Onlayn ictimai-siyasi qəzet
ABŞ Müdafiə Nazirliyi və yerli şirkət arasında nüvə silahının kənd təsərrüfatı sektoruna təsiri ilə bağlı araşdırma aparmaq üçün bağlanan müqavilə bu cür vəziyyətlərin modelləşdirilməsinin əhatə dairəsini Şərqi Avropa ölkələri və Rusiyaya genişləndirməyi təklif edir.
Musavat.com xəbər verir ki, bu barədə Pentaqonun sənədlərində yazılıb. RİA Novosti-nin sənədə istinadən qeyd etdiyi kimi, podratçıdan Şərq Blokunun bir hissəsi olan keçmiş ölkələri də əhatə etməklə nüvə silahından istifadənin nəticələrinin modelləşdirilməsinin coğrafi miqyasını genişləndirmək üçün proqram təminatı və kompüter kodundan istifadə etmək tələb olunur.
Bundan əlavə, Şərqi Avropa və Qərbi Rusiyadan kənarda yerləşən regionlar üçün proqram kodunun yenilənməsindən danışılır. Bildirilib ki, müqavilənin dəyəri 34 milyon dollardır, sifarişçi isə ABŞ Ordusu Mühəndislər Korpusudur.
Bundan əvvəl, sentyabrın 9-da ABŞ-ın 1987-1991-ci illərdə SSRİ-dəki səfiri Cek Metlok bildirmişdi ki, ABŞ və Rusiya arasında münaqişə nüvə zərbələrinin atılmasına gətirib çıxara bilər. Metlok qeyd edib ki, bu vəziyyətdə hökumətin səhvləri nüvə münaqişəsinə səbəb ola bilər. Onun sözlərinə görə, “hər iki tərəf nüvə silahını işə salandan sonra səhv etmək çox asan olur”.
Agentlik xatırladıb ki, sentyabrın 1-də Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Qərbin hərəkətlərinə görə Rusiyanın nüvə doktrinasını dəyişəcəyini bildirmişdi. O qeyd edib ki, nüvə doktrinasının dəyişdirilməsi ilə bağlı işlərin nə vaxt başa çatacağını hələlik söyləmək mümkün deyil. Ryabkov vurğulayıb ki, bu proses Rusiyanın milli təhlükəsizliyinin təmin edilməsinin ən mühüm məsələlərinə aiddir.
Nigar HƏSƏNLİ,
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ