq olacaq. Bu gün 8 ölkə Azərbaycan qazını idxal edir. Azərbaycan qaz təchizatı məsələlərində özünü etibarlı tərəfdaş kimi artıq sübut edib. Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırır. Yəni bu gün qazımızı idxal edən 8 ölkə Avropa ölkəsidir. Təchizatımızın coğrafiyası bundan sonra genişlənəcək. Biz bir sıra ölkələrlə fəal danışıqlar mərhələsindəyik. Onların da Azərbaycan qazına ehtiyacı var. Biz onların enerji təhlükəsizliyini təmin edəcəyik”.
İ.Əliyev Azərbaycanın etibarlı tərəfdaş kimi tanındığını vurğulayıb: “Bizim vədlərimiz, sözümüz imzamız qədər dəyərlidir. Son 30 il ərzində imzalanan bütün müqavilələr həyata keçirilib, onlar parlament səviyyəsində ratifikasiya edilib və qanun şəklində imzalanıb.Yəni həmin müqavilələrin bir sözü, bir ifadəsi belə dəyişdirilməyib. Məhz bunun səbəbidir ki, biz yaşıl enerji, bərpaolunan enerji baxımından da eyni marağı görürük”.
Prezidentin sözlərinə görə, 2027-ci ilin sonunda Azərbaycanda 2 qiqavat bərpaolunan enerji əldə olunacaq: “Bu, olduqca real rəqəmdir və hələ ki başlanğıcdır”. Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgəsində su elektrik enerjisi baxımından nəhəng potensialın olduğunu vurğulayan dövlət başçısı bildirib: “2020-ci ilin noyabrında həmin əraziləri azad edəndən sonra biz artıq 270 meqavat gücündə su elektrik stansiyaları istismara vermişik. Üç-beş il ərzində biz bu rəqəmi 500 meqavata çatdıracağıq. Yəni, 1 qiqavat bərpaolunan enerji bizə 500 milyon kubmetr qaza qənaət etməyə imkan verəcək, beynəlxalq bazarların buna ehtiyacı var və olacaq”.
Bakı Enerji Həftəsinin açılış mərasiminə məktub göndərən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirin ölkələr arasında əməkdaşlığın genişlənməsinə töhfə verməsini arzulayıb. Azərbaycanda həyata keçirilən enerji layihələrinin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğulayan Türkiyə Prezidenti qeyd edib ki, Türkmənistan qazının ixracı artıq zaman məsələsidir və bu, Türkiyə və Azərbaycanın ortaq uğur olacaq: “Bakı-Tiflis-Qars dəmir yolu Orta dəhliz üçün strateji önəmə malikdir. Enerji mənbələrin şaxələndirilməsi üçün Azərbaycanla birgə çalışırıq, Naxçıvana qaz kəmərinin çəkilişini yaxın zamanda tamamlayacağıq. Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşması istiqamətində addımları alqışlayır və imzalanması gözlənilən sülh sazişini tarixi fürsət sayırıq”.
Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiyası üzrə direktoru Kristina Lobillo Borrero Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil&Gas”) və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin “Caspian Power” açılış mərasimində bildirib ki, Avropa energetika sahəsində Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verir. O, Avropa İttifaqının Azərbaycanla bu sahədə əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu vurğulayıb: “Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və energetika üzrə komissar Kadri Simpson enerji sahəsində strateji əməkdaşlığımıza böyük əhəmiyyət verir. Azərbaycanın Cənub Qaz Dəhlizi ilə Avropaya ixrac olunan qazı 2021-ci ildə 40 faiz artıb, bu, bizə enerji böhranının pis nəticələrindən yayınmağa kömək edib. Bizim əməkdaşlığımız həm də enerji sahəsində keçidin gücləndirilməsinə yönəlib. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl dəhliz təşəbbüsünü qeyd etmək istəyirəm. Digər ölkələr də bu təşəbbüsdə iştirakda maraqlıdır. Avropa İttifaqının COP29-un qlobal uğur olması sayəsində dəstəyinə də tam əmin ola bilərsiniz”.
Bakı Enerji Həftəsi çərçivəsində Prezident İ.Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabir Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoyublar.
Bundan əlavə, SOCAR-la Türkiyənin BOTAŞ şirkəti arasında təbii qaz təchizatı, nəqli və tranziti sahəsində bir sıra müqavilələr imzalanıb. İmzalanan müqavilələr iki ölkə hökumətləri arasında 14 may 2024-cü il tarixində imzalanmış “Təbii qaz sahəsində Əməkdaşlıq haqqında” Sazişdən irəli gəlməklə, SOCAR tərəfindən Türkiyəyə təbii qaz təchizatı, Azərbaycan qazının Türkiyə vasitəsilə Bolqarıstan bazarına çatdırılması, Naxçıvana qaz təchizatı sahəsində əməkdaşlıq və Türkmən qazının Azərbaycan və üçüncü ölkələr vasitəsilə Türkiyəyə nəqli ilə bağlı müddəaları əhatə edir.
Mərasimdə həmçinin Azərbaycan Qaz Təchizatı Şirkəti və BOTAŞ arasında “Şahdəniz” yatağından qazın Türkiyəyə təchizatının davam etdirilməsini nəzərdə tutan müqavilə imzalanıb. Azərbaycan və Türkiyə arasında bu gün imzalanan “Şahdəniz-1" yatağından Azərbaycan qazının tədarükünə dair uzadılmış sazişə əsasən, 2030-cu ilə qədər Türkiyəyə tədarükün həcmi ildə 3,5 milyard kubmetr təşkil edəcək.
Bakı Enerji Həftəsi çərçivəsində həmçinin SOCAR-la Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında üç bərpa olunan enerji layihəsi üzrə Səhmdarlar Sazişləri imzalanıb. Sazişlər Azərbaycanda bir külək və iki günəş elektrik stansiyaları layihələrini əhatə edir. İmzalama mərasimində SOCAR-la “Masdar” şirkəti arasında bərpa olunan enerji mənbələri sahəsində birgə uğurlu əməkdaşlığın enerji mənbələrinin şaxələndirilməsi, ölkəmizin alternativ enerji potensialından istifadənin genişləndirilməsi, həmçinin enerji keçidinin təmin olunması məqsədini daşıdığı diqqətə çatdırılıb.
SOCAR-dan “Yeni Müsavat”a bildirildiyinə görə, bu sənəd Azərbaycanın 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəfinə nail olmasında önəmli rol oynayacaq: “Layihələrin icrası nəticəsində illik təxmini 2.3 milyard kVt saat elektrik enerjisinə qənaət olunacaq ki, bunun da nəticəsində təxminən illik 1 milyon ton karbon emissiyasının atılmasının qarşısı alınacaq. Beləliklə, təməli qoyulan külək və günəş elektrik stansiyaları layihələri ölkəmizin yaşıl gündəliyinin məqsədlərinə uyğun olmaqla, davamlı inkişafın təmin olunmasına əvəzsiz töhfə verəcək”.
Vüqar Bayramov
İqtisadçı-alim, Milli Məclisin üzvü Vüqar Bayramovun sözlərinə görə, Bakı Enerji Həftəsi regionun ən böyük və vacib tədbirlərdəndir: “Burada dünyanın aparıcı ölkələrinin şirkətləri təmsil olunur. Bütün bunlar isə onlardan xəbər verir ki, kifayət qədər böyük iştirakçılıq və coğrafi baxımdan geniş regionu əhatə edən bir tədbirdir. Həmçinin Azərbaycanın enerji imkanlarının yenidən təqdim olunması və xüsusən regionun eləcə də Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycanın rolunun artmasını şərtləndirən faktorlar baxımından da vacibdir. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, enerji siyasətinin bütün seqmentlərini əhatə edir. Bu tədbir eyni zamanda yaşıl enerji sahəsində potensialın qiymətləndirilməsi və yeni əməkdaşlıq imkanlarının tapılmasına xidmət edəcək”.
Dünya SAKİT,
“Yeni Müsavat”
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ