İnsanlara hürriyət, millətlərə istiqlal!

PİSA-nın Azərbaycan nəticələri niyə yenə də aşağıdır? - ekspertlərdən fərqli mövqe


PİSA - Beynəlxalq Şagird Qiymətləndirmə Proqramının 2022-ci ildəki qiymətləndirməsinin nəticələri elan olunub. Qeyd edək ki bu,  monitorinq qiymətləndirmə ölkələrin təhsil sistemini müqayisə etmək üçün istifadə edilən nüfuzlu mexanizmlərdən biridir. 

Bu dəfə də Azərbaycan təhsilinin nəticələri ürəkaçan olmayıb. Belə ki, əvvəlki illərlə müqayisədə hər üç istiqamətdə orta ballarda azalma var.

Belə ki, ötən il keçirilən PISA tədqiqatında əsas sahə riyaziyyat olub və 81 ölkədən ümumilikdə 700 000-ə yaxın şagird qiymətləndirmədə iştirak edib. Riyaziyyat üzrə nəticələrə görə, ilk beşlikdə Sinqapur, Makau (Çin), Çin Taypeyi, Honkonq (Çin) və Yaponiya qərarlaşıb. Bakı məktəbləri ilə təmsil olunan Azərbaycan sıralamada 81 ölkə arasında 56-cı yerdədir. Ölkəmiz Meksika, Braziliya, Gürcüstan, Özbəkistan, Albaniya və Şimali Makedoniyadan yuxarı nəticə göstərib. Nəticənin Azərbaycan üçün aşağı olduğunu deyənlər var.

Qeyd edək ki, Azərbaycanda qiymətləndirmədə iştirak edən şagirdlər bütün ölkədən deyil, yalnız Bakıdan seçilib. Mütəxəssislər qeyd edir ki, əgər bu monitorinq bütün ölkə ərazisindən aparılsaydı, çox güman ki, nəticələr bir az da pis olacaqdı. 

Azərbaycan 4 dəfə (2006, 2009, 2018 və 2022) bu qiymətləndirmədə iştirak edib. 

PISA qiymətləndirməsi üç istiqamət – oxu bacarıqları, riyaziyyat və təbiət elmləri üzrə aparılır.

Bəs PİSA-nın Azərbaycanla bağlı nəticələri niyə getdikcə aşağı enir?

1658325952_1589192278_kamran4.jpg (74 KB)

Təhsil eksperti Kamran Əsədov məsələyə bu cür aydınlıq gətirib:

"Burada diqqəti cəlb edən bir sıra məqamlar var.

5 dekabr 2023-cü il tarixində PISA (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) tədqiqatının 2022-ci il üzrə nəticələri açıqlanıb.

Diqqəti cəlb edən maraqlı məqamlar var:

1. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri üzrə orta ballarda ilk dəfə kəskin geriləmə qeydə alınıb.

2. PISA 2022 tədqiqatı üzrə əksər ölkələrin nəticələrinin orta göstəricilərində əvvəlki dövr ilə müqayisədə kəskin azalma müşahidə olunub.

3. PISA 2022 nəticələrinə görə əksər ölkələrin geriləməsinin əsas səbəblərindən biri COVID-19 pandemiyasının mənfi təsirləridir.

4. PISA 2018 ilə müqayisədə əvvəlki dövrdə yüksək nəticələr əldə etmiş inkişaf etmiş ölkələr arasında ən çox geriləmə müşahidə olunan ölkələr sırasında Finlandiya, Hollandiya və Norveç də var".
Kamran Əsədov qeyd edib ki, bununla belə Azərbaycan üçün yaxşı hesab olunacaq məqamlar da var:

"Həmin məqamlar bunlardır:

1.PISA 2022-ci il nəticələrinə əsasən, Azərbaycan 81 ölkə arasında 56 yerdədir.

2. Azərbaycan PISA 2022 nəticələri üzrə 2018-ci ilə nisbətən geriləsə də regiondakı ölkələrlə müqayisədə irəlidədir və MDB ölkələri arasında 3-cü yerdədir.

3. Azərbaycan PISA 2022-də sosial-iqtisadi ədalətlilik indeksi üzrə Norveç, Kanada, Birləşmiş Krallıq kimi ölkələrlə eyni səviyyədədir.

4. Azərbaycan Meksika, Braziliya, Tailand, Gürcüstan, Özbəkistan, Albaniya, Monteneqro, Şimali Makedoniya kimi ölkələrdən daha yuxarı nəticə göstərib.

5.Azərbaycanın riyaziyyat üzrə nəticələri digər fənlərə nisbətdə əhəmiyyətli dərəcədə yüksəkdir. Riyaziyyat üzrə göstəriciyə görə ölkəmizin şagirdləri 25 ölkənin şagirdlərindən daha yüksək bal toplayıb.

6.Azərbaycanlı şagirdlərin riyaziyyatda narahatlıq səviyyəsi OECD ortalamasından aşağıdır, bu isə müsbət haldır".

sekil.jpg (79 KB)

Təhsil eksperti Qoşqar Məhərrəmov isə qeyd edib ki, bu nəticələrdən dərs çıxarmaq və lazımi addımlar atmaq, təhlil və müzakirə etmək lazımdır:

"Şagirdlər bullinqdən, elektronika asılılığından və digər müxtəlif təhlükələrdən əziyyət çəkirlər. Ölkəmiz
digər əksər ölkələr kimi 3 sahədə aşağı nəticə göstərib. Amma enmə oxuyub-anlamada daha çoxdur. Təbiət fənlərində də boşluğumuz artıb. Riyaziyyatda isə qənaətbəxş olaraq yerimizdə sayırıq. İnkişaf olmasa da, durum ortadır. Ən diqqətimi çəkən məsələ isə bizim bu beynəlxalq qiymətləndirməyə Bakı məktəbləri ilə girməyimizdir. Təhsildə inqilabi dəyişikliklərə ehtiyac var. Bu inqilabi dəyişikliklər isə fantastik maliyyə imkanları, prinsipial kadrlar və strateji liderlik ilə mümkündür. Ölkənin ən parlaq beyinləri təhsillə məşğul olmağa başladıqda vəziyyəti yaxşılaşdırmaq mümkün ola bilər”.

Xalidə Gəray
Müsavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR