Onlayn ictimai-siyasi qəzet
PKK terror təşkilatı atəşkəs elan etdiyini açıqlayıb.
Açıqlamada terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanın çağırışına əməl olunacağı bildirilib.
“Çağırışın məzmunu ilə olduğu kimi razıyıq və çağırışın tələblərinə əməl edəcəyimizi və həyata keçirəcəyimizi bildiririk. Biz atəşkəsin bu gün qüvvəyə mindiyini elan edirik”, - PKK “İcraiyyə Komitəsi”nin məlumatında vurğulanıb.
Qeyd edək ki, A. Öcalan bir neçə gün öncə tərəfdarlarına silahı yerə qoymaqla bağlı çağırış edib: “Demokratik cəmiyyətə ehtiyac qaçılmazdır. Cümhuriyyət tarixinin ən uzun və ən əhatəli üsyan və hərəkatı olan PKK-nın güc və dəstək tapmasının səbəbi demokratik siyasi kanalların bağlanması idi. Mən tərksilah olmağa çağırıram. Bütün qruplar silahı yerə qoymalı və PKK ləğv olunmalıdır. Bu çağırışa görə məsuliyyəti üzərimə götürürəm”.
Xatırladaq ki, PKK-nın 26 ildir İmralı həbsxanasında olan lideri Abdullah Öcalan 1999-cu il fevralın 15-də Milli Kəşfiyyat Təşkilatının (MİT) əməliyyatı nəticəsində Keniyada saxlanılaraq Türkiyəyə gətirilib. O, terror fəaliyyətlərinə görə ölüm cəzasına məhkum edilsə də, hökm daha sonradan ömürlük həbs cəzası ilə əvəz edilib./Qafqazinfo.az/
01 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ