İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın odla oyunu: Ermənistanın eyni vaxtda İran, Rusiya və ABŞ-la müttəfiqlik arzusu...

“Biz tərəfdaşlarımıza yaxın olmağa, onları dəstəkləməyə və son nəticədə İranın regionda və ola bilsin, ondan kənarda pozucu fəaliyyətinə qarşı durmağa çalışacağıq”.

Bunu keçən həftəsonu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi ənənəvi brifinqdə deyib.

Belə ki, jurnalistlərdən birinin İranın Azərbaycana qarşı artan kəskin ritorikası ilə əlaqədar ABŞ-ın mövqeyi ilə bağlı sualına Prays belə cavab verib: “Biz İranın region üçün təhlükə olduğunu açıq şəkildə bildirdik. Biz tərəfdaşlarımıza yaxın olmağa, onları dəstəkləməyə və son nəticədə İranın regionda və ola bilsin, ondan kənarda sabitliyi pozan fəaliyyətinə qarşı durmağa davam edəcəyik”.

Yəni fars rejiminin Azərbaycana təhdidləri ilə bağlı ABŞ-ın mövqeyi birmənalıdır. Ancaq maraqlıdır ki, Amerika belə sərt mövqedə ikən Ermənistan İranla sıx hərbi əməkdaşlığa, hətta hərbi ittifaq qurmağa hazırlaşır. O sırada İrandan Ukraynanın mülki infrastrukturunu dağıdan kamikadze-dronları almaq istəyir?

“Demokratik”, “qərbçi” Paşinyan hökumətinin bu riyakar siyasətinə ABŞ-ın hansısa reaksiyası, nəhayət, olacaqmı?

Bu da faktdır ki, Ermənistan Rusiya ilə də hərbi müttəfiqliyini davam etdirir. Həmçinin Fransadan, ABŞ-dan silah almağı hədəfləyib. Bu necə ola bilir? İrəvanın eyni vaxtda İran, Rusiya və ABŞ-ın dostu, hərbi müttəfiqi olması mümkünmü?

Azər Badamov: Qeyri-neft sənayesinin sürətli inkişafı ölkə iqtisadiyyatının  dünyadakı mənfi tendensiyalardan qorunmasına imkan verir - AZƏRTAC

Azər Badamov: “Paşinyan Qərbin istəklərini doğrultmayıb”

Deputat Azər Badamov Ermənistanın kənar qüvvələr tərəfindən, sadəcə, qızışdırıldığını düşünür: “Ermənistanın eyni vaxtda İranın,  Rusiyanın və  ABŞ-ın müttəfiqi olmaq istəyi, sadəcə,  arzudur. Arzu etmək heç də müttəfiqlik deyil. Qərbin Paşinyanı hakimiyyətə gətirməsində öz planları var. Hələ ki Paşinyan Qərbin istəklərini doğrultmayıb. Bu gün Paşinyan bir əldə üç qarpız tutmaq istəyir və ona görə də  axırda heç nəsiz qalacaq. Ermənistanın özünə dayaq axtardığı üç ölkə arasında kəskin ziddiyyətlər və fikir ayrılıqları var. ABŞ-ın İran və Rusiya ilə əlaqələri özünün heç də yaxşı dövrünü yaşamır.  ABŞ İranı region üçün təhlükə kimi görür. Həm İrandakı molla rejimini qəbul etmir, həm də Rusiyaya PUA-lar verməsi ABŞ-ı bərk qəzəbləndirir. Hətta Azərbaycan sərhədində hərbi təlimlər keçirməsinə görə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın  "Biz İranın region üçün təhlükə olduğunu açıq şəkildə bildirdik. Biz tərəfdaşlarımıza yaxın olmağa, onları dəstəkləməyə və son nəticədə İranın regionda və ola bilsin, ondan kənarda sabitliyi pozan fəaliyyətinə qarşı durmağa davam edəcəyik" deməsi ABŞ-ın İrana qarşı münasibətinin açıq ifadəsidir.  İranın Ermənistana silah verməsini də ABŞ  yaxşı qarşılamır. 

Ermənistanın İrana və Rusiyaya yaxınlaşması da ABŞ-ın xoşuna gəlmir. Ona görə də ola bilsin ki, ABŞ Ermənistana barmaq silkələsin. Bu gün Ermənistanı ortaya atılmış futbol topu kimi hərə bir tərəfə təpikləyir və digərinə vermək istəmir.  Yəni bu, Ermənistana olan sevgidən irəli gəlmir. Sadəcə, bu, Qafqaz regionunda yerləşmək marağı üzərində Qərblə Rusiya arasında mübarizədən irəli gəlib. Ermənistan isə sahibsiz bir məkan olduğundan savaş da bu əraziyə sahib olmaq üzündəndir. Təəssüf ki, Ermənistan rəhbərliyi bunları anlamır. Ermənistana onun dayaqlarının verə biləcəyi heç nə yoxdur.  Onlar, sadəcə, kənarda dayanıb qızışdarmaqla məşğuldurlar. Ermənistan kənardan banlayanların dəstəyini görəndə yenidən silahlanmaq və müharibə etmək niyyətinə düşür. Amma bilmir ki, yenidən müharibəyə cəhd olarsa, Azərbaycanın Silahlı Qüvvələri heç nəyə baxmayacaq və  bu dəfə Ermənistanı yerlə yeksan edəcək.  Buna ordumuzun kifayət qədər güclü imkanları var. Nə qədər ki, gec deyil, Ermənistanın başbilənləri dayaqları kənarda axtarmadan, sadəcə, Azərbaycanla razılaşmalı və əməkdaşlığa keçməlidir. Təbii ki, bunun alternativi yoxdur".

Bəhruz Məhərrəmov: Azərbaycan beynəlxalq təsisatları ikili standartlardan  geri çəkilməyə vadar etdi - AZƏRTAC

Bəhruz Məhərrəmov: “Azərbaycan bütün mümkün ssenarilərə hazırdır”

Milli Məclisin daha bir üzvü Bəhruz Məhərrəmovun sözlərinə görə, bu gedişlə Ermənistan ya nüfuz dairələrinə bölünəcək, ya da müstəqilliyini itirəcək: “Böyük güclərin postsovet məkanı, o cümlədən Cənubi Qafqaz regionuna münasibəti tarix boyu ikili standartlarla müşahidə edilib. Ukraynaya münasibətdə ərazi bütövlüyü prinsipini qətiyyətlə müdafiə edən bu güclər Azərbaycanın beynəlxalq səviyyədə təsbit edilmiş ərazilərinin 30 illik işğal dönəmində susmağa, yaxud yayınmağa üstünlük verdi. Yaxud İranla əməkdaşlığa görə sərt sanksiyalar müəyyən edən Qərb İran-Ermənistan hərbi-siyasi iqtisadi bloklaşmasını görməzdən gəlir. Hətta Ukraynada dron qalmaqalının pik çağında Tehran-İrəvan əməkdaşlığı və qarşılıqlı səfərlər belə kimdəsə sual doğurmadı. Eyni zamanda da Rusiyaya münasibətdə. Qərb Ermənistanın Avropaya "inteqrasiya"sı fonunda bu ölkənin Rusiyanın forpostu olması, sərhədlərinin belə Rusiya Federal Təhlükəsizlik qüvvələrinin qorumasını, Rusiyanın Cənubi Qafqazda yeganə bazasının Ermənistanda olmasını, İrəvanın nəqliyyat və enerji sisteminin rəsmən Rusiyanın mülkiyyətində olmasını görmək istəmir. Hətta Avropa müşahidə missiyasının Ermənistanda varlığı şəraitində Paşinyan onun səlahiyyətlərinə aid olmasa da belə, Rusiya sülhməramlılarının bölgədə qalma müddətinin uzadılmasına çağırış etdi və biz Qərbin buna hər hansı formada açıq reaksiyasını görmədik.

Eyni zamanda Qərbin hətta diplomatik-siyasi missiyalarını belə Qafqazda görməyi arzu etməyən Moskva özü İrəvanda Avropa İttifaqı, daha dəqiqi, Fransa missiyasının varlığına təmkinlə yanaşır. Bu, təbii ki, ikili yanaşmadır, amma heç də İrəvan üçün konseptual mənada uzun vədədə müsbət nəsə vəd edə bilməz. İlk olaraq başa düşməliyik ki, Qərbin və Rusiyanın səbrli davranışının səbəbləri var. Unutmamalıyıq ki, Ermənistan Qərb və Rusiyaya vədləri, açılımları sayəsində hər iki qütbün Cənubi Qafqazda təsir altına ala biləcəkləri yeganə beynəlxalq subyektdir. Aydındır ki, Gürcüstan artıq öz yolunu seçib. Prezident İlham Əliyev isə siyasi və istiqadi müstəqillik, hərbi güc və ciddi müttəfiqliklər sayəsində Azərbaycanı heç kimin iradəsinə tabe olmayan müstəqil söz sahibinə çevirib. Azərbaycana dost, yaxud qeyri-dost münasibətdən asılı olmayaraq hər kəs bizimlə bərabərhüquqlu tərəfdaş kimi davranmağa məcburdur. Ermənistan isə iradəsiz, müstəqil mövqeyi olmayan subyekt kimi tam əksinə.

Bu mənada Paşinyanın iki qütb arasında incə gediş hesab etdiyi oyunu əslində ovunu tutmağa məqam gözləyən yırtıcılar arasında ovun ədalı yerişindən başqa bir şey deyil. Paşinyanın bu axmaq taktikası sonucda ya Ermənistanın nüfuz dairələrinə bölünməsi, ya da defakto itirdiyi müstəqilliyini de-yure də itirməsinə səbəb olacaq. Bir sözlə, mövcud vəziyyət yaxın gələcəkdə Ermənistanı Qərb və Rusiyanın açıq qarşıdurma platformasına çevirəcək.

Yəni biz Ermənistanı gözümüzdə o qədər böyütməməliyik ki, İrəvan istədiyini edir, Qərb isə susur.  Ermənistan və onun müdafiəçiləri nələrə qadirdir, biz 44 günlük savaşda gördük, cənab İlham Əliyevin də noyabrın 8-də, Şuşadakı tarixi bəyanatında dediyi kimi, bu gün həm ordumuz, həm də iqtisadi-siyasi imkanlarımız daha da güclənib. Dövlət başçısı həmçinin bu ilin əvvəlində yerli televiziyalara müsahibəsində də dediyi kimi, nə olacağını konkret proqnozlaşdırmaq çətin olsa da Azərbaycan bütün mümkün ssenarilərə hazırdır".

Əziz Əlibəyli: Tibbi maska istehsalı həm koronavirusla mübarizəyə mühüm  töhfədir, həm də Azərbaycanın bu sahədə asılılığını

Əziz Əlibəyli: “Moskva əldə etdiyi ilk fürsətdəcə çox ciddi şəkildə zərbələr endirəcək”

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli söz konusu Azərbaycan olanda bir sıra dövlətlərin mövqelərinin üst-üstə düşdüyünü qeyd etdi: “Çox təəssüflər olsun ki, Azərbaycan məsələsi gündəmə gələndə Birləşmiş Ştatların, Rusiyanın və İranın mövqeləri üst-üstə düşür. Bunlar Azərbaycan məsələsində dərhal birləşə bilirlər. Yəni bir növ bu proseslər Tehran konfransının abı-havasını xatırladır. 1943-cü ildə baş verənlər indi haradasa üst-üstə düşməkdədir. Maraqlıdır ki, Ermənistan əslində İrandan dronlar almadı. Bir növ Qərb müttəfiqlərindən çəkindi. Bunu belə başa düşmək olar. Amma bütövlükdə Ermənistanın siması bizə bəlli deyil. Dünya siyasətində də bəlli deyil. Biz konkret olaraq, kimlərlə danışıqlar apardığımızı da dəqiq bilmirik. Psixoloji pozğunluq erməni xalqına xas olan bir xəstəlikdir. Paşinyan bu mənada unikal dərəcədə özünün bətnində bir neçə şəxsiyyəti gəzdirmək bacarığındadır. Onlara da şəxsiyyət demək mümkündürsə. Ermənistanın dövlət olaraq, İranla yaxın münasibətləri var. Erməni dövlətinin büdcəsini ianələr formalaşdırır. Məsələn, diaspora. Bu diaspora da ABŞ-da güclüdür. Onu nəzarətdə saxlaya bilirlər. Bu məsələ də Paşinyan hökumətinin hər zaman xilaskarıdır. Rusiya tərəfindən də ölkədəki erməni lobbiləri idarə olunur. Fransada da həmçinin. Bu baxımdan da İrəvan Amerika, Rusiya, İran kimi ölkələrin  müttəfiqi ola bilir. Bir balaca Rusiya məsələsində problem var. Bu isə müttəfiqlik deyil, başqa qucaqda oturub xəyanət etmək deməkdir. Rusiya bu məsələdə nə dərəcədə Ermənistanı əfv edəcək? Düşünürəm ki, Moskva əldə etdiyi ilk fürsətdəcə çox ciddi şəkildə zərbələr endirəcək. Biz bu məsələnin yaxın zamanlarda reallaşa biləcəyini gözləyə bilərik. Sadəcə, indi gözlər Ukraynadakı savaşdadır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR