Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, İran şahı Məhəmməd Rza Pəhləvin oğlu Rza Pəhləvi son illərdə, xüsusilə də 2022-ci ildən sonra baş verən “Qadın, Həyat, Azadlıq” şüarı ilə tanınan etiraz hərəkatından sonra yenidən beynəlxalq siyasət səhnəsində fəallaşıb. İslam Respublikasının legitimliyini açıq şəkildə sual altına alan çıxışlar edən Pəhləvi, özünü İranın gələcəyi üçün mümkün alternativ lider kimi təqdim etməyə çalışır.
Musavat.com xəbər verir ki, bu proseslərə münasibət bildirən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, tanınmış ictimai xadim Vüqar Zifəroğlu bildirib ki, Rza Pəhləvinin aktivləşməsi təsadüfi deyil və o, xüsusilə də Qərb mediası və siyasi dairələrində rejim dəyişikliyi kontekstində “səssiz alternativ” obrazında təqdim olunmağa çalışılır:
“Rza Pəhləvi hazırda İranda baş verən prosesləri yaxından izləyir və çıxışlarında daha çox beynəlxalq ictimaiyyətə xitab edir. O, Qərbdə — ABŞ və Avropa ölkələrində fəallıq göstərir, çıxışlarını əsasən ingilis dilində edir. Lakin monarxiyanı açıq şəkildə bərpa etmək niyyətindən danışmasa da, bəzi tərəfdarları onu gələcəkdə ‘konstitusiyalı kral’ kimi görmək istəyir".
Vüqar Zifəroğlunun sözlərinə görə, Qərbin Rza Pəhləviyə ciddi siyasi alternativ kimi yanaşması da real deyil. Onun fikrincə, ABŞ və Avropa onu daha çox “simvolik müxalifət səsi” kimi dinləyir, lakin birbaşa siyasi dəstək göstərməkdən çəkinir:
“Qərbin hazırda İranda rejim dəyişikliyi ilə bağlı hərbi və ya sərt ssenariyə getməsi inandırıcı deyil. Bu dəyişiklik yalnız daxildən – İran xalqının öz gücü və istəyi ilə mümkün ola bilər. Və bu nöqtədə Pəhləvinin ciddi sosial bazası yoxdur.”
“Monarxiya dövrü kollektiv yaddaşda repressiyalarla yadda qalıb”
Vüqar Zifəroğlunun diqqət çəkdiyi əsas məqamlardan biri də İran xalqının Pəhləvilər sülaləsinə olan münasibətidir:
“İran xalqı üçün monarxiya dövrü, yumşaq desək, xoş xatirələrlə xatırlanmır. Xüsusilə də gənc nəsil üçün Pəhləvi dövrü repressiyalar, senzura və Qərbə asılılıq simvoludur. Bəzi dairələrdə Şah dövrünə nostalji olsa da, bu, heç vaxt kütləvi xalq dəstəyinə çevrilməyib.”
Ekspertin sözlərinə görə, Rza Pəhləvinin nə ölkə daxilində sabit siyasi hərəkatı, nə də yerli səviyyədə ciddi təşkilatlanmış dayağı var. Onun fəaliyyəti əsasən sosial mediada tanınmaqla məhdudlaşır.
“İran daxilində siyasi palitra çoxşaxəlidir”
Vüqar Zifəroğlu qeyd edir ki, İranın daxili siyasi dinamikası Rza Pəhləvi kimi bir şəxsin vahidləşdirici liderə çevrilməsini mümkünsüz edir:
“İranda təkcə mühafizəkarlarla reformistlər arasında yox, həm də etnik, ideoloji, dini və regional maraqlarla fərqlənən çoxsaylı qruplar arasında mübarizə gedir: kürdlər, türklər, ərəblər, solçular, milli hərəkatçılar və başqaları. Rza Pəhləvi bu palitranı birləşdirə biləcək gücə malik deyil.”
Bununla belə, Vüqar Zifəroğlu istisna etmir ki, İran daxilində rejim böhranı daha da dərinləşərsə və real liderlik boşluğu yaranarsa, Rza Pəhləvinin rolu müəyyən dərəcədə aktuallaşa bilər. Lakin bu da yenə də İran xalqının seçiminə və daxili güc balansına bağlı olacaq.
Musavat.com
18 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ