İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkian bizi məyus edə bilərmi?

 

Uzun illərdir bizim ictimai-siyasi fəallarda, eləcə də media mənsublarında bir xasiyyət var: dünyanın harasında Azərbaycanla milli-etnik bağlılığı olan bir şəxs parlayır, şöhrət qazanırsa, ona total diqqət yönəldirik.

Bu şəxs siyasət adamı da ola bilər, alim də, incəsənət xadimi də, idmançı da. Fərqi yoxdur, adamın ən azı bir tərəfi (ya atası, ya da anası) azərbaycanlıdırsa, biz onun milli kimliyi barədə öyrənən kimi ona azarkeşlik etməyə başlayırıq və ondan Azərbaycan vətənpərvəri olmağı umuruq.

Kədərli orasıdır ki, bu xasiyyət bizə ermənilərdən sirayət edib. Bunun ciddi səbəbləri də vardı. Biz uzun müddət xaricdə yaşayan, necə deyərlər, qanı qanımızdan, canı canımızdan olan soydaşlarımızın dəstəyinə ehtiyac duymuşuq, istəmişik ki, onlar səsimiz çatmayan yerlərdə sözümüzü desinlər, haqqımızı müdafiə etsinlər.

Fəqət ermənilərdən fərqli olaraq biz bu xüsusda yüzdə doxsan civarında həmişə umsuq oluruq. Çox az-az Azərbaycan kökənli biri vətənpərvər çıxır. Onların əksəriyyəti valideynlərinin ana vətəni ilə, hətta öz qohumları ilə əlaqəsi kəsilmiş, öz milli köklərindən xəbərsiz olurlar. Çoxu eləcə Azərbaycan haqqında ümumi şeylər eşidib və günlərin birində Azərbaycan patriotu olacaqlarını düşünməyiblər.

Biz onların boynuna nə qədər milli missiya, müdafiəçi funksiyası yükləməyə çalışsaq da, onlar öz üzərlərinə belə bir yük götürmək istəmərlər.

Bu barədə çox yazmışıq, qısa şəkildə bir daha təkrar edək: fikrinizə uzun həyatını erməni məsələsinə həsr edən fransız şanson Şarl Aznavuru və heç Azərbaycan kökənli olduğunu qəbul etməyən fransız rejossor Rober Osseyni gətirin.

44 günlük müharibə vaxtı Rusiyada yaşayan erməni əsilli iş adamları, yazıçılar, jurnalistlər, rejissorlar, alimlər telekanallarda əleyhimizə mır-mır mırıldaşırdılar, onların qabağına çox nadir hallarda bir azərbaycanlı ziyalı çıxırdı. Halbuki Rusiyanın biznes dünyasında, sənət camiəsində, elm dairələrində onlarla Azərbaycan əsilli tanınmış adam vardı ki, içlərində həvəs və təpər olsa, efirə çıxar, ortaya mövqe qoyardılar.

Bu baxımdan bizim millət olaraq xaricdə yaşayan soydaş və həmvətən sarıdan bəxtimiz o qədər də gətirməyib. Hərçənd bu, bəxt məsələsi ilə bağlı deyil, milli hisslərin aparıcı olmaması ilə bağlıdır. Sadəcə, adamlar düşdüyü şəraitə tam uyğunlaşır, köhnə rənglərindən, davranışlarından imtina edir, yeni təfəkkür tərzinə yiyələnirlər.

Bu günlərdə İranda keçirilən seçkilərdə 1-ci turun birincisi olan, 42 faiz seçici səsi toplayan Məsud Pezeşkianın milli mənsubiyyətcə Azərbaycan türkü olması barədə deyilənlər ölkəmizdə onun personasına diqqəti birəbeş artırıb.

Pezeşkianın mənşəcə kürd olduğu da bildirilir, amma onun bir çox çıxışlarında Azərbaycan türkcəsinin Təbriz ləhcəsində danışması, bir də özünün öz milli kimliyini türk olaraq qeyd etməsi Arazın bu tayında yaşayanları həyəcanlandırır.

Bunun ən böyük səbəbi odur ki, son illərdə, xüsusilə də 44 günlük müharibədən sonra Azərbaycanla İran araslnda yaranan ictimai-siyasi-hərbi gərginliyə görə ölkəmizdə belə hesab olunur ki, İranda hakimiyyətə xalqımıza yaxın biri gələrsə, qarşılıqlı münasibətlərdə yumşalma baş verər.

Pezeşkianı yaxşı insan, milli adam deyirlər. Ancaq unutmamalıyıq ki, o, yüksək vəzifə tutmuş yüzlərlə İran vətənpərvərlərindən biridir. İran siyasətində ad çıxarmış adamların başqa cür olması mümkün deyil.

Ümumiyyətlə, İranda ən müxalif fikirli insanlar, hətta mövcud rejimin təqibindən qaçaraq Avropa dövlətlərinə sığınan mühacirlər də İran vətənpərvərləridir. Onların tam əksəriyyəti İranın parçalanmasına, hansısa millətin İran ərazisində müstəqil dövlət qurmasına qarşıdırlar. Bu adamların indiki teokratik rejimlə davalarının əsas motivi odur ki, onlar İranı bütöv şəkildə mollaların əlindən almaq istəyirlər.

Ona görə də əgər Pezeşkian seçkilərin ikinci turunda rəqibi Səid Cəlaliyə qalib gələrək İran prezidenti seçilərsə, dini lider Əli Xamneyinin izni və diktəsi ilə yeridəcəyi siyasətdə İran vətənpərvərliyi başlıca xətt olacaq.

Hələ ikinci turda İranın bütün mühafizəkar qüvvələrinin Cəlilinin ətrafında birləşərək, Pezeşkianı 28 iyunda qazandığı 42 faizdə qoymaq ehtimalının nə qədər yüksək olduğundan bəhs etmirəm.

Söhbətin rezümesi budur: milli mənşə yaxınlığı və yaxşı adam kimi ad çıxarması hələ o demək deyil ki, Pezeşkian prezident olsa, bizim gözləntilərimizi doğruldacaq, qiyabi şəkildə onun boynuna yüklədiyimiz missiyanı icra edəcək.

İndidən böyük ümidlərə qapılmayaq ki, sonra cənabdan xoşagəlməz bəyanatlar eşidəndə də umsuq və pərt olmayaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR