İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident sərəncamından neçə nəfər bəhrələnəcək- Sosial ödənişlərin artımına 750 milyon ayrılıb

Prezident sərəncamından neçə nəfər bəhrələnəcək; Sosial ödənişlərin artımına 750 milyon ayrılıb

 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün  “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Ölkə əhalisinin rifahının qorunması sahəsində tədbirlərin davam etdirilməsi məqsədilə imzalanan sərəncama əsasən Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib.

Sərəncamla həmçinin Nazirlər Kabinetinə 10 gün müddətində əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılması, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini Prezidentə təqdim etmək tapşırılır. Bundan əlavə, Nazirlər Kabineti öz aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bir ay müddətində minimum əmək haqqının yeni məbləğinə uyğunlaşdırmalıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Musavat.com-a verilən məlumata görə, Prezidentin sərəncamı minimum aylıq əməkhaqqının 15 faiz artımını təmin edir. 
Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bir ay müddətində bu Sərəncama uyğunlaşdırılacaq və minimum əməkhaqqı artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək.

Ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqı artımı 700 min nəfəri əhatə edəcək: “Minimum əmək haqqı bu il üçün müəyyən olunan yaşayış minimumunu (246 manat) da 40,2 faiz üstələyir. Yeni Sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər artırılacaq. Bununla bağlı Nazirlər Kabineti təkliflərini on gün müddətində hazırlayaraq dövlət  başçısına təqdim edəcək. Beləliklə, minimum aylıq pensiyanın məbləği də 16,7 faiz artırılaraq 240 manatdan 280 manata çatdırılacaq. Bu artım 100 minədək pensiyaçını əhatə edəcək. Son 4 ildə sosial sahədə inqilabi islahatların tərkib hissəsi kimi, minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb”. 

Nazirliyin məlumatına əsasən ümumilikdə bu il sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək.

Qeyd edək ki, Azərbaycanda minimum aylıq əmək haqqı 2022-ci il yanvarın 1-dən 20 faiz artırılmaqla 250 manatdan 300 manata qaldırılıb. Bu, 800 min işçinin, o cümlədən maaşları Vahid Tarif Cədvəli (VTC) üzrə müəyyən olunanların əməkhaqqında orta hesabla 20 faiz artıma səbəb olub. VTC üzrə işçilərdə orta aylıq əməkhaqqı 387 manatdan 465 manata çatıb. Hazırda həmin cədvəlin ilk pilləsi üzrə əməkhaqqı 300 manat, ən yüksək - 19-cu pilləsi üzrə isə 979 manatdır. 2022-ci ildə minimum əməkhaqqı artımı üçün dövlət büdcəsindən ayrılan əlavə illik vəsait 460 milyon manat təşkil edib. Ümumilikdə 2022-ci il üzrə əməkhaqqı, pensiya və digər sosial ödənişlərin artımını nəzərdə tutan islahatlar paketi 3,4 milyon nəfəri əhatə edib. Bu artımlar üçün dövlət büdcəsindən 2,1 milyard manat illik əlavə vəsait ayrılıb.

Minimum əmək haqqındakı artım həddi ölkədə qeydə alınan illik inflyasiya səviyyəsindən cüzi azdır. Belə ki, rəsmi statistikaya əsasən 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-noyabr aylarına nisbətən 13,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 19,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 8,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,4 faiz artıb. Ötən ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,0 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 15,1 faiz artıb. Ərzaq məhsulları isə noyabrda 2021-ci ilin noyabrı ilə müqayisədə 20,8 faiz bahalaşıb. Hazırda ölkə əhalisinin xərcləmələri arasında ərzaq məhsullarına çəkilən xərclər ən böyük paya malikdir. Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən bu ilin yanvar-noyabrında əhalinin real gəlirləri 55,8 milyard manat təşkil edib. Bu dövrdə əhalinin ərzaq məhsullarına çəkdiyi xərc isə 23,3 milyard manata bərabər olub.

Prezident sərəncamına əsasən ölkə üzrə əmək pensiyalarının minimum məbləği 280 manata çatdırılır. Bu qərar yanvarın 1-dən qüvvəyə minərsə, əmək pensiyalarının nominal əmək haqqı artımına uyğun indeksləşdirilməsi nəticəsində pensiyalarda artım daha yüksək məbləği əhatə edəcək. Belə ki, 2022-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,5 faiz artaraq 827,9 manat olub. Son iki ayda bu artımın 15 faizdən bir qədər yüksək olacağı gözlənilir. Beləliklə də, indeksasiyanı da əlavə etdikdə, pensiyaları minimum pensiya məbləği əsasında hesablanan şəxslərin pensiyalarında ciddi artımın olacağını söyləmək olar.

Məlumat üçün bildirək ki, ölkə hökumətinin qərarına əsasən bu ilin 1 yanvarından Türkiyədə xalis minimum əmək haqqı 54,7 faiz artaraq 8 min 506,8 TL (850 AZN) olub. 

Rusiyada isə minimum əmək haqqı 2022-ci ilin iyulunda 10 faiz, dekabrda daha 6,3 faiz artırılmaqla təxminən 258 ABŞ dollarına (437 manat) çatdılıb. 

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, minimum əmək haqqında artım rəsmi əmək müqaviləsi ilə işləyənlərə təsir edir: “Doğrudur, artım səviyyəsini real inflyasiyaya adekvat deyil. Lakin muzdla işləyənlər üçün bu artım itirilən gəlirlərin bir hissəsinin bərpası baxımından müsbət təsir göstərəcək. Düşünürəm ki, Azərbaycanda minimum əmək haqqının daha sürətlə artırılaraq 500 manat həddinə çatdırılması vacibdir”.

Ekspertin sözlərinə görə, minimum əmək haqqının artırılması fərdi sahibkarlar üçün problem yaradır: “Bu məsələ illərdir qaldırılır ki, fərdi sahibkarların sosial sığorta ödənişinin məbləğinin minimum əmək haqqına bağlılığı aradan qaldırılsın. Bu bağlılığın normal iqtisadi izahı yoxdur. Yeni artımdan sonra ayda 100 manat gəliri olan fərdi sahibkar təkcə Dövlət Sosial Müdafiə Fonduna 86,25 manat ödəməli olacaq. İcbari tibbi sığorta və digər ödənişləri də nəzərə aldıqda, sahibkar məcburdur ki, dövlətə borclu qalmamaq üçün gəliri olan 100 manatın üzərinə də 3-4 manat qoyub ödəsin fondlara”.

 

Dünya SAKİT,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR