İnsanlara hürriyət, millətlərə istiqlal!

Payızın 17 anı – “17 oktyabr -Füzuli günü”ndən 17 şəkil (Reportaj)

Bakıdan gedən qonaqlar avtobusdan enib Füzuli torpağına qədəm basanda ilk reaksiyaları dərindən, ciyərdolusu nəfəs alaraq, “oxqay” tərzində səslənmələri oldu. Bəziləri Şimali Qafqazın məşhur kurort şəhərlərinin adını çəkdi, müqayisə apardı.

fzi-1.jpg (113 KB)


Doğrudan da havanın xoşluğu, təmizliyi, şəhərin səliqə-sahmanı, görünüşü ilk baxışdan buranın adi yaşayış məntəqəsi yox, sanki sanatoriya olduğunu andırırdı. Ona görə də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Füzuli şəhərinə səfər etmiş, burada hən Füzulinin işğaldan azad olunmasının 4-cü ildönümündə, həm də dahi şairimiz Məhəmməd Füzulinin yubileyinə həs edilmiş “Füzuli-530” tədbirində iştirak edən təşkilatçılar, könüllülər və media nümayəndələri çox məmnun idilər.

17 oktyabrda azd olunan Füzuliyə dair 17 şəkil

fzi-2.jpg (96 KB)

1. Bu yeraltı dayanacağın girişidir. Hər bina üçün biri nəzərdə tutulub. Bütün məhəllələrdə biri var. Tamamlama işləri gedir. Yeni salınan, 0-dan tikilən Füzuli gələcəyin şəhəri olduğu üçün hər şey kimi gələcəkdə avtomobillərin parklanması probleminin də həlli indidən düşünülüb. Söhbət etdiyimiz sakinlər belə xırda detalların nəzərə alınmasından məmnundurlar. Bir əndişə odur ki, kimsə onlara yeraltı dayanacaqların ödənişli olacağını, maşın sahiblərinin ayda 25 manat ödəyəcəyini deyib. Bu, insanlara böyük məbləğ kimi görünür. Bura Bakı deyil, Şəki deyil... Ancaq insanlara 100-150 minlik evləri təmənasız bağışlayan dövlət yəqin ki, avtomobillər üçün belə parkinq haqqı tələb etməz. Olsa da, bu yaxın gələcəyin işi olmaz.

fazi-3.jpg (134 KB)

2. Bunlar Füzulinin işğaldan azad olunmasının 4-cü ildönümünü və “Füzuli-530” tədbirini işıqlandırmağa gələn həmkarlarımın bir qismidir. Bu zəhmətkeş insanlar evlərindən gecə saat 2-də, 3-ün yarısında çıxıblar, 3-də yola düşüblər, bütün gecəni yol gəliblər, səhər o başdan işə başlayıblar, axşam saat 8-də işlərini bitirəcək, bütün gecəni yol gedəcək, evlərinə gecə 2-də çatacaqlar. Tam 1 sutka.

fzi-3.jpg (140 KB)

3. Bu da tədbirdə çalışanlardan biridir. Yorulub. Bir az dincəlmək istəyir. Adamın yadına məşhur misra düşür: “Dincəlmək istəyir o da azacıq”. Amma o, 104 il əvvəlin fəhləsi deyil. Könüllüdür. Könüllülər belə tədbirlərin hazırlanmasında, eçirilməsində həvəslə iştirak edirlər, həm evlərindən, təhsil aldıqları məktəblərdən başqa, digər məkanları da görürlər, həm də təcrübə toplayırlar, özlərini yetişdirirlər. Bu yorulmuş gəncdən başqa bütün günü çalışan, ora-bura qaçan enerjili gənclər də vardı.

fazi-4.jpg (104 KB)

4. Bunlar yuxarıda adları çəkilən tədbirə toplaşan yerli insanlardır. Füzuli şəhərinin mərkəzi parkında qurulmuş səhnədə qəzəlxan şair, Füzulişünas Arif Buzovnalının aparıcılığı ilə keçirilən musiqili-ədəbi kompoziyaya tamaşa edən bu insanlar, xüsusilə də yaşlı nəsil onsuz da muğamat sevən olduqları üçün dahi şairimizim qəzəllərinin oxunduğu muğam parçalarına diqqətlə qulaq asır, öz aralarında danışarkən müğənnilərin əslən Füzulidən olub-olmamasını soruşurdular. Bir sonrakı tədbirdə isə Zamiq Hüseynov oxuyan zaman belə soruşan olmadı. Onun haralı olduğunu hamı bilirdi.

fzi-5.jpg (131 KB)

5. Şəhərdə yaşlı nəsillə yanaşı, gənclər də çoxdur. Onların bir çoxunun işi gücü var – inşaat sektorunda çalışırlar. Füzuli yenidən tikilir, hələ xeyli müddət bu şəhərdə tikinti-quruculuq işləri davam edəcək. Ona görə də bu şəhərə köçmüş gənc füzulilərin bir çoxu şəhərin tikintisində iştirak edirlər.

 fzi-6.jpg (43 KB)

6. Onlardan biri də 39 yaşlı Elçin İbayevdir. Elçinin özünə, qardaşına və valideynlərinə şəhərdə 3 ayrı-ayrı mənzil verilib. Bundan əvvəl o, Bakıda, Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayıb. Elçin qaynaqçı-montajçıdır. Füzulidən çıxanda 5 yaşı olub. Onlar əvvəl Xanlar küçəsində yaşayıblar. O, Füzulidəki evlərinin xarabalığını əvvəlcə Google xəritəsində tapıb, valideynlərinə göstərib, anası ağlaylb. 2020-ci ilin bu günü Füzuli işğaldan azad olunandan sonra isə Elçin Füzuliyə gəlib, əliylə qoymuş kimi sökülüb-dağıdılmış evlərinin salamat qalan bir-iki divarını görüb. Elə o zaman Eıçin özünə söz verib ki, Füzuliyə köçənlərdən biri olacaq. Elə də olub. İndi o, valideynləri və öz ailəsi ilə birlikdə Füzulidə yaşayır, tikintidə işləyir. Ən əsası, daha anası da ağlamır, sevinir ki, nəhayət, öz şəhərinə qayıtdı. Biz Elçinlə bir az danışanda məlum oldu ki, o, yaxın qohumumun dostudur.

fzi-7.jpg (43 KB)

7. Ondan o tərəfdə oturmuş Şamillə isə əməlli-başlı qohum çıxdıq. Şamil mərkəzi parka baxan, tədbirin keçirildiyi yerin 2 addımlığındakı mağazada işləyir. O, uzun müddət Rusiyada, Naberejnıye Çelnı şəhərində yaşayıb. Füzulidən çıxanda 10 yaşı olan Şamil bir də bu şəhərə 42 yaşında qayıdıb. O deyir ki, indiyə qədər gəzdiyi ölkələrin, yaşadığı şəhərlərin içində özünü ən rahat hiss etdiyi yer Füzulidir. “İndi buranın əhalisi çox deyil, cəmi 2 min nəfərdir, 800-dən çox ailə yaşayır. Gələcəkdə adam daha çox olacaq. Təbiəyin içindəyik. Şuşaya tərəf 5 addım gedirsən, dağlar, meşələr, bulaqlardır. Yayda bir az isti olan kimi gedirdik bulaq üstünə. Buranın suyu çox əladır, havasını da görürsünüz. Allah and olsun, elə bilirəm sanatoriyadam. Toz yox, tüstü yox, səs-küy yox. Burda yaşlı adamlar var, Bakıda yaşayıblar, 1 ildir gəliblər. O gün biri deyir ki, Bakıda olanda həftədə 5 dəfə dərman içirdisə, indi 3 dəfəyə endirib”.

fzi-88.jpg (103 KB)

8. Şəhərdə Özbəkistanın maliyyə vəsaiti ilə tikilmiş Uluqbəy adına modern məktəb var və bu uşaqlar o məktəbin şagirdləridir. Paytaxtda olsa, valideynlər övladlarını belə bir məktəbdə oxutmaq üçün qırğına çıxarlar və gerçəkdən hər kəsin həsəd aparacağı məktəbdir. Bundan başqa, uşaqlar Qazaxıstanın tikdirdiyi, Kurmanqazi adına yaradıcılıq evində rəqslə, rəssamlıqla məşğul ola bilərlər. Bu məkan da modern üslubda tikilib. Adam onun içində olanda özünü varlı xarici ölkənin paytaxtındaymış kimi hiss edir.

FZI-9.jpg (116 KB)

9. Bu məktəblilər “Füzuli şəhəri günü”nə qatılıblar, əylənir, bayram edirlər. Çox şəndirlər. Həm də şanslıdırlar. Onlar Füzulinin ağır günlərini, bombardman və işğal altında olan günlərini görməyiblər. Bu zilləti və möhnəti onların ata-babaları, ana-nənələri yaşayıblar. Könül istər ki, bu uşaqların bu cür xoşbəxtliyi daimi olsun, bu məkanlarda bir daha top səsi eşidilməsin - əlbəttə ki, söhbət səhra topundan gedir, məhəllərdə zərblə vurularaq pəncərə şüşəsini cilikləyən futbol topundan yox. Futbol oynayacaq uşaqlar üçün isə meydançalar həm məktəbin, həm də Kurmanqazi yaradılıq evinin həyətində var.

FZI-10.jpg (114 KB)

10. Bu xanım Ülviyyə Bəbirlidir. İctimai təşkilat fəalıdır. Onlar “Ədəbiyyata könül ver” adlı layihə həyata keçirirlər. Onun arxa fonundakı rəfdə kitab və jurnallar var. Ülviyyə xanım da Mədəniyyət Nazirliyinin xətti ilə Füzuliyə gəlib, o, Füzulinin gənc sakinləri arasında kitab oxumağı təbliğ edir. Onun sözlərinə görə, hazırda kitabı təbliğ etmək, uşaqlarda kitab oxumağa həvəs yaratmaq çox vacibdir. Çünki Z nəsli kitabdan qaçaqdır, hamısı telefona meyl edir. Onlardan isə findamental biliklər əldə etmək mümkün deyil, daha çox əyləncə üçün istifadə olunur.

 

FZI-11.jpg (66 KB)

12. Bunlar şəhər təsərrüfatının zəhmətkeş təmizlikçiləridir. Bir neçə min adamın tədbirə toplaşdığı məkanda onlar uşaqların, gənclərin əlindən düşən bir çöpü belə bir dəqiqə ayaq altında qoymurdular, dərhal götürürdülər. Ona görə də tədbir başlayandan bitənə qədər gün ərzində hər yerdə səliqə-sahman hökm sürdü. Söhbətləşdiyimiz şəhər sakinləri deyirlər ki, təkcə bu gün yox, hər gün belədir. Füzuli şəhərində təmizliyə çox ciddi fikir verirlər. İnşallah, belə də gedər və təmizlik, səliqə-sahman “mərəzi” digər şəhərlərə də “sirayət edər”.

FZI-12.jpg (94 KB)

 11. Bu uşaq dulusçuluqla maraqlanır. Yəqin ki, uşaq həvəsidir. Böyüyəndə o dulusçu olmaq istəməyəcək, “Şərikli çörək” filmindəki qırçı Məhəmmədin “mən də qırçı olacam” deyən Vaqifə dediyi söz yada düşür: “Yalan demə, heç kəs qırçı olmaq istəmir”. Əslində indi dulusçuluğa ehtiyac yoxdur, bu sadəcə, dədə-babalarımızın qədim sənətidir, biz ona baxaraq bilirik ki, keçmişdə qab-qacağı belə hazırlayıblar. Bu uşağa isə əllərini gilə, palçığa batırmaqdan eymənmədiyi üçün alqış düşür.

 FZI-EMIN.jpg (39 KB)

13. Səhnədə çıxış edən bu şəxs Ağdam, Füzuli və Xocavənd üzrə səlahiyyətli nümayəndə Emin Hüseynovdur. Biz onunla iki dəfə Ağdamda, şəhər məscidində və Şahbulaqda görüşmüşük. Bu dəfə tədbirə toplaşan adamların və Emin müəllimi müşayiət edən məmurların çoxluğundan ona yaxın düşmək, bir-iki sual verib, cavab almaq imkanımız olmadı. Ancaq bu nümunəvi dövlət məmurunun şəhid anaları ilə qayğıkeşliklə söhbət etməsi, onların problemini səbrlə, yanar ürəklə dinləməsi nəzərlərdən qaçmadı. Emin müəllim onlarla məktəblinin yaxınlaşaraq onunla çəkil çəkdirmək istəklərini də geri çevirmədi. Gerçəkdən də onu Ağdamda, Füzulidə və Xocavənddə çox sevirlər.

FZI-13.jpg (105 KB)

14. Fotokamera qarşısında durub poza verən bu uşağın yaşı 4-5 civarındadır Çiynində bayrağı var, üzünə də bayrağımızın rənglərini həkk etdirib, özü də gördüyünüz kimi, əsgər paltarındadır, müsəlləh əsgərdir. Onu atası belə geyindirib. Uşağa baxanda adamın fikrindən yalnız bu sözlər keçir: “Boyuna, bayrağına qurban, Vətən oğlu”.

FZI-14.jpg (54 KB)

15. Bunlar xarici ölkə vətəndaşlarıdır, deyilənə görə, idmançıdırlar. Bəzilərinin idman kostyumlarının arxasında “Namibia” yazılmışdı. Bilən adamlar dedilər ki, bir az əvvəl Köndələnçay dəryaçasında kanoe yarışması başa çatıb. Onları da oradan götürüb, 4-5 km aralıdakı Füzuliyə gətiriblər. Əsl yarışma isə Mingəçevir dənizində olacaqmış. Qonaqlar Füzulidə gördükləri mənzərəyə maraqla baxır, şəkil çəkdirirdilər. Onları gənclər və idman naziri Fərid Qayıbov müşayiət edirdi. Yaxşı ideyadır. Füzulinin necə tikilib-qurulduğunu, 4 il əvvəlki halından haraya gətirildiyini qoy əcnəbilər də görsünlər və kimin qurucu, kimin vandal olduğunu bilsinlər.

FZI-15.jpg (41 KB)

16. Bu şəkli sırf məzəli olsun deyə çəkmişəm. Necə yəni “Halal print”? Biz “halal dönər” görmüşük, “halal otel”lə rastlaşmışıq, indi çap məhsullarını çap edərkən, kserosurətini çıxarakən halallıq normalarına necə riayət edirlər? Bir yerli sakin buna belə bir izahat verdi ki, bunu işlədənlər halal adamlardır, insanlara o mesajı verirlər ki, onlardan əlavə pul alınmayacaq, xidmətlərini də bahalaşdırmayacaqlar. Təki elə olsun.

 FAZI-17.jpg (88 KB)

17. Bu da mənəm. Ağ lövhəyə ürək həkk edirəm. Adətdənmiş. Bu lövhədə nazirlərin də “ürəyi” var. Onlar da “Mədəniyyətə könül ver” trendinə qoşulublar. Mən yaşıl rəngi seçdim, Lalə adlı qızcığaz isə məndən hansı rəngi seçməsi barədə məsləhət istəyəndə, dedim ki, sən qırmızını seç, qırmızı lalələrin rəngidir. Qoy vətənimin bütün lalələrinin rəngi solmasın.

Xalid Kazımlı, Müsavat.com
Füzuli

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR