Onlayn ictimai-siyasi qəzet
Oktyabrın 29-da Ermənistanda hakim Mülki Müqavilə Partiyasının qurultayında Qarabağ probleminin həlli ilə bağlı yeni konsepsiya təsdiq edilib. “Yeni Müsavat” xatırladır ki, qurultayda çıxış edən parlamentin vitse-spikeri Ruben Rubinyan maraqlı açıqlama verib. Bildirib ki, Türkiyə və Azərbaycanla qeyri-sabit münasibətlər “Ermənistanın təhlükəsizliyinə daimi təhdid mənbəyidir və bu, aradan qaldırılmalıdır”.
Rubinyan əmindir ki, Ermənistanın və “Dağlıq Qarabağ”ın təhlükəsizliyini təmin etməyin yolu regionun bütün ölkələri, ilk növbədə Türkiyə, Azərbaycan, İran və Gürcüstanla birgəyaşayış formulunu hazırlamaqdan keçir. Onun sözlərinə görə, Ermənistan öz qonşuları üçün təhlükə mənbəyi hesab edilməməlidir, onun qonşuları isə Ermənistan üçün təhlükə mənbəyi olmamalıdır. Sitat: “Dağlıq Qarabağ probleminə gəlincə, partiya onun həlli üçün yeni konsepsiya qəbul edir. Əgər əvvəllər Qarabağın statusu onların hüquq və təhlükəsizliyini təmin edən prioritet hesab olunurdusa, indi ermənilərin təhlükəsizliyi və hüquqları prioritet hesab edilir və status bu təminatlar sistemindən çıxarılır”. Sülhün bərqərar olması partiyanın 2026-cı ilə qədər olan dövr üçün 3 prioritetindən biri adlandırılıb.
Partiyanın sədri Nikol Paşinyan isə bütün beynəlxalq ictimaiyyətin Qarabağı Azərbaycanın bir hissəsi hesab etdiyini etiraf edib: “Beynəlxalq ictimaiyyət, istisnasız olaraq bütün dövlətlər Qarabağı Azərbaycanın bir hissəsi hesab edir. Dünyada Qarabağı Azərbaycanın bir hissəsi hesab etməyən ölkə varsa, bunu açıq desinlər, heç kim vəziyyətin fərqli olduğu görüntüsü yaratmasın”. Paşinyanın partiyasının son qurultayında Azərbaycan və Türkiyəyə yönəlik mesajlar təqdir edilə bilər. Amma bunlar, sadəcə, söz olaraq qalmasa. Paşinyan son qurultayında barış mesajı versə də, əməli işə gələndə sülhdən daha çox təxribatçı bəyanatlara rast gəlinir. Avropaya inteqrasiya tərəfdarı olan Mülki Müqavilə Partiyası anlayır ki, Türkiyə və Azərbaycanla düşmənçiliyi davam etdirməklə məqsədlərinə çata bilməyəcəklər. Amma bu məramları yerinə yetirəcəyinə də böyük şübhələr var. Görünür, Paşinyan elə ABŞ və Avropadakı sponsorlarına “sülh tərəfdarı” olduğunu göstərir. Reallıqda isə revanşistlərin çaldığı havaya oynamaqda davam edir.
Elşad Musayev
Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev “Yeni Müsavat”a söylədi ki, Paşinyanın partiyası belə qərar qəbul edir, amma bir yandan da Xankəndidəki qondarma quruma 358 milyon dollar büdcədən vəsait ayırır: “Ona görə ermənilərə və Paşinyana qətiyyən inanmaq olmaz. Bu ölkədə az qala hamı inanır ki, Paşinyan həqiqətən Qarabağdan imtina edib sülh istəyir, amma bir məndə bu fikir yoxdur. İrəvandan yığılıb Xankəndi mitinqinə gətirilən adamlardan da görünürdü ki, Ermənistan bu mövqeyindən çəkilməyib. Qurultayda hansı konsepsiya qəbul edilməsinə baxmayaraq, Paşinyan hakimiyyəti revanşizm əhval-ruhiyyəsindədir”.
Partiya sədrinin fikrincə, Qarabağda antiterror əməliyyatı olmalıdır, Zəngəzur dəhlizi uğrunda müharibə gedəcək, bu məsələlər həll edilməlidir: “Qardaş Türkiyə də dəstəyini davam etdirməlidir. Çünki bizə ayrı seçim qoymurlar. Bu problemlər həllini tapmasa, Paşinyanın qurultayda bir söz, başqa platformada ayrı söz deməsinə şahid olacağıq. Odur ki, istər Soçi görüşü, istər digər verilən açıqlamalar prosesi uzatmağa hesablanmış addımlardır. Ermənistandan xoşluqla razılığa gəlməyi gözləməli deyilik. Onlar yenidən toparlanmağa çalışır, silahlanır, hələ də ümid edirlər ki, yenidən qalib gələ bilərlər. Bu mənada qurultayda səslənən fikirlər qulağa xoş gəlsə də, əməldə başqa hərəkətləri müşahidə edirik. Əgər Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları əsasdırsa, onda niyə büdcədən separatçılara pul ayırırlar? Qarabağın Azərbaycana aid olduğunu qəbul edirlərsə, o zaman sülh sazişi bağlasınlar, Xankəndi və ətrafda olan erməni əhali vətəndaşlığımızı qəbul etsin, onda etnik ermənilərin təhlükəsizliyi və hüquqlarını müzakirə edək. Bütün bunlar baş vermir, danışıqları pozan fikirlər və addımlar görməkdəyik. Qarabağın hamının bizə aid olduğunu etiraf edən tərəf Soçidə deməz ki, Azərbaycan qoşunları Qarabağda rusların olduğu zonadan çıxarılmalıdır. O baxımdan Paşinyana inanmıram”.
Asif Nərimanlı
Siyasi şərhçi Asif Nərimanlı bunun davamı olaraq bildirir ki, Soçi bəyanatında Qarabağ və “status”a dair heç bir ifadənin yer almaması ilə Bakı bunun daxili məsələsi olduğunu bir daha qəbul etdirir: “Bu, xüsusilə Xankəndidəki mitinq və separatçıların gözləntiləri fonunda daha çox əhəmiyyət qazanır. Görüşdən öncə Paşinyanın Azərbaycanın qəbul etmədiyi "15 bəndlik rus planı"nı masaya gətirmək cəhdlərinin qarşısını alır, beləliklə, sülh müqaviləsi ilə bağlı özünün təqdim etdiyi 5 bəndlik prinsipin fundamentallığını qoruyur. Üçtərəfli razılaşmaların icrası məsələsini bir daha aktuallaşdırır: bu, erməni qoşunlarının Azərbaycan ərazisindən tam çıxarılması, o cümlədən Naxçıvana “maneəsiz keçid”in (Zəngəzur dəhlizi) verilməsi öhdəliyinin yerinə yetirilməsinin arxa plana keçmədiyi deməkdir".
Qeyd edək ki, Mülki Müqavilə Partiyası ilk dəfə 2013-cü ilin yanvarında o zaman müxalifət blokundan olan deputat Nikol Paşinyan “Haykakan Jamanak” qəzetində yeni ictimai-siyasi birliyin yaradılması ilə bağlı layihə dərc etdirdikdən sonra məlum olub. Bundan sonra bir neçə ay ərzində müxtəlif platformalarda Ermənistanın ictimai-siyasi həyatında fəal iştirak edən müxtəlif təşkilatların və şəxslərin iştirakı ilə Mülki Müqavilənin yaradılmasına dair mətn müzakirə olundu. Həmin ilin iyulunda Ermənistanda Mülki Müqavilənin yenilənmiş yeni variantı dərc edilib və yeni siyasi birlik yaradılıb. 2017-ci il parlament seçkilərində Vətəndaş Müqaviləsi, Parlaq Ermənistan və Respublika partiyaları bloku parlamentdə 9 yer qazanıb, üzvlər “Yelk” (Çıxış) fraksiyasını yaradıblar. 2021-ci ilin parlament seçkilərindən sonra Mülki Müqavilə Ermənistan Milli Assambleyasında yerlərin böyük əksəriyyətini saxlaya bildi. Bu ilin fevralında Mülki Müqavilə Partiyası müxalifət partiyalarının Şuşa Bəyannaməsinin əleyhinə hazırladığı bəyanat layihəsinə qoşulmaqdan imtina etmişdi.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
05 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ