İnsanlara hürriyət, millətlərə istiqlal!

Plastik qablar xəstəlik mənbəyidir! - Bəs çıxış yolu...

Plastik qablarda saxlanılan içməli suda sağlamlıq üçün təhlükəli bir sıra kimyəvi birləşmələr yarana bilər. Bu barədə Çinin Cinan Universitetinin mütəxəssisləri xəbərdarlıq ediblər. Onlar uzunmüddətli tədqiqatın nəticəsində bu qənaətə gəliblər.

Təcrübə bir neçə mərhələdə aparılıb. Tədqiqatçılar müxtəlif qitələrdən - Afrika, Amerika, Avropa və Asiyadan plastik qabları analiz ediblər. Onların demək olar ki, hamısında uçucu üzvi birləşmələr, o cümlədən alkanlar, alkenlər, spirtlər, aldehidlər, karboksil turşuları və s. kimi zəhərli birləşmələr müəyyən edilib. Məlum olub ki, plastik material daha köhnə olduqda, yüksək temperaturlara məruz qaldıqda və ya qab zədələndikdə belə birləşmələr daha çox olur və aktiv şəkildə suya keçir.

Düzdür, elm adamları əmin edirlər ki, suyun özündə belə maddələrin konsentrasiyası çox da yüksək deyil. Amma problem ondadır ki, onlar orqanizmdə toplanır, kumulyasiya olur. Ona görə də tədqiqatçılar daha çox şüşə qablarda su almaqla riskləri azaltmağı tövsiyə edirlər.

Məlumdur ki, Azərbaycanda da içməli su əsasən plastik qablarda satılır. Onların hansı temperaturda saxlandığı isə satıcıların insafına qalıb. Həmçinin bir çox qida məhsulları (ayran, süd, kefir, xama, bitki yağıları, zeytun və s.) da plastik qablarda satılır. 

Eyyub Hüseynov: "Bu cür ticarət yerləri vətəndaşların hüquqlarını pozmaqla  dövlətin sosial siyasətinə də zərbə endirir" Pravda.az

Eyyub Hüseynov: “3 il öncə müəyyən qərarlar verildi, lakin nəticəsi olmadı, çünki...”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a şərhində bildirdi ki, plastik qablardan istifadə dünyada böyük problemə çevrilib: “Azərbaycanda bununla bağlı müəyyən işlər görülməyə çalışılır, lakin gözlə görünən nəticələr təəssüf ki, yoxdur. Hələ 3 il öncə plastik qablardan istifadə barədə müəyyən qərarlar qəbul edildi, lakin nəticəsi olmadı. Çünki alternativlər təklif olunmadı. Plastik qablarda, xüsusilə Günəş şüaları altında qalan məhsulların qablaşdırılması əlbəttə ki, insan orqanizminə zərər verir. Belə qabların tərkibində olan kimvəyi maddələr sulara miqrasiya edir və müxtəlif xəstəliklərin yaranmasına səbəb olur”. 

Ekspert qeyd etdi ki, sularla bağlı vəziyyət fərqlidir: “Plastik qabda qablaşdırılan suyu istehlak etdikdən sonra qab əzilməlidir ki, yenidən istifadə olunmasın. Əzilmiş qablarda olan suyu, ümumiyyətlə, içmək olmaz. Çünki qablar əziləndə hissəciklər suya miqrasiya edir”. 

Akademik Mirqasimov adına Respublika Klinik Xəstəxanasının həkim terapevti Rəna Nağıyeva da qəzetimizə şərhində plastik qabların insan orqanizminə zərərlərini belə şərh etdi: "Alimlərin araşdırması göstərir ki, plastik qab-qacaq insan orqanizminə mənfi təsir edir. Bəzi ölkələrdə onlardan istifadə qanunla qadağan edilib. Xüsusilə də uşaqların orqanizminə son dərəcə ciddi təhlükə yaradır. Plastik materialların isti su ilə təması nəticəsində dioksin (ən zəhərli maddələr qrupu) yaranır. 

Rəna Nağıyeva: “Körpələrə plastik butulkalarda isti süd və çay vermək doğru deyil”

Beynəlxalq Xərçəng Araşdırma İnstitutunun araşdırmasına görə, dioksin orqanizmdə xərçəng xəstəliyinin əmələ gəlməsinə şərait yaradır. Plastik qabların tərkibindəki toksik maddələr insan orqanizminə qida vasitəsilə daxil olur. Tədricən immun sistemi zəifləyir. Və bu fəsadlar özünü tədricən büruzə verməyə başlayır. Həmçinin mütəxəssislər analara plastik butulkalarda körpələrə isti süd və çay verməyin düzgün olmadığını, butulkaları şüşələrlə əvəz etməyin daha məqsədəuyğun olduğunu bildirirlər". 

Nigar HƏSƏNLİ,

“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR