İnsanlara hürriyət, millətlərə istiqlal!

“Polad Rasim”in yeni məhkəməsi: cəzası azaldılacaq, yoxsa...

Hüquqşünas: “Rasim Məmmədov azadlıq istəyirsə, ağaları da gəlib onun yanında əyləşməlidir”

“Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun şikayəti üzrə məhkəmə prosesi yenidən təxirə salınıb. Bakı Apelyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə baxılan iş üzrə keçirilən ilkin baxış iclasında zərərçəkmiş tərəfdən yeni apelyasiya şikayəti daxil olduğu elan olunub.  Şikayətin verilməsinin mümkünlüyünə baxılması üçün iş Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb. Bir müddət əvvəl isə müdafiə tərəfinin məhkəmə protokolları ilə tanış olması üçün iş Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılmışdı.

Qeyd edək ki, “Baku Steel Company”nin rəhbəri olmuş Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat hesablanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib. İş üzrə üzərinə həbs qoyulmuş 70 milyon manatlıq əmlaklar müsadirə olunub.

 Rasim Məmmədovdan bir neçə gün əvvəl isə həyat yoldaşı Mehriban Məmmədova məhkəməyə müraciət edib. Mehriban Məmmədovanın sahibi olduğu  və Azərbaycanda ən bahalı özəl məktəblərdən sayılan Bakı Oksford Məktəbi (Baku Oxford School) “Baku Steel Company” şirkətini məhkəməyə verib. Mehriban Məmmədova  “Baku Steel Company”nin vaxtilə Bakı Oksford Məktəbinə məxsus olan və məktəblilərin daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrini ələ keçirdiyini iddia edir. Nəqliyyat vasitələrinin dəyərinin külli miqdarda olduğu bildirilir. Məktəb rəhbərliyi maşınların geri qaytarılması ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib. İş hakim Nərmin Əhmədovanın icraatına verilib. 

Rasim Məmmədov həbs edildikdən sonra Bakı Oksford Məktəbinin üzərinə də həbs qoyulub. Məktəbin dəyəri 24 milyon manat qiymətləndirilir. Bakı Oksford Məktəbi Bakıda ən bahalı özəl məktəblərdən sayılır. Burada təhsil ingilis dilindədir və əsasən imkanlı şəxslərin övladlarının oxuduğu məktəb kimi tanınır. 

İddialar Məmmədovlara nə vəd edir? Yeni məhkəmə keçmiş “baş metallist”in azadlığa gedən yolunu aça bilərmi?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Rasim Məmmədovu Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin şikayəti əsasında tutublar: “Rasim Məmmədov illərlə Ramiz Mehdiyevə, onun kürəkəninə arxalanıb Azərbaycanın metallurgiya sənayesini inhisara ala bilmişdi. Mətbuatda bununla bağlı kifayət qədər faktlar var. Metallurgiya sahəsində olan irili-xırdalı iş adamların çökdürülməsi istiqamətində sistemli iş aparılırdı. Tələbləri də konkret idi - metallurgiya sahəsində fəaliyyət dayanmalıdır! Bu şərtlə razılaşmayanlara qarşı reyder hücumları təşkil olunurdu. Zavodlara, sexlərə hücum edib iş adamlarının əhalidən yığılan metal qırıntılarını maşınlara yükləyib "Baku Steel Company"yə daşıtdırırdılar. Zavod və sexlərdəki domna sobaları da dağıdılırdı ki, bir daha iş adamları fəaliyyətə başlamasınlar. Ramiz Mehdiyevin himayəçiliyi altında Rasim Məmmədov qısa bir zamanda ölkədəki metallurgiya sənayesinin əhəmiyyətli hissəsini ələ keçirə bildi. Vaxtilə Heydər Əliyevin dəvəti ilə Azərbaycana gələn Zülfüqarlı qardaşlarına qarşı da total hücumlar təşkil olunmuşdu. Zavodları əllərindən alıb Lerikdən olan bir çobanın adına rəsmiləşdirmişdilər. Vaxtilə Zülfüqarlıların zavodlarında 3 min 500 nəfər çalışırdısa, bu gün 500-600 nəfər Azərbaycan vətəndaşı işləyir. Yəni Rasim Məmmədov konkret olaraq törətdiklərinin cəzasını çəkir. Ona qarşı ittihamlar arasında metallurgiya sahəsində çalışmış şəxslərə rast gəlmədim. Heç Zülfüqarlı qardaşlarının da şikayətləri araşdırılmayıb. Bu məsələlər də qaldırılsa, Rasim Məmmədovun barəsində yeni ittihamedici hökmlər çıxa bilər".

Hüquqşünas deyib ki, Rasim Məmmədovun məhkəmələrdən mərhəmət gözləntiləri də əbəsdir: “İllərlə Ramiz Mehdiyevə arxalanıb Azərbaycanın metallurgiya sənayesini çökdürməklə məşğul olub. Bu fəaliyyətdən onun da, ağalarının da qazancı milyonlarla olub. İndi isə ağaları onu güdaza verib, özləri də azadlıqda gəzir. Rasim Məmmədov azadlıq istəyirsə, ağaları da gəlib onun yanında əyləşməlidir. İfadə versin, qanunsuzluqları kimlərin diktəsi ilə etdiyini desin, bundan sonra məhkəmədən azadlıq gözləntiləri olsun. İndiki halda, Rasim Məmmədovun azad edilməsi, cəzasının azaldılması mümkün deyil”.

Hüquqşünas deyir ki, Rasim Məmmədovun həyat yoldaşının iddiası üzrə araşdırmaların perspektivi var: “Söhbət Rasim Məmmədovun müsadirə olunmuş əmlakına aid olan nəqliyyat vasitələrindən gedir. Məhkəmə iddianı təmin edə bilər. Bu halda əmlak Məmmədovlara deyil, müsadirəyə yönəlməlidir”.

E.MƏMMƏDƏLİYEV, 
“Yeni Müsavat”  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR