Onlayn ictimai-siyasi qəzet
İlk yayın vaxtı 22:12
Azərbaycan Prezidenti İlham Əliyev əmək pensiyaları ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2024-cü il yanvarın 1-nə 2023-cü il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə – həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların, eləcə də istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2024-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.
Maaşların artırılması da gözlənilirmi? Bu artım nə qədər ola bilər? Təxminən hansı aydan artım qərarı qüvvəyə minə bilər?
Bu sualları Milli Məclisin deputatı Vüqar Bayramov Refrans.az-a açıqlamasında cavablandırıb.
“Pensiyaların artırılması “Əmək pensiyalarının haqqında” qanuna əsasən həyata keçirilir. Belə ki, “Əmək pensiyaları haqqında” qanuna əsasən, pensiyalar hər il əvvəlki ildə orta aylıq əmək haqqındakı artım faizinə uyğunlaşdırılaraq artırılıb. 2023-cü ildə orta aylıq əməkhaqqı 11.2 faiz artdığına görə, biz pensiyalarda məhz bu məbləğdə artım müşahidə etdik. Eyni zamanda sosial müavinətlərdə də artım artıq reallaşıb. Çünki ehtiyac meyarı 270 manata çatdırılıb və ehtiyac meyarının 246 manatdan 270 manata çatdırılması həm də ünvanlı sosial yardım və sosial yardım məbləğinin artmasına gətirib çıxarıb”.
Deputat bildirib ki, digər tərəfədn əməkhaqqı və pensiyalarla bağlı artımlar, o cümlədən minimum əməkhaqqı və minimum pensiya ilə bağlı artımlar Cənab Prezidentin sərəncamları ilə reallaşır.
“Maaş, pensiya kimi məsələlərdə artımlar büdcə paketində və qanunvericiliyin müəyyənləşdirilmiş meyarları ilə deyil, Cənab Prezidentin imzalanan sərəncamlar ilə reallaşır və bu baxımdan həmin istiqamətdə də yeni qərarlar qəbul edilən zaman daha ətraflı formada vətəndaşlara izahatlar təqdim olunur. Bu kontekstdən də bir məsələni qeyd etmək lazımdır ki, 2024-cü ilin dövlət büdcəsinin xərclərinin 70 faizi sosial istiqamətə yönəldilib”.
Vüqar Bayramov son olaraq vurğulayıb ki, 2024-cü ildə də sosial təminat tədbirləri prioritet olaraq qalacaq.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ