İnsanlara hürriyət, millətlərə istiqlal!

Pol Qoblun doğrulan proqnozu: “44 günlük müharibə kimi nəsə olacaq” demişdi

ABŞ administrasiyasının keçmiş müşaviri: “Həm ermənilər, həm də azərbaycanlılar bəzi qarşılıqlı kompromislərə getməlidirlər”

Sentyabrın 14-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Bakıya gəlib və Prezident İlham Əliyevlə görüşüb. Toivo Klaar sentyabrın 12-dən 13-nə keçən gecə dövlət sərhədində baş vermiş gərginliklə bağlı narahatlığını ifadə edib. Prezident İlham Əliyev Azərbaycanın Brüsseldə aparılmış müzakirələrin davamı olaraq sülh gündəliyini dəstəklədiyini vurğulayıb.

Ali Baş Komandan Azərbaycanın vəziyyətinin sabitləşdirilməsi və gərginliyin aradan qaldırılması üçün zəruri addımlar atmasına baxmayaraq, əldə olunmuş atəşkəsin Ermənistan tərəfindən pozulmasının davam etdiyini bildirib. Ötən ayın sonu-cəmi iki həftə əvvəl (avqustun 31-də) Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə İlham Əliyev və erməni baş nazir Nikol Paşinyan arasında sayca dördüncü görüş keçirildi. Üçtərəfli görüşlə bağlı bəyanata əsasən, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə sülh layihəsinin mətninin hazırlanması məqsədilə bir ay müddətində görüşmək tapşırılmışdı. Bir sıra müşahidəçilər iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində yaxın zamanda mühüm irəliləyişin ola biləcəyini deyirdilər. ABŞ administrasiyasının Sovet İttifaqı üzrə keçmiş müşaviri Pol Qobl bu danışıqlardan gözlənilən nəticələr haqda bir neçə gün əvvəl “Amerikanın səsi”nə maraqlı açıqlama vermişdi. Danışıqların müsbət tonda davam etdiyinin optimizm doğurduğunu deyən politoloq Ermənistanın bundan sonrakı addımları haqda maraqlı proqnozlarını da bölüşmüşdü.

Sitata diqqət edək: “Məsələ bundadır ki, Ermənistanın o qədər də təsir imkanları yoxdur. Yeganə malik olduğu imkan "yox" demək və bu məsələlərdə vaxtı uzatmaqdır”. Politoloq deyib ki, yeganə təsir imkanları Zəngəzur dəhlizi məsələsində, nəqliyyat marşrutlarının açılması, Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin yekun delimitasiyası məsələsində qalır. Bu təsir imkanlarının qaldığı müddətdə də bu prosesi uzatmaqda davam edəcəklər. “Qarşıda çox çətin danışıqlar var. Bundan da artıq, düşünürəm ki, həm ermənilər, həm də azərbaycanlılar bəzi qarşılıqlı kompromislərə getməli olduqlarını qəbul etməlidirlər. Hələ də böyük münaqişə və ya 44 günlük müharibə kimi nəsə yenidən baş verə bilər", - deyə o bidirib.

Avropa Birliyinin vasitəçiliyi bundan sonra necə davam edəcək? Yarım ay keçib, xarici işlər nazirlərinin gündəmi tam fərqlidi, tərəflər lokal döyüşlərdə ağır itkilər veriblər və bunun təsirləri hələ bir müddət davam edəcək. Pol Qoblun “Ermənistanın təsir imkanlarının yalnız Zəngəzur dəhlizinə və sərhədlərin müəyyənləşməsində "yox" demək imkanı qalıb" fikri o deməkdirmi ki, sərhəd təxribatı da İrəvanın təkbaşına planıdır?

Yeni Azərbaycan Partiyasının üzvləri arasında siyasi birlik və həmrəylik  hökm sürür - İlyas Hüseynov

İlyas Hüseynov

Politoloq İlyas Hüseynovun bu suallara cavabı belədir: “Ermənistan-Azərbaycan şərti sərhədində genişmiqyaslı təxribatlara görə bütün məsuliyyət bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür. Pol Qoblun Ermənistanın təsir imkanlarının yalnız Zəngəzur dəhlizinə və sərhədlərin müəyyənləşməsində "yox" demək imkanı qalıb fikri həm də Qarabağ ilə bağlı məsələnin artıq həll olunduğu anlamını verir. Qarabağ Azərbaycan ərazisidir və orada yaşayan əhali Azərbaycan cəmiyyətinə inteqrasiya olunmalıdır. İndi hörmətli Pol Qoblun 2 mühüm tezisini təhlil edək. Qeyd edək ki, Ermənistan-Azərbaycan şərti sərhədində baş verən təxribat İrəvanın təkbaşına apardığı oyun deyil. İrəvanın arxasında duran qüvvələr və beynəlxalq dəstəkçiləri var. Erməni lobbisinin apardığı fəal işi və onun nəticələrini də görürük. Ermənistan açıq-aşkar şəkildə Brüssel sülh formatına qarşı getməyə başladı və avqustun 31-dən başlayaraq mövqelərimiz atəşə tutulmağa başladı. Zəngəzur dəhlizinin açılması ilə bağlı bir çox güc mərkəzləri maraqlıdırlar. Paşinyan son çıxışında eksterritoriyal statusla bağlı yenidən regionun gələcəyinə yönəlik mənfi fikirlər söyləsə də, bilir ki, Azərbaycan və Türkiyənin istədiyi yerinə yetiriləcək. Orduda məğlubiyyətlə xalqını başa salmaq cəhdləri də başadüşüləndir. Sərhədlərin müəyyənləşməsi, delimitasiya və demarkasiya prosesi isə sülh müqaviləsinin daxilində təqdim olunur. Şarl Mişel də sülh müqaviləsinin tərəfdarıdır. 1 ay ərzində XİN-lər bu mövzuda görüşməli və mətni müzakirə etməli idilər. Eskalasiya və lokal əməliyyatlar buna kölgə salsa da, düşünürəm ki, artıq birbaşa sülh müqaviləsinin imzalanmasından başqa rəsmi İrəvanın çıxış yolu yoxdur. Bütün vaxt limitləri də bitib. Sənədi imzalayandan sonra Paşinyanın aqibətinin necə olacağını İrəvanın mərkəzində toplaşan nümayişçilər və müxalif deputatlar müəyyənləşdirəcək".

Ruslan öldü, yaşasın Alp Arslan - Adını özü qoyan insan

Alp Arslan İmamqulu

Tanınmış hərbi ekspert, “M5 Müdafiə və Strategiya jurnalı”nın regional təmsilçisi Alp Arslan İmamqulu erməni terrorunun davam etməməsi üçün atılmalı olan addımlardan söz açdı: “Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının getdiyi bir ərəfədə təxribatların törədilməsi kəsinliklə Ermənistanın iradəsi deyil. Ermənistan bir daha sübuta yetirdi ki, terror dövlətidir. İstənilən halda bütün qərarlar Ermənistandan kənarda verilir. Növbəti dəfə düşmən ölkənin daxilindəki qarışıqlığın, müxtəlif qarşıdurmaların Azərbaycan sərhədlərinə təzahür etdiyini müşahidə etmiş olduq. Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün istənilən halda gərəkli tədbirlər görməyə, istənilən terror hərəkətlərinin qarşısını almağa qadir olduğunu sübuta yetirmiş oldu. Mövcud vəziyyətdə erməni tərəfdən hər hansı bir sülh danışıqlarına gedilməsini gözləmək, yaxud verdiyi sözü tutacağına ümid etmək sadəlövhlük olardı. Azərbaycan birmənalı olaraq, 1991-ci il 30 avqust tarixində Ali Sovetin bəyanatına uyğun olaraq, öz sərhədlərini 1918-20-ci illərdəki sərhədlərə uyğun şəkildə prosesləri yekunlaşdırmalıdır. Ermənistana terror törətməsi üçün verilən bütün dəstəklərin kəsilməsinə çalışmalıyıq. Əks halda, bu terror aktları davamlılıq təşkil edəcək. Bu da ölkəmizin həm iqtisadi inkişafına, həm də təhlükəsizlik təminatına ciddi təsir göstərəcək. Azərbaycan inkişaf yolu tutan bir dövlətdir. Bura yeni investisiyaların cəlb olunması çox önəmlidir. Ermənistanın vaxtaşırı ərazilərimizdə törətdiyi terror aktları bizim təhlükəsizliyimizə kölgə salmaqdadır. Bu səbəblə tez bir zamanda ard-arda düşmənə layiqli cavab verməliyik. Azərbaycanın 1918-ci il sərhədlərinin tanınması təmin olunmalıdır”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR