Onlayn ictimai-siyasi qəzet
"İrəvan və Aşqabad türkmən qazının İran vasitəsilə Ermənistana çıxarılması üzərində danışıqlar aparır. Paşinyanın müşaviri Artaşes Tumanyan bununla bağlı müəyyən detalları açıqlayıb".
Musavat.com bildirir ki, bu barədə politoloq Zeynal Əmrəliyev qeyd edib.
Politoloq bildirib ki, Türkmənistan qazının Ermənistana svop sxemi üzrə çatdırılması müzakirə edilir, lakin tərəflər qiymət məsələsində razılaşma əldə edə bilmir:
"Ermənistan türkmən qazını hələ 2017-ci ildə - Sarkisyanın hakimiyyəti dövründə almaq istəyirdi. Ancaq bu məsələ İranla tranzit haqqı, ya da qazın qiyməti məsələsinə görə baş tutmayıb.
Paşinyan hakimiyyəti məsələnin qısa müddətdə həlli üçün təmaslarını intensivləşdirir və erməni rəsmilərinin açıqlamalarına görə, İranla tranzit məsələsi artıq həll edilib, indi qiymət məsələsi müzakirə mövzusudur.
Əslində, Paşinyan hökuməti elə Sarkisyanın vaxtilə problem yaşadığı yerdə ilişib. İrana bu cür tranzit sərf etsə də, istədiyi məbləği ala bilmir. Rəsmi Tehran hər dəfə bu məsələ gündəmə gələndə kifayət qədər yüksək məbləğ tələb edir, İrəvan isə bunu ödəmək istəmir. Nikol Paşinyanın isə buna rəğmən anidən "türkmən qazı" sevdasına düşməsi ciddi suallar doğurur.
Gözlənən məsələ belə idi ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlandıqdan sonra İrəvan təbii qazı Bakıdan alsın. Ancaq Ermənistanda bununla bağlı ciddi narazılıq var idi. İrəvanda belə düşünürlər ki, bu, ölkənin Azərbaycandan asılılığını gücləndirəcək. Buna görə Paşinyan Sarkisyanın "komada olan" planını yenidən diriltməyə çalışır. Ancaq istənilən halda Paşinyanın bu istəyinin reallaşmasında ciddi əngəllər var.
Ermənistan hökuməti düşünür ki, İran və Gürcüstan ərazisini tranzit kimi istifadə etməklə Qara dəniz istiqamətindən Avropaya qaz nəql edə bilər. Bu isə prosesdə iştirak edən ölkələrə problem yaradır. Birinci növbədə, İrəvanın təklif etdiyi marşrut xeyli uzundur. İran tranzit ölkə kimi kifayət qədər yüksək məbləğ tələb edir. İkinci bir məsələ İranın bu marşrut üçün nə qədər təhlükəsiz ölkə olmasıdır. Nüvə məsələsinə görə son zamanlar Tehranın Qərb ölkələri ilə münasibətlərinin gərginləşməsini nəzərə alsaq, Avropanın öz enerji təhlükəsizliyində İranın iştirakına icazə verəcəyi inandırıcı deyil".
Politoloqun fikrincə, Ermənistanın niyyəti açıq şəkildə Bakı ilə Aşqabad arasında 2021-ci ildə əldə edilən razılaşmanı pozmaqdır:
"Həmin razılaşmaya əsasən, türkmən qazını Avropaya Azərbaycan nəql etməli idi. Lakin 2024-cü ildə qiymət məsələsində anlaşmazlıq yarandı. Rəsmi Bakının prosesə tez bir zamanda mane olub təşəbbüsü ələ almaq imkanı kifayət qədər yüksəkdir. Nəzərə alaq ki, Azərbaycanın təbii qazı nəql etmək üçün infrastrukturu var. Rəsmi Bakı tez bir zamanda işi başlada bilər. Həmçinin, Azərbaycanın təklif etdiyi marşrut xətti daha təhlükəsiz və etibarlı olduğu üçün Avropa üçün daha cəzbedici görünür.
Daha bir önəmli məqam isə ölkəmizin tranzit xəttində aparıcı rol oynayacaq Gürcüstanın özündə təbii qaz məsələsində hakim mövqeyə malik olmasıdır. Bakı və Tiflis arasında bu məsələ ilə bağlı təmaslar İrəvanın arzusunu ürəyində qoya bilər. Uzun sözün qısası, Paşinyan yenidən ölkəsinə xəyal qırıqlığı yaşatmaq istəyir. Onun da "qaz sevdası"nın sələfi Sarkisyanda olduğu kimi, Qara dənizin qara sularına qərq olacağı gözləniləndir".
Xalidə Gəray
Musavat.com
01 Aprel 2025
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ