İnsanlara hürriyət, millətlərə istiqlal!

Piyada vurulmasında günahkar yalnız sürücüdürmü - qanunun tələbi və beynəlxalq təcrübə...

Ekspert: “Dünyanın sivil ölkələrində günahkar piyada olanda sürücünü heç cərimə də etmirlər, bizdə isə...”

Son illərdə piyadaların iştirakı ilə avtoqəza halları çoxalıb. Bunun səbəbləri əsasən yerüstü və yeraltı piyada keçidlərinin azlığı, həmçinin piyadaların  məsuliyyətsizliyi, sürücülərin diqqətsizliyi ilə izah edilir. Avtoqəza hadisələrinin videolarından görünür ki, bir çox hallarda günah birmənalı şəkildə piyadada olur. Ancaq sürücülər bildirir ki, günahın birmənalı piyadada olduğu təsdiqini tapsa da, sürücüləri məsuliyyətə cəlb edirlər. Xüsusən ekspertlər, müstəntiqlər qeyd edirlər ki, sürücü qəzanın baş verməsinin qarşısını almaq üçün vaxtında tormoz verməyib, diqqəti piyadada olmayıb, manevr edib qəzadan yayınmayıb və s.

Qanunda və dünya təcrübəsində necədir? Piyadanın vurulması öz günahıdırsa, sürücü məsuliyyətə cəlb olunmalıdırmı? Hansı hallarda sürücü məsuliyyət daşıyır, hansı hallarda günahsız sayılmalıdır?

Elməddin Muradlı: “Qiymət müəyyən qədər dizel mühərrikli avtomobillərə  təsir göstərə bilər”

Elməddin Muradlı

Avtonəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Yeni Müsavat”a deyib ki, Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, qəzaların 50 faizi piyadaların vurulması ilə nəticələnir: “Ümumrespublika üzrə isə piyadaların vurulması ilə nəticələnən qəzalar 50 faizdən yüksək olub. Bu istiqamətdə araşdırma aparılanda görürük ki, piyadaların vurulması ilə nəticələnən avtoqəzaların 90-95 faizində sürücülər günahkar bilinir. Araşdırılanda isə məlum olur ki, qəzanın baş verməsində günahkar piyada olub. İşıqlandırılmayan yolda, qara geyimdə gecə yarısı qəfildən saatda 60-70 kilometr sürətlə hərəkətdə olan nəqliyyat vasitəsinin qarşısına çıxıb, qəzaya səbəb olub və qəza zamanı hadisə yerində keçinib. Bundan sonra sürücünün qara günləri başlayır. Avtotexniki ekspertiza rəy verir ki, sürücü qəzadan yayına bilərdi, tormoz vurub manevr etməklə vəziyyətdən çıxa bilərdi. Əslində isə həmin rəyi verən ekspertin özünü sükan arxasına əyləşdirsələr, həmin qəzadan yayına bilməyəcək. Çünki bu, sadəcə, mümkün deyil. Gecəyarısı, yağışlı havada, qarşıdan gələn nəqliyyat vasitəsinin işıqları yandığı bir vaxtda yolu keçən, yolun ortasında dayanan, tünd geyimli piyada görünməz olur. Amma nə fayda? Avtotexniki ekspertiza qəzaların 90-95 faizində qəzada sürücünü haqlı-haqsız günahkar çıxarmağa əsas verən rəy yazır. Başqa cür, sadəcə, bacarmırlar. Sürücünün boğazından yapışıb onu bədbəxt edənədək əl çəkmirlər. Əksər müstəntiqlər insani dəyərlərlə, hüququn ali üstünlükləri ilə məsələyə yanaşmaq istəmir. Çünki bu aspektdən yanaşanda sürücünün həyatının məhvi mümkün olmur. Təsəvvür edin ki, ”Yol hərəkəti haqqında" Qanuna dəyişiklik olunub. Dəyişiklikdən sonra sürücünün hansı halda məsuliyyətdən azad olunduğunu oxuyan hər kəsdə qanunu bu şəkildə yazanlara ikrah hissi doğur. Yazırlar ki, sürət həddi 110 kilometr saat olan yolda piyadanın vurulması ilə nəticələnən qəza baş verərsə, piyada sağ qaldığı halda sürücü məsuliyyətdən azad edilir.

Qanunu bu şəkildə yazan saatda 110 kilometr hərəkətin nə demək olmasından xəbərsizdirsə, onu niyə qanun yazmağa yaxın buraxıblar?

Sual edirəm: saatda 110 kilometr sürətlə hərəkət edən nəqliyyat vasitəsi piyadanı vursa, sağ qalarmı?

Bu sualın cavabı hər kəsə bəllidir, təkcə qanunu belə gülünc vəziyyətə salanlardan başqa.

Baxırsan ki, qəzanın baş verdiyi ərazidə avtomobillər üçün sürət həddi saatda 110 kilometrdir və piyada keçid zolağı yoxdur. Yəni piyada gecə saatlarında yüksək sürətli həddi olan yoldan keçməklə özünü ölüm riski ilə üz-üzə qoyub. Paytaxta bu kimi hadisələr tez-tez baş verir. Səbəb isə piyada məsuliyyətsizliyidir. Sonda isə piyada ölür, sürücü isə illərini cəzaçəkmə müəssisəsində keçirir. Qanun belə hallarda sürücünün mütləq şəkildə həbsini nəzərdə tutmur. Amma Azərbaycanda bir qayda olaraq sürücünün həbsi məsələsi gündəmə gətirilir. Bunun hansı maraqlardan olduğu hər kəsə bəllidir. Baş Prokurorluq, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bu məsələləri diqqətlə izləməli, müvafiq tədbirlər görülməlidir. Piyada özünün məsuliyyətsizliyindən ölüb gedir, sürücü də elə ölmüş duruma salınır. Halbuki sivil dünyanın əksər ölkələrində belə hal baş verdiyi zaman sürücünü heç cərimə də etmirlər. Sadəcə, rəsmiləşmə aparılır. Yeganə ölkə Azərbaycandır ki, burada sürücülər həmişə günahkar çıxarılır. Bizim qanunvericilikdə qeyd edilir ki, sürücü son ana qədər bütün üsul və vasitələrdən istifadə edərək hadisənin qarşısını almağa çalışmalıdır. Yol sürücünün olsa belə, avtomobili qaçırmalı, “ruçnoyu” çəkməli, nə olursa-olsun, hadisənin baş verməsinin qarşısını almağa çalışmalıdır. Əgər hadisə baş veribsə, qarşısını almaq mümkün deyilsə, sürücü məntəqə tipli cəzaçəkmə müəssisəsində cəzasını çəkir. Çox qəribə vəziyyətdir: sənin avtomobilin yaxşı vəziyyətdədirsə, görmə qabiliyyətin yaxşıdırsa, hadisənin qarşısını almalısan. Əgər hadisə baş veribsə, ya sən məsuliyyətsizlik etmisən, ya gözün zəifdir - günahkarsan. Yəni piyada ölümü varsa, sürücü mütləq cəzalandırılır. Qanunlardakı humanizm prinsipləri sürücülərə münasibətdə şəxsi maraqlardan çıxış olunaraq tətbiq edilmir. Bu cür yanaşmaya son qoyulmalıdır".

Ekspert deyir ki, hadisə baş verən ərazi yaşayış məntəqəsindən kənar, yüksək sürətli avtomagistral yoldursa, yol dəmir arakəsmələrlə istiqamət üzrə ayrılırsa və orada piyadanın vurulması ilə nəticələnən qəza baş verirsə, bunun günahkarı sürücü olmamalıdır: “Azərbaycanda qüvvədə olan ”Yol hərəkəti haqqında" Qanunda var ki, yaşayış məntəqələri olan ərazilərdə 150-300 metr məsafədən bir, yaşayış məntəqələrindən kənar ərazilərdə isə 700-800 metr məsafədən bir piyada keçidləri qoyulmalıdır. Azərbaycanda bu tələbə cavab verən yol yox səviyyəsindədir. Aeroport yolunda bu qaydalara əməl olunmur. Keçidlər arasındakı məsafə çox böyükdür. Amma bu, o demək deyil ki, piyadalar belə yollardan keçməlidir. Qəza piyadanın günahı üzündən baş verib. Heç bir halda biz deyə bilmərik ki, hadisə zamanı piyada haqlı olub, sürücü ona yol verməlidir. Əgər qanunvericiliyin tələbindən söhbət gedirsə, piyadanın o yolda nə işi var?

İstintaq zamanı sürücüdən avtomobili niyə sağa-sola qaçırtmadığını, niyə əyləci basıb, hadisənin qarşısını almağa çalışmadığını soruşurlar. Amma onu da nəzərə almaq lazımdır ki, saatda 110 kilometr hərəkət edən avtomobili sürücü sağa-sola qaçırsa, başqa qəza baş verə bilər, özü və ya avtomobildəki sərnişinlərdən kimsə ölə bilər. Bundan başqa, o sürətlə hərəkət edən avtomobilin  qəfil əyləci basılsa, avtomobil aşıb çevrilə bilər. Qarşı yola çıxa bilər, digər avtomobilləri vura bilər. Bununla yanaşı, həmin yolda çox zaman gecə lampaları yanmır və görüntü məhdud olur. Yəni sürücünü başa düşmək lazımdır. O, yaşadığı bu stresi ömür boyu unuda bilməyəcək. Dünyanın bir çox ölkələrində belə hallarda sürücülər sərbəst buraxılır. Azərbaycanda da sürücü sərbəst buraxılsa, piyadalar bundan dərs götürəcəklər.  Qəzalarda birmənalı şəkildə sürücülərin həbsi digər piyadaları da arxayınlaşdırır. Belə hadisələrdə sürücünün həyatı məhv edilməməlidir. Rusiyada belə hadisələr baş verəndə sürücünün izahatını alıb sərbəst buraxırlar. Bizim qanunvericilikdə də qeyd olunub ki, piyadanın günahı üzündən avtomobil qəzası baş versə, sürücü, onun sərnişini və ya avtomobili zərər görsə, bunun məsuliyyətini piyada daşımalıdır. Amma baxaq, bizim təcrübədə belə hal baş veribmi? Olubsa da, ictimailəşməyib. Belə situasiyalarda sürücü məsuliyyətə cəlb edilməməlidir".

Cinayət Məcəlləsinin 263-cü maddəsinə görə, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məcəllənin 263.2. maddəsinə görə, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda 3 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qəza avtomobil idarəetmə hüququ olmayan şəxs tərəfindən və sərxoş vəziyyətdə baş veribsə, sürücü 8 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR