Onlayn ictimai-siyasi qəzet
“Yeni konstitusiyanın referendum yolu ilə qəbul edilməsi vacibdir”. “Yeni Müsavat” xəbər verir ki, fevralın 19-da bu açıqlama ilə Ermənistanın baş naziri Nikol Paşinyan çıxış edib. Paşinyan referendumun hansı tarixdə keçirilə biləcəyi barədə məlumat verməyib. “Yeni konstitusiyanın qəbulu ondan daha əhəmiyyətlidir ki, hazırkı konstitusiyanın qəbulu üçün keçirilən bütün referendumlarda ictimai rəydə ciddi legitimlik yoxdur. Yeni konstitusiyanın qəbul edilməsinin strateji məqsədi vətəndaşlığı olmayan millətin qalıq fəaliyyətindən xalqın dövlət fəaliyyətinə keçiddir”, - baş nazir qeyd edib.
Ermənistanda qanunvericiliyə dəyişikliyin sülh müqaviləsinin imzalanması baxımdan ciddi əhəmiyyəti var. Rəsmi Bakı yekun sənədə qol çəkilməsi üçün İrəvanın öz müstəqillik deklarasiyasına və konstitusiyasına dəyişiklik etməsini şərt kimi irəli sürür. Azərbaycan ərazilərinə iddialar hazırkı əsas qanunda olduğuna görə Ermənistan onu aradan qaldırmalıdır. Çünki Qarabağın Ermənistana birləşdirilməsi ideyası preambula hissəsində yer alır. Paşinyan bir müddət əvvəl bildirmişdi ki, sülh sazişi konstitusiyadan da mötəbərdir və ona istinad ediləcək. Lakin Azərbaycan bu erməni hiyləgərliyinə inanacaq səviyyədə deyil. Kim zəmanət verə bilər ki, Paşinyandan sonrakı dövrdə yeni hakimiyyət Ermənistan Konstitusiyasını əldə bayraq etməyəcək?
Ona görə də baş nazirin referendum elanından çıxan nəticə budur ki, Ermənistan ərazi iddialarını yeni konstitusiyada göstərməyəcək. Və erməni cəmiyyətini də buna hazırlayır. Onsuz da şifahi olaraq, o cümlədən Praqa sənədində Qarabağın Azərbaycana aid olduğunu təsdiq edir. O zaman referenduma nə zaman gediləcək və müxalifətin müqaviməti nədən ibarət olacaq? Nəzərə almaq lazımdır ki, gələn il həm də Ermənistanda parlament seçkiləridir. Hərgah, hakimiyyət erməni cəmiyyətini Qarabağa olan iddialardan əl çəkməyə çağırır, son çıxışlarında spiker Simonyan da bunu açıqlayıb. Lakin cəmiyyətin revanşist kateqoriyası - kilsə, keçmiş “Qarabağ klanı”, daşnaklar, diaspor fərqli ideyanı aşılayır. Lakin bu illər ərzində Paşinyan onların müqavimətini xeyli dərəcədə sındıra bilib. Bəs referendumdan sonra nə gözlənilir?
Elxan Şahinoğlu
Analitik Elxan Şahinoğlunun proqnozuna görə, Paşinyan referendumu il ərzində keçirərsə, bu, Azərbaycanla sülh sazişinin imzalanması ehtimalını artıracaq. Onun fikrincə, Paşinyan xalqa videomüraciətində sülhə ayrıca bölmə həsr edib: “Həmin bölmədə Paşinyanın bu fikirləri yer alıb: "Sülh xarici dəstək olmadan qonşular arasında yaşamaq bacarığıdır. Sülh bərqərar olduqdan sonra bu, iqtisadi, siyasi və mədəni əməkdaşlıqda özünü ifadə edən xarici əlaqələrin son məqsədi olmaqda davam edir. Sülh, ilk növbədə, regional amildir, çünki sülh və ya onun olmaması ilk növbədə yaxın qonşularla münasibətlərdə, sonra beynəlxalq, daha sonra isə qlobal səviyyədə ifadə olunur. Strateji və uzunmüddətli mənada sülh o zaman mümkündür ki, bu, kənar dəstək olmadan qonşularla əməkdaşlıq mühitində yaşamaq bacarığı ilə ifadə edilməli olan bir bacarıq halına gəlir. Sülh təhlükəsizliyin ən etibarlı təminatıdır. Təhlükəsizliyin təmin edilməsinin ən mühüm komponentləri region ölkələrinin qarşılıqlı asılılığı, ölkənin regional və qlobal təchizat və ticarət zəncirindəki yeridir". Paşinyanın sülhə həsr etdiyi bölmə onun etirafıdır ki, Ermənistan gah Rusiya, gah Fransa, gah da ABŞ-a arxalanaraq təhlükəsizliyini təmin edə bilməyəcək, ermənilər üçün sülhün yeganə təminatı qonşularla, o cümlədən Azərbaycan və Türkiyə ilə normal münasibətlərin yaradılmasıdır".
E.Şahinoğlu hesab edir ki, bunun üçün isə birincisi, Paşinyan Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə ərazi iddialarını ehtiva edən bəndləri çıxarmalı, ikincisi, Zəngəzur dəhlizinin reallaşmasına şərait yaratmalı, üçüncüsü, sərhədin “monitorinqi” adı altında Ermənistanda yerləşdirdiyi Qərbin hərbi heyətinin fəaliyyətinə ehtiyac olmadığını bəyan etməlidir. Ekspert güman edir ki, bunlar edilərsə, Paşinyan ümid etdiyi regional sülhü yaxınlaşdıra bilər.
Samir Əsədli
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli tezliklə referendum olacağını istisna etməsə də, parlament seçkilərinin buna əngəl olduğunu güman edir. Partiya mənsubunun fikrincə, Paşinyan parlament seçkilərində qalib gəlməklə əlini gücləndirmək istəyir ki, sonra planlarını həyata keçirsin: “Məncə, referenduma tələsməyəcək. O, növbəti seçkidə də qələbə qazanmalıdır ki, müxalifəti tamamilə ram etsin və qarşısına çıxacaq təsir gücü qalmasın. İndi isə həssas dönəmdir. Paşinyan özü də bilmir ki, Rusiya və Tramp Amerikası ilə Ermənistan hakimiyyətinin münasibətləri hansı məcrada inkişaf edəcək. Üstəlik, Zəngəzur dəhlizinə nəzarətdə qeyri-müəyyənlik qalır. Nəzərə alaq ki, Paşinyan qərarları müstəqil qəbul etmir, Fransanın ciddi təsirləri var. Bu mənada, böyük ehtimalla referendum 2026-cı il parlament seçkilərindən sonra baş tuta bilər”. S.Əsədli hesab edir ki, ancaq hər şey yenə də regional şəraitdən asılı olacaq: “Ermənistan ərazi iddialarına son qoymaq və bu məsələni qapatmaq istəyir ki, Türkiyə ilə quru sərhədləri açılsın. Ümumilikdə proses buna gedir, amma Paşinyan məqam gözləyir ki, fürsəti dəyərləndirə bilsin”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
22 Fevral 2025
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ