İnsanlara hürriyət, millətlərə istiqlal!

Pərviz Şahbazov: “Bakı, Astana və Daşkənd COP29 çərçivəsində enerji sahəsində Saziş imzalayacaq”

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Hökumətlərarası Saziş" imzalanacaq.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində bildirib.

O qeyd edib ki, Azərbaycan başlanğıc nöqtəsi Mərkəzi Asiya olan yeni bir enerji dəhlizi təşəbbüsünün də vacib tərəfidir: “Qərargahı Bakıda olmaqla layihə üzrə Birgə Müəssisənin yaradılması qarşıda duran vəzifələrdəndir. Mərkəzi Asiya üçün Enerji Keçidi üzrə İnvestisiya Forumu çərçivəsində "Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Hökumətlərarası Saziş"in imzalanması COP-a olan planlarımız sırasındadır”.

P.Şahbazov vurğulayıb ki, praktiki cəhətdən "Xəzər-Qara dəniz-Avropa "Yaşıl Enerji Dəhlizi"nin Mərkəzi Asiyaya qoşulması imkanı da müzakirə olunur.

Bildirildiyi kimi, Saziş layihəsində tərəflərin Avropaya və digər regionlara “təmiz enerji” tədarükünün təşkili, yeni texnologiyaların tətbiqi və enerji səmərəliliyi, eləcə də enerji qənaəti xidmətlərinin inkişafı sahəsində əməkdaşlıq niyyətləri öz əksini tapıb. Saziş qeyri-müəyyən müddətə imzalanacaq.

Xatırladaq ki, Qazaxıstan, Azərbaycan və Özbəkistanın energetika nazirləri 2024-cü il mayın 1-də Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində üç respublikanın enerji sistemlərinin qarşılıqlı əlaqəsi üzrə Əməkdaşlıq Memorandumu imzalayıblar. Sənəd memorandum iştirakçıları tərəfindən Azərbaycan, Qazaxıstan və Özbəkistandan texniki və iqtisadi baxımdan ən optimal “yaşıl enerji” ticarətini həyata keçirmək üçün Xəzər dənizinin dibi ilə və digər dövlətlərin ərazisində yüksək gərginlikli kabel çəkilməsi yolu ilə üç ölkənin enerji sistemlərinin birləşdirilməsinin imkanlarının öyrənilməsini nəzərdə tutur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR