İnsanlara hürriyət, millətlərə istiqlal!

Polisin axtardığı oliqarx oğlundan susdurma müqaviləsitək barışıq sazişi – İLGİNC TƏFƏRRÜAT

SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə uzun məhkəmə çəkişmələrindən sonra Fidan Abbasova ilə barışmaq qərarına gəlib.

Musavat.com xəbər verir ki, Orxan İsmayılzadə apelyasiya instansiyasında şikayəti təmin edilməyəndən sonra vəkili vasitəsi ilə Fidan Abbasovaya “Barışıq sazişi” adlı sənəd göndərib.

65 min verim, sus!

Sənəddə yer alan bəndləri oxuduqca, əli hər yerdən üzülən oliqarx oğlunun özünü xilas etmə cəhdi göz önünə gəlir.

Aliment ödəməkdən yayınan, məhkəmə qərarlarını saymayan, atalıq testindən dəfələrlə imtina edən Orxan İsmayılzadə Fidan Abbasovaya 65 min manat ödəməklə bütün hüquqi iddiaları sonlandırmağı, qız övladı Nilin doğum şəhadətnaməsində ata adı və soyadının dəyişdirilməsini tələb edir. Sadə dildə desək, qızının hüquqi atasından imtinası qarşılığında bir məbləğ ödənilir və müqabilində hər iki tərəf bir-birinə qarşı susur.


İddiaları geri götür, qəzetlər yazmasın, efirlərdən danışmasınlar


Sənədin məğzinə baxanda aydın olur ki, tərəflər arasında olan bütün dövlət araşdırmalarına və məhkəmə işlərinə “xitam verilir”.

Yəni hüquq-mühafizə orqanları, məhkəmələr, KİV üzərindən gerçəkləşən ictimai diqqət bu sənədlə “rədd” edilir. Sənəd dövlətin hüquq sistemini bir kənara qoyulub şəxsi razılaşmalarla əvəzlənməsi anlamına daha yaxın görünür. Fidan Abbasovanın verdiyi açıqlamalar, məhkəməyə təqdim etdiyi sübutlar, atalıq testindən yayınan bir şəxsə cavab verməsini istisna edir, sükut qarşılığında pulla razılığa gəlməsi istənilir.

Azyaşlıya sadəcə “atam deyil” dedirtməklə xilas olmaq istəyi var

Sənədin ən diqqətçəkən hissəsi Orxan İsmayılzadənin qızı Nilin doğum şəhadətnaməsindəki ata adı və soyadının dəyişdirilməsi tələbi ilə bağlıdır. Orxan İsmayılzadə qızı Nilin sənədlərində atasının adının silinməsi tələbini irəli sürür. Sənədin bu bəndi onun övladına olan məsuliyyətdən imtinasının hüquqi möhürü olaraq görülür. Azyaşlıya sadəcə “atam deyil” dedirtmək və bunun qarşılığında problemdən xilas olmaq istəyi var.

Atası deyil, amma uşağa ölkədən getmək icazəsi verəcəyini vəd edir!

Bütün bunların əvəzində Orxan İsmayılzadə Fidan Abbasovaya bir “yaxşılıq” edəcəyini də bildirir.
Sazişdə qeyd olunur ki, Fidan Abbasova qızı Nillə birgə xaricə səfərə gedərsə, bu halda ona problem yaratmayacaq. Yəni Fidan Abbasova bir gün qızı Nillə ölkədən getmək istəsə, bu halda qızın atası olaraq Orxan İsmayılzadə “heç bir məhdudiyyət yaratmayacaq”.
Əgər Fidan Abbasova bu sazişə imza atarsa, Orxan İsmayılzadə avtomatik olaraq onun atası hesab edilməyəcək və müvafiq olaraq atası olmayan birindən icazə istəyinə də gərək qalmayacaq. Başqa sözlə desək, uşağın hüquqi statusu ailə daxili razılaşmalara təhvil verilməlidir.

Milyonçu oğlundan təklif - əmlakımıza vərəsəlik açma, səndən əmlak istəmirəm

Sazişin əmlak tələbi barədə bəndi isə bütün digər bəndlərini kölgədə qoyur, acı gülüş doğurur.
Həmin bəndə görə Orxan İsmayılzadə bəyan edir ki, Fidan Abbasovaya, onun valideynlərinə, ailə üzvlərinə və yaxın qohumlarına qarşı hər hansı əmlak və ya pul tələbi yoxdur və gələcəkdə də olmayacaq. Eyni şəkildə, Fidan Abbasova da bəyan edir ki, Orxan İsmayılzadə Mikayıl oğluna, onun valideynlərinə, ailə üzvlərinə və yaxın qohumlarına qarşı hər hansı əmlak və ya pul tələbi yoxdur və gələcəkdə də bu tələb irəli sürülməyəcək. Sazişin bu bəndi tənqid edilməyəcək qədər absurddur. Yəni Orxan İsmayılzadə Fidan Abbasovadan, onun yaxınlarından hansı əmlakı tələb edə bilər?

Əksinin baş verməsi isə təbiidir və hüquqi baxımdan da əsaslıdır.

Barışıq sazişi yoxsa susdurma müqaviləsi?

Bir sözlə, oliqarx oğlunun təqdim etdiyi saziş daha çox susdurma müqaviləsini xatırladır. Dövlətin və məhkəmənin rolu isə sıfıra endirilir. Orxan İsmayılzadənin təqdim etdiyi “barışıq sazişi” əslində hüquq sisteminin pulla formalaşdırıla biləcəyini göstərən acı bir nümunədir. Bu sənəd ədalətin deyil, sərvətin hökm etmə həvəsinin sərhədsizliyidir.

Fidan Abbasova barışıq sazişini rədd edir!

Fidan Abbasova Musavat.com-a deyib ki, susdurma müqaviləsini imzalamaqdan imtina edir, övladının haqqının bərpasında israrından bir addım da geri çəkilməyəcək. Azərbaycan dövlətinin onun müdafiəsində duracağına inanır.

Sabunçu polisi Orxan İsmayılzadəni axtarır

Orxan İsmayılzadəyə gəlincə, o, hazırda axtarışdadır. Axtarış işi Sabunçu Rayon Polis İdarəsinə həvalə olunub.
Qərara görə, polis Orxan İsmayılzadəni saxlamalı və icra orqanına təhvil verməlidir. 1 aydan artıqdır ki, çıxarılan axtarış qərarı üzrə Orxan İsmayılzadənin saxlanılması hələ ki, baş tutmayıb. Oliqarx oğlunun axtarışa verilmə səbəbi isə məhkəmə qərarını icra etməkdən yayınmasıdır. Ötən il Sabunçu Rayon Məhkəməsi Azərbaycan Respublikası adından Orxan İsmayılzadənin qızı Nil Abbasovanın saxlanılması üçün hər ay 500 manat aliment ödəməsi barədə qərar çıxarıb. Orxan İsmayılzadə bu qərarı mübahisələndirib. Lakin apellyasiya instansiyası Sabunçu Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Orxan İsmayılzadə test verməkdən niyə qaçır?

Gözlənilirdi ki, bu qərardan sonra Orxan İsmayılzadə dövlət adından çıxarılmış qərarı icra edəcək, övladının saxlanılması üçün alimenti ödəyəcək. Lakin oliqarx Mikayıl İsmayılovun oğlu bu günə qədər həm alimentdən yayınıb, həm də atalıq testindən dəfələrlə imtina edib. Bu testdən keçməklə Orxan İsmayılzadə Fidan Abbasovanın iddiasını təkzib edə və ya təsdiqləyə bilərdi. Aydınlaşardı ki, Fidan Abbasovanın onun qızı kimi təqdim etdiyi Nil Abbasovanın atasıdır və ya deyil.
Orxan İsmayılzadə isə 3 ayrı-ayrı məhkəmənin təyin etdiyi atalıq testindən keçməkdən qərəzli şəkildə yayınıb. Əvəzində Fidan Abbasovaya “barışıq sazişi” adlı sənəd göndərməklə məsuliyyətdən boyun qaçırmağa çalışır.

Qanun deyir ki…

Belə olan halda qanun deyir ki, ekspertizadan – atalıq testindən imtina edən şəxs nəticə ilə razılaşmış sayılır. Bu isə o deməkdir ki, Orxan İsmayılzadə özü bilə-bilə övladını tanımaqdan imtina edir və bu faktdan qaçır. Fidan Abbasovanın məhkəmələrə təqdim etdiyi sübutlar Nilin atasının məhz Orxan İsmayılzadə olmasını isbatlayır. Müvafiq olaraq Orxan İsmayılzadənin övladını saxlamaq üçün aliment ödəməsini şərtləndirir. Fidan Abbasova ilə faktiki nikahda olan Orxan İsmayılzadənin övladı Nilin atasının kim olduğu artıq məhkəmə qərarları ilə tanınıb. Lakin oliqarx İsmayılovun oğlu, milyonlarla sərvətin içində yaşayan biri, qızına ayda cəmi 500 manat aliment ödəməkdən imtina edir. Sabunçu Rayon İcra Şöbəsinin icra məmurunun təqdimatı əsasında onun əmlakına da həbs qoyulub. Əgər düşünürsünüzsə ki, Orxan İsmayılzadənin aliment ödəməyə maddi imkanı yoxdur, yanılırsınız.
Orxan İsmayılzadə böyük bir varidatı olan Mikayıl İsmayılovun varisidir.

Mikayıl İsmayılovun mətbuatda yayılan natamam sərvət siyahısına nəzər salaq:

Ağsuda 3 villa və meyvə bağı – 4 hektar ərazidə. Bakıda 2 bina – 16 mərtəbəli yaşayış binaları.
“Panorama” və “Axırıncı Aşırım” restoranları – hər biri milyonlarla manat dəyərində.

Ağsunun Çiyni kəndində Aqropark və 5 hektarlıq anbar.

Ağsu parkında aptek və restoran – yeznəsinin adına. Şamaxıda “Şərədli” restoranı, “Ümid” adlı tədris mərkəzi, “Çinarlı Plaza”, üzüm və nar bağları, böyük anbarlar, makaron zavodu, AFFA-ya icarəyə verilmiş stadion, və daha nələr, nələr...

Bu obyektlər Mikayıl İsmayılovun yaxınlarının, qohumlarının, sürücüsünün və yeznələrinin adınadır. Amma hər kəs bilir ki, bu sərvət bir ailəyə məxsusdur.

Bu ailənin nümayəndəsi Orxan İsmayılzadə qızına aliment ödəməmək üçün gizlənir, aliment qaçağına çevrilib. İndi də “barışıq sazişi” ilə durumu öz xeyrinə çevirməyə, üzərinə düşən məsuliyyətdən can qurtarmağa çalışır.

P.S. Məsələ ilə bağlı Orxan İsmayılzadəni də dinləməyə hazırıq.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2025

03 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR