İnsanlara hürriyət, millətlərə istiqlal!

Paytaxtın əbədi problemi - liftlər faciə mənbəyi kimi...

Bakıda yaşayış binasında lift qırılıb. Hadisə Xətai rayonu Gəncə prospektində qeydə alınıb. Qəza nəticəsində dörd nəfər xəsarət alıb. Onlardan 2-si böyük (1 kişi cinsli, 1 qadın cinsli olmaqla) və 1 uşaq Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 1 uşaq isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Bu fakt paytaxtın “əbədi problemi”ni bir daha gündəmə gətirir. Məlumdur ki, paytaxtda yararsız liftlərin ucbatından zaman-zaman daha ağır faciələr də qeydə alınıb. Aydındır ki, müasir, standartlara cavab verən liftlərdə belə hallar istisnadır.
Bəs Bakı belə qəzalı, müasir tələblərə cavab verməyən avadanlıqlardan nə vaxt xilas olacaq? Problem kimdə, nədədir? Bu il köhnə, standarta uyğun gəlməyən liftlərin neçəsinin təzələnməsi nəzərdə tutulur? Belə bir plan, gözlənti varmı?

Məsələ ilə bağlı Bakı Lift-Təmir İstehsalat Birliyinin mövqeyini öyrənməyə çalışdıq.

Qurumun baş mühəndisi Mehdi Hüseynov bu barədə qeyd edib:

“Qurumumuz yalnız Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan evlərin liftlərə baxır. Çox güman ki, Xətai rayonu Gəncə prospektində qeydə alınan bina korporativdir və sakinlərin hansısa şirkətlə müqavilələri var. Bu zaman ya həmin şirkətə müraciət olunmalı, ya da balanssaxlayıcı binanın sahibi özü hansısa tədbir görməlidir”.

“Bu il köhnə, standarta uyğun gəlməyən liftlərin neçəsinin təzələnməsi nəzərdə tutulur?” sualımıza isə qurum rəsmisi bu cür cavab verdi:

“Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edin”.

Bakı Şəhər İcra Hakimiyyətinin balansında olan “Lifttəmir” İstehsalat Birliyindən sorğumuza cavab olaraq bildirildi:

“Ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ayrılan maliyyə vəsaiti hesabına son bir neçə ildə alman istehsalı olan 1206 ədəd yeni müasir lift Bakıya gətirilib.  Bu liftlər paytaxt Bakı şəhərinin müxtəlif rayonlarında istismar müddəti başa çatmış köhnə liftlərin yerinə quraşdırılıb. 

Alınan liftlərə xidmət göstərilməsi və onları daimi nəzarətdə saxlanılması məqsədi ilə “Lifttəmir” İstehsalat Birliyində Mərkəzi Dispetçer Xidməti Sistemi qurulub. 

Məlumat üçün bildirirık ki, “Lifttəmir” İstehsalat Birliyinin balansında 5400 ədəd lift mövcüddur, istismar vaxtı keçmiş, 25 ildən artıq işləyən liftlər qrafikə uyğun olaraq dəyişdiriləcək.

Gələcəkdə də Bakı şəhərinə yeni liftlərin gətirılməsi və quraşdırılması mərhələli şəkildə həyata keçiriləcək”.

Mövzu ilə bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirdi ki, bütün çoxmənzilli yaşayış binaları, habelə əyləncə mərkəzləri təhlükə potensiallı obyektlər sırasındadır, buna görə də onların istismarı qaydalara uyğun şəkildə aparılmalıdır:

thumb (1).jpg (73 KB)

“Mütləq şəkildə obyektdə, binada liftin istismar təhlükəsizliyinə cavabdeh şəxs olmalıdır. Binanın avadanlıq və qurğularının, detallarının, elektron sisteminin dəyişdirilmə, yenilənməsi, əvəz olunması ixtisaslaşmış və lisenziyalı müəssisələr tərəfindən həyata keçirilməlidir.

Liftlərə vaxtında texniki qulluq göstərilərsə, elektron sistemi qaydasında olarsa, detalları, qurğuları, tros sistemi vaxtında dəyişdirilərsə, yenilənərsə, qəza hallarının sayı sıfıra enər.

Liftdə əsasən bu səbəblərdən problem yaranır – onun istismarına dari normal tələblər pozularsa, yəni quraşdırılma zamanı düzgün montaj həyata keçilməzsə, liftin sonrakı istismarı dövründə istismarı bitmiş avadanlıqların, qurğuların, detalların, tros sistemində yaranmış nasazlıq vaxtında aradan qaldırılmazsa qəza hallarına səbəb ola bilir. Əgər bu cür nasazlıqlar qeydə alınarsa onun istismarı onu istismarı dayandırılmalıdır, yəni istifadəsinə yol vermək olmaz.

Ümumiyyətlərdə binalarda liftdə alternativ enerji olaraq generator olmalıdır. Yəni, qəfildən elektrik kəsilərsə, generatordan istifadə edilə bilsin. Lakin çox təəssüf ki, hazırda bir çox yeni tikili binalarda liftdə generator yoxdur, nəticədə elektrik kəsildikdə insanlar liftin içində qalır. Bu zaman liftin içində yaşlı və yaxud səhhətində müəyyən problemi olan insan olarsa, onun sağlamlığı üçün ciddi təhlükə yarana bilər.

Bir sıra hallarda bina sakinlərinin özləri liftdən istifadədə məsuliyyətsiz davranır, məsələn, göstərilən normadan artıq yükləyir, düymələrini qırır, düymələri eyni vaxtda basır. Bütün bunlar da liftin vaxtından əvvəl istismar müddətinin başa çatmasına səbəb olur. Həmçinin liftin tavanına, döşəməsinə, yan güzgülərinə toxunmaq olmaz. Həmin güzgülərin belə təhlükəsizlik elementləri var. Liftə minəndə mütləq güzgüdə özünü görmək lazımdır. Ola bilər ki, liftin qapısı açıq olsun, amma özü mərtəbəyə gəlməsin, bu zaman şəxs bilmədən liftə minəndə şaxtaya düşə bilər. Bir sözlə, insanların özləri də təhlükəsizlik qaydalarına riayət etməyə maraqlı olmalıdır”.

Xalidə Gəray,
“Yeni Müsavat”

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR