İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident Əliyev sülh sazişi ilə bağlı mühüm detalı açıqladı

“Biz hər iki azlığı sülh müqaviləsində təsbit edəcəyik və ya bunun haqqında, ümumiyyətlə, danışmayacağıq”; Ceyhun Bayramovla Lavrovun Moskva görüşünə Bakıdan baxış...

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Rusiyanın xarici işlər naziri Sergey Lavrovun 5 dekabrda keçirilən görüşündə şübhəsiz ki, Cənubi Qafqazla bağlı müzakirələr də prioritet təşkil etdi. Xüsusilə Azərbaycanla Ermənistan arasında sülh, delimitasiya məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı. 

Xarici İşlər Naziri Ceyhun Bayramov ::: UNESCO üzrə Azərbaycan  Respublikasının Milli Komissiyası

Ceyhun Bayramov

Ceyhun Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğunu, ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin və separatçı rejiminin mövcudluğuna son qoyulduqdan sonra sülh sazişinin razılaşdırılması üçün şərait yarandığını vurğulayıb. Eyni zamanda normallaşmanın digər istiqamətlərindən biri olan Azərbaycanla Ermənistan arasında ikitərəfli əsasda sərhədin delimitasiyası üzrə danışıqların intensivləşməsinin tərəfdarı olduğumuz diqqətə çatdırılıb.

Görüşdə həmçinin iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran digər ikitərəfli və regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Bəllidir ki, Azərbaycan regiona aidiyyəti olmayan dövlətlərin, qurumların regional məsələlərdə, o cümlədən sülh, delimitasiya prosesində iştirakına qarşıdır. O da məlumdur ki, hazırda Azərbaycanla Ermənistan arasında sülh və delimitasiya ilə danışıqların həssas mərhələsidir, ikitərəfli, birbaşa görüşlərə daha çox ümid bəslənilir. 

Bunun paralelində isə Rusiya və Qərb arasında Cənubi Qafqazda mövqe savaşı güclənir. Belə bir çətin gedişatda, Ceyhun Bayramovun söylədiyi kimi, sülh üçün yaranmış şəraitdən yararlanmaq mümkün olacaqmı? Rusiyanın hazırkı mövqeyi sülh sazişinin imzalanmasının lehinə, yoxsa əleyhinədir?

Azərbaycan və Ermənistan dövlət başçılarının görüşündə uğurlu nəticələr  əldə olunub” - İlyas Hüseynov | 1news.az | Xəbərlər

 İlyas Hüseynov 

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş mühüm aktuallıq kəsb edir. Bu görüş Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü çərçivəsində reallaşdı: "Mətbuat üçün açıq olan hissədə yayılan videogörüntülərdə də izlədik ki, Cənubi Qafqazda sülh və nizamlanma prosesi ilə bağlı da çox önəmli fikirlər söylənildi. Biz anlayırıq ki, Rusiya-Ukrayna müharibəsi fonunda postsovet məkanında Rusiyaya qarşı bir mübarizə başlayıb və getdikcə amansız xarakter daşıyır. Bu mübarizə müstəvisində Ermənistan Rusiyanın geosiyasi orbitindən ayrılır, kənar oyunçuları regiona dəvət edir, sülh müqaviləsini Avropa-ABŞ geosiyasi mərkəzlərində imzalamaq niyyətindədir, sürətlə silahlanır. Bu addımlar isə Rusiya və İranın qəzəbi ilə qarşılanır. Moskva və Tehran İrəvanın addımlarını qəbul etmirlər. Məhz elə bu xüsusda 3+3 platfoması, Xəzəryanı ölkələrin xarici siyasət idarələrinin toplantıları da göstərir və ortaq fikir bundan ibarətdir ki, kənar geosiyasi aktorlar burada öz maraqlarını diktə etməyə çalışırlar. Ona görə də buna qarşı vahid bir mövqe, vahid yanaşma sərgilənməlidir. Ermənistan isə Cənubi Qafqazda sülhü pozan destruktiv element kimi özünü göstərir və yavaş-yavaş Ukraynanın bir zamanlar getdiyi yolu getməyə çalışır - Rusiya əleyhinə etirazlar, müqavimət hərəkatı özünü göstərməkdədir. Nəticənin necə olacağından asılı olmayaraq bu gün artıq ilkin işartılar da ikitərəfli münasibətlərin pozulmasında özünü göstərir. Əlbəttə ki, Rusiyanın əlində ciddi təsir rıçaqları var. Vaxtı gəldikcə Ermənistana təsirini göstərəcək. O cümlədən sülh müqaviləsinin imzalanması üçün də təsirini göstərə bilər”. 

Azad MƏSİYEV

Azad Məsiyev

Politoloq Azad Məsiyev bildirdi ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi mütləq şəkildə imzalanmalıdır. Çünki sülh sazişi imzalanmayınca Cənubi Qafqazda gərginlik artacaq və bu da bütün bölgə dövlətlərinə təsirini göstərəcək: "Ermənistanla Azərbaycan arasında münaqişənin yenidən alovlanması ehtimalını aradan qaldırmağın yolu sülh müqaviləsini imzalamaqdır. Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 6-da ADA Universitetində forumda çıxışında Ermənistanla sülh sazişinin necə nəzərdə tutulduğunu açıqlayıb. Prezident deyib: “Sülh prosesinin təşəbbüskarı biz olmuşuq. İlkin mərhələdə Ermənistan tərəfinin səyləri var idi. Bu, həmin sülh müqaviləsi layihəsinə "Dağlıq Qaradağ respublikası"nı daxil etmək idi. Biz əlbəttə ki, bunu rədd etdik. Onlar çalışırdılar ki, müxtəlif mətnlər, formatlar çərçivəsində bunu  oraya daxil etsinlər. Bizim isə münasibətimiz o idi ki, bu haqda danışa bilmərik, danışmamalıyıq və ərazi bütövlüyünün tanınması qarşılıqlı olmalıdır. Ona görə də biz deyirdik ki, Azərbaycanda erməni azlığı o mətnə daxil ediləcəksə, o zaman Ermənistandan didərgin salınmış azərbaycanlıların da məsələsi oraya daxil edilməlidir və onlar Ermənistana qayıtmalı, orada yaşamalıdırlar, onların hüquqları, təhlükəsizlikləri tam təmin olunmalıdır. Necə ki, Azərbaycanda erməni azlığının hüquqları təmin ediləcək. Təəssüf olsun ki, Ermənistan tərəfi bunu rədd etdi. Bu, məntiqsiz idi. Çünki biz qeyri-adi bir şey təklif etmirdik. Biz qarşılıqlı prinsipi təklif edirdik. Digər variant isə ümumiyyətlə, bu mövzuya toxunmamaq idi.

Sentyabrın 19-da keçirilən antiterror tədbirlərindən sonra mənə elə gəlir ki, bu maneə aradan qalxıb. Biz hər iki azlığı sülh müqaviləsində təsbit edəcəyik və ya bunun haqqında, ümumiyyətlə, danışmayacağıq". Azərbaycan Prezidentinin bu açıqlaması, xüsusən də sonuncu cümlə ortada sülh müqaviləsi layihəsinin mövcudluğunu söyləməyə əsas verir. Cənab İlham Əliyev sülh müqaviləsinin əsas şərtini faktiki olaraq açıqlamış oldu. Ümid edək ki, sülh sazişi elə bu cür də imzalanacaq". 

Politoloq qeyd etdi ki, ABŞ və Fransa Cənubi Qafqazda gərginliyin hökm sürməsində maraqlı olduqlarını ortaya qoyurlar. Faktiki olaraq Ermənistanı sülh sazişindən imtina etməsi üçün qızışdırırlar: “Ermənistanı maddi və silah sarıdan gücləndirməyə çalışırlar ki, İrəvanda arxayınlıq yaransın və Azərbaycana qarşı yenidən hərbi hücumlara başlasın. Fransa və ABŞ sülhü deyil, müharibəni dəstəklədiklərini Ermənistana dəstık verməklə nümayiş etdirirlər. Onların dəstəyindən ruhlanan Nikol Paşinyan sülh sazişinin imzalanmasını müxtəlif bəhanələrlə uzadır. Ermənistan imitasiya xatirinə danışıqlara hazır olduğunu bəyan edir. Hər dəfə də danışıqlar masasında elə təkliflərlə çıxış edir, elə mövqe ortaya qoyur ki, Azərbaycanın onları qəbul etməsi təbii ki, mümkün olmur. Ermənistan məqsədli şəkildə bunu edir ki, sülh sazişinin imzalanması uzansın. 

Qərbin Ermənistanı müdafiə etməsi və Azərbaycanla sülh müqaviləsi imzalamasına imkan verməməsi həm də Rusiyanın Cənubi Qafqazdakı maraqlarına zərbə vurmaq üçündür. İndiki halda Cənubi Qafqazda sabitlik Rusiyanın maraqlarına cavab verir. Ona görə də ABŞ-dan və Fransadan fərqli olaraq Rusiya Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını istəyir. Qərb isə Rusiyanın maraqlarına qarşı olduğu üçün sülh müqaviləsinin imzalanmasına mane olur. Rusiya sülh üçün yaranmış şəraitdən yararlanmağın tərəfdarıdır. ABŞ və Fransa isə buna qarşıdır. ABŞ çalışır ki, Azərbaycan Rusiya ilə əlaqələrini kəssin, Rusiya ilə gərginlik xəttini götürsün. Bununla ABŞ Rusiyanı bölgədə təkləmək istəyir. Ancaq Vaşinqtonun bu planlarının gerçəkləşməsi üçün iştirakçıya çevrilmək Azərbaycanın dövlət maraqlarına uyğun deyil. Rusiyanın Ermənistana təsir rıçaqları Qərbdən daha çoxdur. Ona görə də hesab edirəm ki, Rusiyanın Ermənistanı masaya oturdub başa salacaq imkanları var".  

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR